Putin Ukraynadan niyə qorxur? - Boris Conson açıqladı
20-03-2022 00:18 / Bu xəbər 2523 dəfə oxundu
"Əlbəttə, Putin Ukraynanın üfüqdə görünən gələcəkdə NATO üzvü olacağına inanmırdı. O, çox yaxşı bilirdi ki, Ukrayna torpağında heç bir döyüş başlıqları yerləşdirilməyəcək. Rus xalqının tarixi barədə yazdığı, Nostradamusla rus vikipediyası arasında orta bir şey olan cəfəngiyyata da inanmırdı".
Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə münasibət bildirərkən belə deyib.
O hesab edir ki, Putini qorxudan Ukraynanın NATO-ya üzvlüyü deyil, bu ölkədəki demokratik dəyərlərdir: "Düşünürəm ki, məsələ bu, deyil. Düşünürəm ki, o, Ukraynadan tamamilə başqa səbəbə görə qorxur. Ukraynada azad mətbuat olduğuna görə qorxur. Ukraynada azad seçkilər var. Ukrayna öz xətaları ilə də olsa, ilbəil azadlığa, demokratiyaya və açıq bazarlara yaxınlaşdıqca Putin "Ukrayna nümunəsi"ndən getdikcə daha çox qorxur".
"O, bunun özü ilə də bağlı baş verəcəyindən qorxur, çünki Putin Rusiyasında təcavüzü "təcavüz" adlandırdığına görə səni 15 ilə həbsə salırlar. Əgər Putinlə seçkilərdə yarışmaq istəsən, səni ya zəhərləyəcəklər, ya da güllələyəcəklər", - deyə Boris Conson qeyd edib.
Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Tərcümə: Yadigar Sadıqlı