"Putin Əliyevin birgəyaşayış planını prinsip olaraq qəbul edir" - Fikrət Cəfərli

20-11-2020 00:50 / Bu xəbər 1449 dəfə oxundu

"Vladimir Putinin Dağlıq Qarabağın gələcək statusu barədə son dumanlı açıqlamasından belə anlaşılır ki, o da konfliktin Azərbaycan Prezidenti İlham Əliyevin təklif etdiyi birgəyaşayış həll planını prinsip olaraq qəbul edir. Amma və lakin birgəyaşayış həll planının realizə olunması üçün ən mühüm şərt - Xankəndinin kim tərəfindən idarə olunması yenə də açıq qalır".

Bunu siyasi şərhçi Fikrət Cəfərli arqument.az-a açqlamasında deyib.

O bildirib ki, əgər Xankəndində Azərbaycan qanunları işləməyəcəksə, demək, nə ərazi bütövlüyümüz tam təmin olunacaq, nə də ki Azərbaycan-Ermənistan sərhəd keçid məntəqəsini sərhəd xidmətimiz qoruyacaq: "Bunlar bir-birinə bağlı məsələlərdir. Lakin bütün bunlar bəzilərinin dediyi kimi heç də o anlama gəlməməlidir ki, yenə köhnə status-kvo və 1992-ci illərə qayıtdıq və.s. Bir mənalı olaraq bu fikir obyektiv yanaşma deyil".

"Əvvəla, Azərbaycan Dağlıq Qarabağı coğrafi ərazi olaraq parçalandı və ən mühüm hissəsini Şuşa şəhəri və digər ərazilərini işğaldan azad etməklə konflikt zonasından, müzakirə masasından kənarlaşdırdı. Azərbaycan müharibənin yaratdığı real mənzərədən məharətlə yararlanaraq uzun müddət Qafqaz uğrunda mübarizə aparan təbii müttəfiqi Türkiyə ordusunun həm Qarabağa-Qafqaza gəlişini təmin etdi,həm də Naxçıvan-Bakı dəhlizinin açılmasına nail oldu", - o deyib. 

Onun sözlərinə görə, Ermənistanı son anda tam kaputilyasiyadan qurtarmaq üçün Rusiya kompromisə getməyə məcbur olaraq, regionda yeni geosiyasi vəziyyətin yaranmasına aqresiv təpki göstərə bilməyib: "Təbii, könül istərdi ki, biz müharibəni Rusiya ordusu Qarabağa girmədən həll edək, amma alınmadı. Bəzən zorən qəbul etmədiyin reallıqlarla da barışmaq zorunda qalırsan. Qalır Azərbaycan 2020-ci il Vətən müharibəsində məğlub etdiyi Ermənistanın məğlubiyyətini rəsmən masa üzərinə daşımaq".

"Bunun üçün rəsmi Bakı indiki məqamda çox çalışmalıdır ki, bərpa olunacaq diplomatik masada uzun müddət müzakirə mövzüsu olmuş faktiki olaraq qüvvədən düşmüş səmərəsiz danışıqların yenidən müzakirə mövzusuna çevrilməsin və birgəyaşayışın həll planına necə nail olmaq məsələsi müzakirələrin əsas mövzusu olsun. Hesab edirəm ki, biz buna nail ola bilsək, 7-8 ilə Qarabağ problemini bir dəfəlik həll edə bilərik", - siyasi şərhçi qeyd edib.