Putin Baydenə cavab verdi

Putin Baydenə cavab verdi

18-03-2021 18:12 / Bu xəbər 1756 dəfə oxundu

"Biz Baydenlə həqiqətən, onun dediyi kimi şəxsən tanışıq. Mən ona nə cavab verə bilərəm? Ona sağlamlıq arzulayıram. Bunu ironiyasız və zarafatsız deyirəm”.

Bu sözləri Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenin onun haqda söylədiklərinə münasibət bildirərkən deyib.

"Hər xalqın, hər dövlətin tarixində ağır, dramatik və qanlı hadisələr olub. Amma biz digər insanları və ya digər xalqları, dövlətləri qiymətləndirdiyimiz zaman həmişə elə bil güzgüyə baxırıq. Biz orda daim özümüzü görürük. Ona görə ki, hər zaman özümüz necəyiksə, digər insanın da elə olduğunu deyirik. Bilirsiniz, uşaq olanda, həyətdə oynayan zaman belə deyirdik: "Kim nə deyirsə, onun özüdür”. Bu təsadüfi uşaq məsəli və ya zarafatı deyildi. Bunun çox dərin psixoloji mənası var. Biz həmişə digər adamda öz şəxsi keyfiyyətlərimizi görürük və düşünürük ki, o adam da bizim kimidir. Bundan çıxış edərək də onun fəaliyyətini qiymətləndiririk”, - deyə Rusiya prezidenti qeyd edib.

Martın 18-də rəsmi Kreml də Co Baydenin Putin haqqında dediklərinə münasibət bildirib. 

Kremlin sözçüsü Dmitri Peskov Baydenin ifadələrini "çox pis” və "presedentsiz" adlandırıb. 

"Birləşmiş Ştatlar prezidentinin bu bəyanatları çox pisdir. Aydın görünür ki, o, ölkəmizlə münasibətləri yoluna qoymaq istəmir, biz də bundan çıxış edəcəyik”, – deyə Peskov vurğulayıb. 

Co Bayden martın 17-də "ABC News” telekanalına müsahibəsində jurnalistin "Rusiya prezidentini qatil hesab edirsinizmi" sualına Bayden "bəli” cavabını verib. 

O, Putini qəlbsiz adlandırıb və bəyan edib ki, Rusiya Birləşmiş Ştatlarda prezident seçkisinə etdiyi müdaxiləyə görə cavab verəcək.