Putin: “Müharibəyə kənar müdaxilə olsa, cavabımız ildırım sürətli olacaq”

Putin: “Müharibəyə kənar müdaxilə olsa, cavabımız ildırım sürətli olacaq”

28-04-2022 13:07 / Bu xəbər 2908 dəfə oxundu

Rusiya Prezidenti: "Qərb Rusiyanı müxtəlif hissələrə bölmək istəyir”

"Ukraynadakı vəziyyətə hər hansı müdaxilənin cavabı ildırım sürətilə gələcək”.

Vladimir Putin dünya ölkələrinin Ukraynaya dəstək verəcəyi halda, Rusiyanın cavabının da gecikməyəcəyilə bağlı xəbərdarlıq edib.

"Reuters” yazır ki, o, bu xəbərdarlığı ABŞ Prezidenti Co Baydenin Ukraynanın "Rusiyanın amansız müharibəsinə” qarşı mübarizəsini dəstəkləmək üçün çıxış etməyə hazırlaşdığı bir dönəmdə edib.

Həftənin əvvəlində ABŞ Dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin Ukraynaya səfər zamanı bu ölkəyə 700 milyon dollardan artıq birbaşa və dolayısı ilə hərbi yardım edəcəklərini vəd edib.

Müdafiə naziri Lloyd Ostin deyib ki, Ukraynaya qabaqcıl silahlar da daxil olmaqla əlavə hərbi yardım göstərəcəklər. Eyni zamanda, ABŞ nümayəndələri Kiyevə qayıdacaqlar.

Rusiya isə ABŞ-dan Ukraynaya silah göndərilməsini dayandırmağı tələb edib.

O bildirib ki, Qərbin böyük silah tədarükü nəinki münaqişənin həllinə dəstəkdir, əksinə vəziyyəti daha da qızışdırır.

Aprelin 27-də Rusiyanın Sankt-Peterburq şəhərində millət vəkilləri qarşısında çıxış edən Putin deyib ki, Qərb Rusiyanı müxtəlif hissələrə bölmək istəyir:

"Qərb Ukraynanı Rusiya ilə münaqişəyə sövq edir. Əgər kimsə baş verən hadisələrə kənardan müdaxilə etmək və Rusiya üçün qəbuledilməz olan strateji təhdidlər yaratmaq niyyətindədirsə, bilməlidir ki, bizim cavab zərbələrimiz ildırım sürətli olacaq”, – deyə Putin bildirib.

Prezident əlavə edib ki, cavab üçün onlarda bütün vasitələr var:

"Biz bu vasitələrlə öyünməyəcəyik, lazım gələrsə, onlardan istifadə edəcəyik. Mən hamının bunu bilməsini istəyirəm”.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fevralın 24-də başlayıb. Bu zaman ərzində Ukraynanın qəsəbə və şəhərləri xarabalığa çevirib.

Martın 28-də Ukrayna hökuməti açıqlama verərək fevralın 24-dən bu yana ölkəyə 430 milyard funt sterlinqdən çox zərər dəydiyini bildirib.

Ukraynanın iqtisadiyyat naziri və Baş nazirin müavini Yuliya Sviridenko müharibənin Ukrayna iqtisadiyyatı, ticarətindən əlavə, təkcə infrastruktura dəymiş ziyanın 119 milyard dollar olduğunu bildirib:

"Rəqəmlər hər gün artır və Ukrayna bütün maneələrə baxmayaraq, təcavüzkardan təzminat tələb edəcək”.

Ekspertlər bildirirlər ki, zərərin məbləği müharibənin növbəti 1 ay uzanması ilə 1 trilyon dolların üzərinə qalxa bilər. Deyilən vaxtdan 1 ay keçib və müharibə bitməyib.

Fevraldan bu yana 5 milyondan çox ukraynalı xaricə qaçmağa məcbur olub.

BMT-nin Qaçqın Agentliyinin (UNCHR) yaydığı məlumatda bildirilir ki, bu, İkinci Dünya müharibəsindən sonra, bu, Avropada yaşanan ən böyük qaçqın axınıdır.

UNCHR-in aprelin 20-də yaydığı məlumatda deyilir ki, ölkəsindən köç edən 5 milyon 34 mindən çox ukraynalının 90 faizi qadınlar və uşaqlardır.

Ölkəni daha çox qadın və uşaqların tərk etməsinin səbəbi Kiyev hakimiyyətinin hərbi xidmət yaşında kişilərin ölkədən çıxmasına qadağa qoymasıdır.

Qərb ölkələri Ukraynanın müharibə ilə mübarizə aparması üçün Rusiyaya sanksiyalar və silahlarla cavab verib.

Rusiya isə müdaxiləsinə Ukraynanı tərksilah etmək və onu faşistlərdən qorumaq üçün "xüsusi əməliyyat” adı verib.

Ukrayna və Qərb də öz növbəsində Rusiyanın bu həmləsini Putinin əsassız işğalçı müharibəsi üçün "saxta bəhanə” adlandırıb.

Ağ Ev açıqlamasında bildirib ki, ABŞ Prezidenti Co Bayden aprelin 28-də "Rusiyanın amansız müharibəsinə qarşı öz ölkələrini və azadlıqlarını müdafiə edən ukraynalıları dəstəkləyən çıxışlar edəcək”.

Digər tərəfdən, Rusiya Ukraynanın şərqində və cənubunda hərbi hücumunu davam etdirərkən, Qərblə iqtisadi mübarizə aparır. Avropanı qaz tədarükü ilə təhdid edir.

Ukrayna Bolqarıstan və Polşaya qaz tədarükünü rublla ödəmədiyi üçün dayandırıb.

"Avropada hər kəs ticarətdə Rusiyadan asılı ola bilməyəcəyini nə qədər tez başa düşsə, Avropa bazarlarında sabitliyə bir o qədər tez zəmanət vermək mümkün olacaq”, – Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 27-də verdiyi açıqlamasında belə deyib.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsindən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları məhv etməkdə ittiham edib.