"Qanunsuzdu yaşamaq gözəlim məmləkətdə..."

02-07-2022 21:58 / Bu xəbər 1428 dəfə oxundu

Arqument.az şair Səadət Cahangirin yeni şeirini təqdim edir: 

Nə bu saat qurşağı, nə bu həyat üstümə,
göy gurlayır uzaqda, 
içimdə qasırğalar, ətrafda hava durğun...

mən hər yerdə daş kimi atılıb qorxulara,
günah səssizliklərin pəncərəsini qırdım,
qırdım... qafil adamlar qəflət yuxularında 
boğulmasınlar deyə...

bəlkə, yüzündən biri ayılıb anlayar da:
daşlamaq - zil qaranlıq dolunca hər hücrəyə,
"gözünüz qapanmasın!” bağırmaq bir ölkəyə!..

qadağa lövhələri qarşında, hara getsən,
seçim yasağı çıxmış bütün özgür haqlara,
zəhmi zəhrimar yağan
ixtiyar senzorların hərəsi bir sifətdə
"olmazları” qoyarlar qovluqlarla qarşına,
qanunsuzdu yaşamaq gözəlim məmləkətdə...

ağır itkilər ki var -
yoxluqlar, ayrılıqlar, yanlışlar, aldanışlar -
məni onlar yaratdı, 
duyumsuz boyaçıymış şəkillənmiş həyat da,
alabəzək sifətlər çıxdı yalanlarından,
içində qan ağlayan adamları rəngləyib,
salonları güldürən klounlar yaratdı...

nə bu saat qurşağı, nə bu həyat üstümə,
aman Tanrım, hardasan, məni xətdən ayırsan,
durub kimə danışsam, deyərlər, "get, ay adam, 
Tanrı burda nə gəzir, bəlamı arayırsan?”
 

Səadət Cahangir