Putinin təbliğat maşını xaricdə necə işləyir? – ABC kanalı

Putinin təbliğat maşını xaricdə necə işləyir? – ABC kanalı

07-03-2023 13:25 / Bu xəbər 688 dəfə oxundu

Avstraliyanın ABC ictimai yayım şirkəti (Australian Broadcasting Corporation) Kremlin təbliğat maşınının bu ölkədə necə işlədiyi, müxtəlif tədbirlərdən necə sui-istifadə etdiyi barədə reportaj hazırlayıb.

"Novator.az"ın məlumatına görə, ABC kanalının internet səhifəsində yerləşdirilən reportajda deyilir ki, ötən ay ruspərəst nümayişçilər əllərində Rusiyanın dövlət bayraqları Avstraliyada COVİD-19 vaksinasiyası ilə bağlı keçirilən etiraz aksiyasına qoşulublar, Moskvanın nəzarətində olan informasiya mənbələri isə aksiyanı "Rusiyaya dəstək mitinqi” kimi qələmə verib.

Aksiya Cənubi Avstraliya ştatının mərkəzi Adelaida şəhərində keçirilib. COVİD-19 əleyhinə peyvəndlərin onların səhhətində problemlər yaratdığını söyləyən insanlar əvvəlcə parlament binası qarşısında toplaşıblar, sonra Şimal meydanından keçməklə mərkəzi biznes rayonu boyu yürüş ediblər. 

Nümayişçilərin əllərində ağ xaçlar olub ki, bu da koronavirusa qarşı peyvənlənəndən sonra səhhətində problem yaranmış insanları simvolizə edib.

Aksiyanın iştirakçılarından biri də Cənubi Avstraliya ştatında Ukrayna icmasının üzvü Stefaniya olub. 

O, ABC kanalına açıqlamasında deyib ki, nümayişə əllərində Rusiyanın dövlət bayrağını tutmuş 10 nəfərə yaxın insanın da qoşulduğunu görüb. Bu, Stefaniyanı təəccübləndirib. Sonradan Rusiyanın informasiya mənbələrinin aksiyanı necə təqdim etdiyini görəndə isə onun təəccübü birə-beş artıb.

Stefaniyanın sözlərinə görə, aksiyada 500 nəfərə yaxın insan iştirak edib və onların əksəri sadə avstraliyalılar olub. Tədbir iştirakçıları koronavirus peyvəndindən ziyan çəkdiklərini bəyan ediblər, çıxış edərək öz təcrübələrindən, üzləşdikləri problemlərdən danışıblar.

Ancaq internet məkanına nəzər salanda Stefaniya tamam başqa bir mənzərənin şahidi olub: "İnternetdə rus və ingilis dillərində xeyli materiala rast gəldim. Məni ən çox narahat edən Rusiyanın xəbər agentliklərinin aksiyadan gətirdiyi iqtibaslar idi. Həmin sitatlarda deyilirdi ki, Adelaidada rus dilində danışan uşaqlar təqib olunur, onlara hədə-qorxu gəlinir. Tanış uydurmalardır. Rusiya Ukraynaya hücum çəkməzdən qabaq da belə uydurmalardan gen-bol yararlanırdı. İndi gör Rusiya dövləti, onun təbliğat maşını nə qədər uzağa gedə, nə qədər uzaq məkanlara müdaxilə edə bilir”.

ABC kanalının reportajında bildirilir ki, Rusiyanın "RİA Novosti” agentliyi Adelaida aksiyasını "rusiyalı soydaşların öz hüquqlarının pozulmasına etirazı”, "Rusiyanın atdığı addımlara (yəni Kremlin Ukraynada apardığı müharibəyə) yüzlərlə insanın iştirakı ilə dəstək verilməsi” kimi təqdim edib.

Agentliyin xəbəri Rusiyanın "Russkiy Mir” Fondunun saytında (Russkiymir.ru) da tirajlanıb.

Rusiyanın ingilis və rus dillərində fəaliyyət göstərən digər KİV-lərində isə Adelaida şəhərində "azadlıq uğrunda və Rusiyaya dəstək vermək məqsədilə iri mitinqin keçirildiyi” barədə xəbərlər yayılıb.

