Qadir İbrahimli: ""Füzuli Airport" MMC uğursuz layihədir"

Qadir İbrahimli:

02-03-2021 17:45 / Bu xəbər 3168 dəfə oxundu

"Füzuli Airport" MMC uğursuz layihədir. Belə layihələr dövlət investisiyaları və büdcə vəsaitlərinin mənimsənilməsinə xidmət edir". 

Bunu "Toplum TV”-yə açıqlamasında iqtisadçı Qadir İbrahimli deyib. 

İqtisadiyyat Nazirliyi məlumat yayıb ki, martın 2-də Dövlət Vergi Xidməti "Fuzuli Airport" MMC-ni dövlət qeydiyyatına alıb və Füzuli rayonunda yeni aeroportun inşası həmin şirkətə verilib. 

Qadir İbrahimli

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21-dir. 

Adıçəkilən ünvanda həm də aviasiya sektorunda fəaliyyət göstərən "Silk Way Holdinq" MMC-yə məxsus bir sıra şirkətlər fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyinin açıqlamasını şərh edən iqtisadçı vurğulayır ki, işğaldan azad olunmuş ərazilərdə əhali yaşamır, insanların ora köçməsinə isə hələ 3-5 il var, ona görə də Qarabağda indidən aeroport tikməyin heç bir mənası yoxdur. 

Q.İbrahimlinin sözlərinə görə, aeroporta xərclənəcək vəsaiti dağılmış ərazilərin bərpasına yönəldib üçün daha faydalı işlər görmək olardı: "Məsələn, cənub bölgəsində 1 milyon insan yaşayır, onların çoxu Rusiyaya iş üçün gedib-gəlirlər. Buna baxmayaraq Lənkəran aeroportu böyük gəlirlə işləmir. Füzuli aeroportunun hərbi məqsədlərə xidmət edəcəyini düşünmürəm, bunun üçün başqa aeroportlar var”.

İqtisadçının fikrincə, idarəetmə baxımından "Silk way Holdinq”-lə AZAL arasında böyük bir fərq yoxdur: "Hər iki şirkət eyni mərkəzdən idarə olunur. Yəqin ki, bu qərar da həmin mərkəzin kommersiya maraqlarına uyğun verilib”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, aeroportun AZAL-a verilməməsinin səbəbi bu şirkətin İnvestisiya Holdinqinə daxil edilməsidir.

"Silk Way Holdinq”-in hakim ailəyə məxsus olması haqda iddiaları xatırladan iqtisadçı AZAL-ın da özəlləşdirələcəyilə bağlı xəbərlər yayıldığını qeyd edir: "Silk Way” özəl şirkət olduğu üçün onun idarəetmə formasını dəyişmək mümkün deyil. Ona görə də aerportun idarəçiliyi AZAL-a yox, bu şirkətə tapşırılıb”. 

Aytac Məmmədli