Putinin Qarabağla bağlı "A" və "B" planı

Putinin Qarabağla bağlı

17-12-2020 23:09 / Bu xəbər 1169 dəfə oxundu

Nizami Bağırov
Politoloq

Sülhməramlılara yol açan "Sumqayıt hekayəsi"

Son 3 ay ərzində Putin 3 dəfə (2 dəfə İkinci Qarabağ Müharibəsi zamanı və bu gün – illik mətbuat konfransında) Sumqayıt hadisələrinə toxundu və məhz həmin hadisələri Qarabağ münaqişəsinin səbəbi kimi göstərdi. 

O, daha irəli gedərək Qarabağ ermənilərin əlinə silah almasını məcburi xarakter daşıdığına eyham vurdu: "Onlar silah götürməklə öz həyat və ləyaqətini qorudular", - elə beləcə də dedi. 

Bir sözlə, Rusiya rəhbəri erməni xalqının Azərbaycan ərazisində yaşamasının təhlükəli olduğuna işarə etdi. İndi belə bir ritorik sual ortaya çıxa bilər: nə oldu ki, birdən-birə Sumqayıt hadisələri yada düşdü?

27 sentyabrdan başlayaraq, başda Paşinyan olmaqla erməni rəsmiləri (ümumiyyətlə, dünyanın bütün erməniləri) Qarabağda yaşayan ermənilərin ekzistensial təhlükə ilə üz-üzə qaldığını və Azərbaycan tərəfindən Suriyadan gələn terroristlərin döyüşdüyünü bar-bar bağırırdılar. 

Onların istəyi aydın idi: ən pis halda beynəlxalq aləmdən Azərbaycana təzyiq və döyüşlərin dayandırılmasına, ən yaxşı halda isə Dağlıq Qarabağın tanınması üçün prosesin başlanılmasına nail olmaq.

Bir müddət keçdikdən sonra isə Rusiyadan da ermənilərin səsinə səs verdilər, müəyyən Qərb dövlətləri və dairələri də "züy” tutdular. Ayrı-ayrı rəsmilər Qarabağda muzdluların döyüşdüyünə dair sübutların olmasını bəyan etdilər. Lakin heç bir sübut və fakt ortaya qoyulmadı.

Putin isə öz növbəsində ilk dəfə Qarabağ münaqişəsinin səbəbi kimi "Sumqayıt hadisələri"ni göstərdi. Maribə dövründə bunu özü də 2 dəfə səsləndirmişdi. Maraqlısı odur ki, Putin özünün 20 illik hakimiyyəti dövründə bununla bağlı (münaqişənin başlama səbəbləri) fikir bildirməyib və bizim cəmiyyət üçün belə mövqe, əlbəttə ki, gözlənilməz oldu. Çünki biz münaqişənin başlama səbəbi kimi ermənilərin ərazi iddialarını və 1987-ci ildən Ermənistan SSR-də etnik təmizləməni əsas göstəririk.

O zaman nə baş verdi ki, Putin münaqişənin kökünə kimi gedib çıxdı? 

Anlaşılan odur ki, bizim döyüş yolumuz Paşinyanın imzasına qədər idi (rusların "A” planı) və müharibə zamanı Kreml öz "qırmızı” xəttini də rəsmi Bakıya bildirib. Həmin "qırmızı” xətt isə Xankəndi və onun ətrafından keçir. Rusiya üçün maraqlı deyil onun "sülhməramlıları” 1000 kv.m ərazidə olacaq və ya 5.000 kv.m olacaq. 

Əsas odur ki, olacaq və keçmiş DQMV-nin paytaxtı Stepanakertdə olacaq, üstəlik Laçın dəhlizi. 

"Muzdlular” mövzusu (artıq belə mövzular aktual deyil) və yenidən "Sumqayıt” hadisələrinin dilə gətirilməsi Moskvanın "B” planının həyata keçirilməsi üçün hüquqi zəmin yaratmaq idi. Moskva ehtimal edirdi ki, birdən Azərbaycan Ordusu Şuşanın azadetmə eyforiyasından çıxmadan Xankəndiyə "göz” diksə və Paşinyan heç bir halda "sənədə” imza atmasa, nə baş verər? 

Bu halda artıq Rusiyanın zəmin yaratdığı "B" planı işə düşür. Kreml istənilən halda "beynəlxalq terrorçuluqla mübarizə” və bir daha "Sumqayıt hadisələri"nin təkrar olmaması üçün erməni xalqını "ekzistensial təhlükədən qoruma” adı ilə regiona hərbi kontingent yeridir. 

Göründüyü kimi, Ruisyanın belə hərəkətinə müəyyən istisnalarla Qərb dünyası da "əl çalmaq"la dəstək verəcəkdi.  

Rus "sülhməramlıların” Qarabağda yerləşdirilməsindən sonra da Putinin dilindən yenidən "Sumqayıt hadisələri"nin səsləndirilməsi o anlama gəlir ki, Qarabağda yaşayan erməni əhalisinin nə vaxta qədər təhlükədə olub-olmamasını Rusiya özü müəyyən edəcək və buna uyğun hərəkət edəcək.

Bir sözlə, indi Ermənistan yoxdur, heç qondarma Dağlıq Qarabağ da yoxdur, İlham Əliyevin sözləri ilə desək, "gorbagor" olublar, amma indi başqa "ekzistensial təhlükə" var: sülhməramlı Rusiya...