Qanunsuzluq, yaxud insan taleyi ilə oyun?!..

Qanunsuzluq, yaxud insan taleyi ilə oyun?!..

08-10-2024 17:05 / Bu xəbər 650 dəfə oxundu

"Qanunun şah olduğu ölkədə yaşamaq, yəqin ki, hamının, o cümlədən hər birimizin istəyidir. Vay o gündən ki şah qanun olan məkanda yaşayasan. Təəssüf ki, bəzən "şahların qanunları minib çapdıqlarına" şahid oluruq".

Suraxanı rayonu, Suraxanı qəsəbəsində yaşayan Zaitova Nailə Fəridovna tərəfindən şikayət məktubu daxil olub.

Nailə Zaitova milliyyətcə tatardır, amma Azərbaycan onun vətənidir, çünki burada doğulub boya-başa çatıb, ömrünü bura bağlayıb. 

Məktub ölkə başçısı İ.Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları üzrə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Ali Məhkəmənin sədri İnam Kərimova, Baş prokuror Kamran Əliyevə ünvanlanıb. 

Mətni olduğu kimi dərc edirik: 

"Hörmətli Prezident və hörmətli Mehriban xanım!

Bir neçə məmur özbaşnalığından yaşamaq haram olub bizə. 1987-ci il təvəllüdlü oğlum Zaitov Rüfət Raufoviç dostu, bir məhəllədə böyüyüb boya-başa çatdığı İsmayılov İsmayıl Mədət oğlu ilə birgə öz maşınlarında Cəlilabad rayonu ərazisində Cəlilabad rayon Polis İdarəsinin(RPİ)rəisinin sürücüsü, polis əməkdaşı İlkin Həsənov tərəfindən güllələnmişlər. 

Oğlum ayağından, İsmayıl isə döş qəfəsindən yaralanmışdır. Qanın kəsilmədiyini görən Həsənov öz rəisinə məlumat vermişdir. Rəis də hadisənin səs-küylü olduğunu, üstünün ort-basdır edilməsinin çətinliyini dərk edib Cəlilabad rayon prokuroru ilə danışıb məsləhətləşmişdir. 

Hər iki "qanun keşikçisi" belə qərara gəlirlər ki, oğlum və dostunun üstünə narkotik maddə yükləsinlər və belə də edirlər. Oğluma və İsmayıla nə az, nə çox 3 kq.a yaxın narkotik maddə yükləyirlər. Onların telefon danışıqlarını çıxararaq dost-tanışlarını şöbəyə dəvət etmiş, ağır işgəncələr verdirərək  oğlum və İsmayılın üzünə durğuzmuşlar. Nəhayət, oğlumu və dostunu AR.CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilib işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişlər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri qanundan, Allahdan qorxmayaraq Cəlilabad rayon prokurorunun və polis rəisinin, eyni zamanda polis əməkdaşlarının saxta və qurama sübutlarını təsdiq etmiş, 3 kq-a yaxın narkotik maddəni oğlum və dostunun boynuna yükləyərək hər birini 10 il azadlıqdan məhrum etmişlər.

Düşündük ki, bu ölkədə qanunlara hörmət edən, Prezidentin etimadını doğruldan, qanunların aliliyini düşünən məhkəmə hakimləri və məmurlar da var. Ona görə də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı ədalətsiz, saxta qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik.

Apelyasiya Məhkəməsi 3 kq narkotik maddənin qurama və saxta olduğunu sübut edib oğluma və İsmayıl İsmayılova bəraət verdi, ancaq cəzalarının üstündən 01 il götürülərək 9 ilə endirildi.

Baş Prokurorluq Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalıb, onu ədalətsiz hesab edərək Ali Məhkəməyə Kassasiya protesti verdi.

Ali Məhkəmə də prokurorluğun kassasiya şikayətini rədd etdi.

Hazırda oğlum və İ.İsmayılov tərəfindən kassasiya şikatəti verilmişdir, onlar Ali Məhkəmədən bəraət istəyirlər, çünki günahsız və heç bir qanunsuz əməl törətməyiblər.

Hörmətli Prezident, hörmətli Mehriban xanım, toplanmış materiallardan, saxta sübut və faktlardan görünür ki, Cəlilabad RPİ rəisinin sürücüsü İlkin Həsənov oğlumu və dostunu narkotik vasitəyə görə güllələmişdir. Bu isə təsdiqini tapmamışdır, həm Ali Məhkəmə, həm də Apelyasiya Məhkəməsi bu ittihamı rədd etmişdir.

Onda sual yaranır, nəyə görə oğluma və dostuna 9 il azadlıqdan məhrumetmə cəzası verilib? İki nəfəri güllələyən İlkin Həsənov və ibtidai araşdırmaya Prosessual rəhbərliyi həyata keçirən prokuror niyə cəzasız qalıb?

Oğlum və dostuna 234.4.1 və 234.4.3 maddələri ilə cəza həddinin ən yüksəyi 10 ildir ki, onu da vermişlər. Belə çıxır ki, bəraət verməyin heç bir xeyri olmamış, oğlum və dostu qanunsuz qərarların qurbanına çevrilmişlər.

Cənab Prezident, hörmətli Mehriban Xanım, hörmətli qanun və ədalət qoruyucuları, bir ANA kimi üzümü sizə tuturam, oğlum və dostu İ.İsmayılov Həsənov tərəfindən atılan güllələrdən yana şikəst olmuşlar və bu gün zülm-zillət içində ömür sürürlər, hətta əsəblərimə hakim ola bilməyib kimlərinsə cəzalanmasını tələb edirəmsə, bu fikrimdən də vaz keçirəm. Sizə pənah gətirmişəm, göydə Allahın, Yerdə sizin ədalətinizə inanıram. İnanıram ki, bir ANA kimi ürək çırpıntılarıma etinasız yanaşmayacaq, oğlum Rüfət Raufoviçə və dostu İsmayıl İsmayılova bəraət verilməsi üçün müvafiq göstəriş verəcəksiniz. Sizlərin ədalətli və sadə vətəndaşlara olan qayğınızı, mehribanlığınızı bütüm dünya bilir, inşallah hamı kimi bizim də sevinməyimizə yardımçı olacağınıza sidq-ürəkdən inanıram.

Ailəmiz adından əvvəlcədən minnətdarlığımı bildirirəm".

Aztoday.az