Qara dənizdə bazaya, Krıma dron hücumları olub
04-08-2023 16:44 / Bu xəbər 931 dəfə oxundu
Ötən gecə Rusiyanın Qara dənizdə ən böyük donanma bazasına və qanunsuz ilhaq etdiyi Krıma dron zərbələri dəf olunub.
Amma Rusiyanın ən böyük kommersiya limanlarından birində gəmilərin hərəkəti müvəqqəti dayandırılıb.
Rusiya Müdafiə Nazirliyinin avqustun 4-də bildirdiyinə görə, ötən gecə Qara dənizdəki Novorossiysk donanma bazasına iki dəniz dronuyla zərbə endirilib.
"Heyətsiz katerləri bazanı qoruyan Rusiya gəmiləri aşkarlayaraq atəşlə məhv edib”, – nazirlik bəyanatında bildirib.
Bundan öncə Telegram kanalları ərazidə partlayışlar və atəşlə bağlı xəbər yayıblar.
"RIA” xəbər agentliyi Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyevə istinadla bildirir ki, hücumda xəsarət alan olmayıb, ziyan dəyməyib.
Ancaq Novorossiyskdə neft terminalı işlədən "Caspian Pipeline Consortium” bildirib ki, limanda bütün gəmilərin hərəkəti müvəqqəti dayandırılıb, ancaq qurğulara ziyan dəyməyib, neftin yüklənməsi davam edib.
Müdafiə Nazirliyi Krım üzərində 13 dronun vurulduğunu, itki, ziyan olmadığını açıqlayıb.
Sosial mediada yayılan postlarda isə Feodosiya limanında neft deposunun alışdığı, bəzi partlayışlar baş verdiyi xəbər verilir.
Rusiya Ukrayna taxılının ixrac sazişini uzatmaqdan imtina edəndən sonra Qara dənizə və ətrafına hücumlar artıb.
Rusiya həftənin əvvəlində Ukraynanın taxıl ixracı üçün istifadə etdiyi Dunay limanlarından İzmailə hücum edib.
İzmail Rumıniyanın Tulça limanının 15 kilometrliyində yerləşir.