ABC kanalının reportajında deyilir ki, aksiyaya qatılanlar arasında həqiqətən də təxminən 10 nəfərə yaxın ruspərəst olub, onlar əllərində Rusiyanın dövlət bayraqlarını tutublar, bəziləri əyninə "Z” işarəsi həkk edilmiş köynək də geyib (bəlli olduğu kimi Ukraynaya soxulmuş rus hərbi texnikasının üzərinə bu işarə yazılır).

Lakin kanal vurğulayır ki, Adelaida aksiyasının "Rusiyaya dəstək mitinqi” olması ağ yalandır və bəzi nümayişçilər ruspərəst qrupun aksiyaya soxulub mitinqi ələ almaq cəhdinə görə tədbirin təşkilatçılarına şikayət ediblər.

Adelaidada keçirilən mitinqin təşkilatçısı Keti Skarboro ABC-yə açıqlamasında tədbirin "Rusiyapərəst qüvvələrin sanksiyalaşdırılmış etiraz aksiyası olması”, "mitinqdə asayişi qorumaq üçün polisə ehtiyac duyulması” barədə yayılan məlumatları qəti surətdə təkzib edib. O, Semyon Boykovun bu aksiyanın təşkilinə yardım etməsi barədə xəbərlərin də yalan olduğunu vurğulayıb.

Keti Skarboro deyib ki, Semyon Boykov əslən Avstraliyanın Yeni Cənubi Uels ştatının mərkəzi Sidney şəhərindəndir, rus millətçi qrupuna – Avstraliya kazakları icmasına rəhbərlik edir, əvvəllər isə Rusiyada Avstraliya kazakları qrupunun rəhbəri olub.

ABC kanalı məsələ ilə bağlı Semyon Boykova da müraciət edib. Boykov KİV-də yayılan xəbərlərdə mitinqin təhrif olunması fikri ilə razılaşmayıb: "Bu bir faktdır ki, həmin mitinqdə rusların təqib edilməsindən danışanlar, Rusiyadakı vəziyyətə münasibətini ifadə edənlər olub. Peyvənd əleyhdarlarının böyük əksəriyyəti Rusiyapərəstdir, Rusiyapərəstlərin isə böyük əksəriyyəti peyvənd əleyhdarıdır”.

Boykov bildirib ki, etiraz aksiyasında şəxsən iştirak etməyib, həmin vaxt Rusiyanın Sidneydəki konsulluğunda olub, sonradan isə aksiyanı sadəcə işıqlandırıb, tədbirin təşkilatçısı olduğunu iddia etməyib: "Əgər aksiyada Rusiyayönlü etirazçılar da iştirak ediblərsə, niyə bu barədə məlumat verməyək?”

Avstraliyanın Melbrun şəhərində yerləşən La Trob Universitetinin müəllimi, Rusiya üzrə ekspert Robert Horvat baş verənləri ABC kanalına şərh edib.

O deyib ki, xaricdəki hadisələri Rusiya mediasında təhrif etmək Vladimir Putin rejiminin oturuşmuş taktikasıdır: "Putin rejiminin təbliğatçıları Qərb hökumətlərinin Ukrayna müharibəsi ilə bağlı qınağını neytrallaşdırmağa çalışır və Adelaida aksiyası ətrafında cərəyan edənlər də buna bir nümunədir. Putinin təbliğatçıları demək istəyirlər ki, guya Qərb hökumətləri Kremli tənqid etsə də, Qərb ölkələrinin əhalisi Putinə və Rusiyanın apardığı müharibəyə rəğbətlə yanaşır. Belə bir təbliğat Kremldən ötrü çox vacibdir, çünki beynəlxalq tənqidlərin, sanksiyaların miqyası, Qərb liderlərinin Rusiyanın dünyadan təcrid olunması barədə davamlı bəyanatları Putin rejiminin legitimliyini şübhə altında qoyub”.

Doktor Horvatın fikrincə, Putin hakimiyyəti Adelaida aksiyasına münasibətdə müşahidə olunan saxta təbliğat metodları ilə Rusiya daxilində rejimə ictimai dəstəyi qorumaq istəyir: "Belə təbliğat üsulları birbaşa rejimin hörmətini və legitimliyini gücləndirməyə, xarici aləmi Putin rejiminin uydurmasına uyğun bir görkəmdə təsvir etməyə hesablanıb.

Təbliğatın daha bir hədəfi isə dünyada rusofobiyanın olduğunu düşüncələrə yeritməkdir. Dünyada rusofobiyanın hökm sürməsi – Putin rejiminin ideoloji əsasını təşkil edən bir tezisdir”.