Qadının döyülməsi faktı ilə bağlı cinayət işi açılıb

Qadının döyülməsi faktı ilə bağlı cinayət işi açılıb

27-03-2021 00:05 / Bu xəbər 1015 dəfə oxundu

Həyat yoldaşını fiziki zorakılığa məruz qoymaqda şübhəli bilinən şəxsə qarşı iki maddə irəli sürülüb

Bakının Xəzər rayonunda qadının həyat yoldaşı tərəfindən mütamadi olaraq, döyülərək fiziki zorakılığa məruz qalması faktı ilə əlaqədar cinayət işi başlanıb.

Məlumatı "Qafqazinfo”ya DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev təsdiqləyib.

Bildirilir ki, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 133.1-ci (Əzab vermə – Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə) maddəsi ilə başlayan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadının fotoşəkilləri ilk dəfə sosial şəbəkələrdə yayılıb. 

Qadının müdafiəsi ilə məşğul olan feministlərin yaydığı məlumatda onun əri tərəfindən ağacla döyüldüyü bildirilir. Eyni zamanda qadının iki azyaşlı uşağının da əlindən alındığı məlum olub. 

Polisin hərəkətsizliyinə etiraz edən bir qrup fəal qadınla birgə kişinin yaşadığı evə gedərək uşaqları ondan almaq istəyib. Lakin həmin şəxs uşaqları anasına verməyib.