Qalxın, hakim gəlir

Qalxın, hakim gəlir

04-07-2019 20:43 / Bu xəbər 318 dəfə oxundu

Valeh Hümmətoğlu

Bu gün Mərkəzi Seçki Komissiyasının təqdimatına əsasən növbəti dəfə saxta yolla 20 il Milli Məclisdə deputat kimi təmsil olunan Hacı Müstəcəblinin cinayət işinə baxılıb.

Məhkəmə istintaqı zamanı Hacı Müstəcəblinin deputat olduğu dövrlərdə, dairə, məntəqə komissiyalarının üzvüləri dindirilib. 

Dairə Seçki Komissiyası sədrləri ifadələrində təsdiq ediblər ki, parlament seçkiləri elan olunan kimi onları paytaxta dəvət ediblər və tələb ediblər ki, sizin rayondan deputat Hacı Müstəcəbli olmalıdır.

Qayıdandan sonra əyalət rəhbərliyi və vali xəbərdarlıq edib ki, Hacı Müstəcəblinin deputat olmasını bizdən qəti tələb ediblər. Biz də Hacı Müstəcəblinin səs yığmasa belə, deputat seçilməsi haqqında saxta protokollar tərtib edib paytaxta göndərmişik.

Məhkəmə müəyyən edib ki, həmin faktları bütün dairə, məntəqə komissiya sədrləri və üzvüləri təstiq edib.

Məhkəmə müəyyən edib ki, parlamentdə olduğu dövrdə Müstəcəbli hakimiyyətdən  5 milyon 195 min əmək haqqı kimi, 1milyon 815 miqdarında əlavə və istirahət xərcləri alıb. Həmçinin ona ayrılmış nəqliyyat, sürücü, köməkçi və s dəftərxana xərcləri üçün isə dövlət 340 000 əlavə vəsaiti sərf edib. 

Deputat olduğu 20 il müddətində 1 milyona qədər qrant alıb.

Məhkəmə onu da müəyyən edib ki, deputat təyin olunana qədər cəmi bir mənzili olan Hacı Müstəcəbli deputat olduğu dövrlərdə özü, ailə üzvüləri və yaxınlarının adına  üç istirahət mərkəzinə, şəhərin ayrı-ayrı yerlərində 12 mənzilə, 4 villaya, 4 restoran kompleksi,  2 mehmanxana, 7 müxtəlif bahalı xarici markalı bahalı avtomobillə, iki ayrı0ayrı xarici dövlətdə qiyməti N qədər dəyərləndirilən villaya sahib olub.

İstintaq zamanı adına sənədləşdirilmiş həmin əmlakın sahibləri  əmlakın məhz deputat Hacı Müstəcəbliyə aid olduğunu sənədlərlə təsdiq ediblər. Məhkəmə həm də müəyyən edib ki, deputat olduğu müddətdə o, malik olduğu sərvətin miqdarının bazar qiyməti N (sıfırları siz müəyyən edin) qədərdir və s. 

Bütün bunları nəzərə alan məhkəmə 
                                                                  
                                                                            QƏRARA ALIR.

1. Dövləti dələduzluq yolu aldadıb 20 il müddətinə əmək haqqı kimi aldığı külli miqdarda vəsait Hacı Müstəcəblidən tutulsun və dövlət büdcəsinə ödənilməsi təmin edisin.
2. Malik olduğu əmlakın mənbəyini təsdiq edən sənədlər təqdim edə bilmədiyi üçün ailəsinin yaşamağı üçün bir  mənzil saxlanılmaqla qalan əmlakı dövlət nəfinə müsadirə edilsin.
3. Hacı Müstəcəblinin əməlləri dələduzluq və dövlət vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsi kimi tövsif edilsin və cəzasını ciddi rejimli islah düşərgəsində çəkməklə 12 il müddətinə azadlıqdan məhrum edilsin.

P.S. Bu xəyal gerçəyə çevriləcək.