Putinlə Paşinyan arasında Roma Statutu savaşı
12-02-2024 20:40 / Bu xəbər 778 dəfə oxundu
Kreml Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) orderinin icrası ilə bağlı Yerevandan müəyyən təminat gözlədiyini və almaqda qərarlı olduğunu açıqlayıb.
Bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov yerli mediaya Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya barədə söylədiyi fikirləri şərh edərkən belə deyib.
Peskov qeyd edib ki, əlbəttə, erməni tərəfdaşlarından müəyyən təminatlar almaq çox vacibdir: "Bu məsələ hələ də ikitərəfli dialoq çərçivəsində həllini tapmayıb”.
Ermənistanın Roma Statutuna qoşulması ilə bağlı vəziyyətin necə inkişaf edəcəyi, bundan sonra Rusiya Prezidentinin Yerevana səfər edə biləcəyi ilə bağlı suala gəlincə, Peskov belə cavab verib: "Təbii ki, Ermənistanın bu beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq bizim ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz”.
Fevralın 11-də Nikol Paşinyan yerli jurnalistlərin bu barədə verdiyi suala cavab verərkən deyib ki, ölkəsində yalnız məhkəmə sistemi müəyyən hüquqi qərarlar qəbul edə bilər.
Onun sözlərinə görə, kimin həbs olunub-olunmayacağına Baş nazir qərar vermir.
2023-cü il martın 17-də BCM Vladimir Putin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanı "əhalinin, o cümlədən uşaqların qeyri-qanuni deportasiyasından ibarət” hərbi cinayətlərdə iştirakda ittiham edərək həbsinə order verib.
BCM-in qərarına əsasən, V.Putin məhkəmənin qərarını tanıyan ölkələrin ərazisində olan zaman həbs olunmalıdır.
Rəsmi Moskva BCM-in məlum qərarını tanımadığını, bu qərarın Rusiya üçün əhəmiyyətsiz olduğunu açıqlayıb.
2023-cü ilin oktyabrın 3-də isə Ermənistan parlamenti Roma Statutunu ratifikasiya edib.
Müxalifətçi deputat Artsvik Minasyan bildirib ki, parlamentin konstitusiya islahatları olmadan Roma Statutunun ratifikasiyası məsələsini müzakirə etmək hüququ yoxdur.
"İclasın gündəliyinə daxil edilən bu məsələ Konstitusiyaya ziddir. Bütün riskləri nəzərə alacaq dərin, balanslaşdırılmış müzakirələrə ehtiyac var”, – deyə Minasyan qeyd edib.
Hakim partiya nümayəndələri ratifikasiya edilən sənədin Rusiyaya qarşı yönəlmədiyini deyiblər.
Sentyabrın 28-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulmaq qərarını düşmənçilik adlandırmışdı.(Meydan TV)