Qarabağ qazisi İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib

Qarabağ qazisi İcra Hakimiyyətinin qarşısında intihara cəhd edib

04-07-2022 18:33 / Bu xəbər 1136 dəfə oxundu

"İlham Həsənov özünü yandırmaq istəyib”

İyulun 4-də II Qarabağ Müharibəsi işirakçısı İlham Həsənov Şəmkir Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd edib.

Məlumatı Şəmkir Rayon İcra Hakimiyyəti yayıb.

İcra hakimiyyəti İlham Həsənovun psixi pozuntulardan əziyyət çəkdiyini iddia edib.

1994-cü il təvəllüdlü Yeni Həyat kənd sakini İlham Həsənovun boyun nahiyəsində qəlpə var: "O, indiyə qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir”.

Məlumatda qeyd olunub ki, İlham Həsənovun etirazı aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunmaması ilə bağlıdır: "Ona müvafiq orqanlar tərəfindən lazımi dəstək göstərilsə də, müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir RİH-in qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.

Meydan TV İlham Həsənovun yaxınları ilə əlaqə saxlamağa cəhd göstərsə də, alınmayıb.

Qarabağ Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu Meydan TV-yə deyib ki, İlham Həsənov icra hakimiyyətinin etinasızlığından intihara cəhd edib: "Müharibə başa çatandan icra hakimiyyətinin başçısı Rəşad Tağıyev bir dəfə də olsun müharibə əlillərini, veterenalarını qəbul edib, onların qayğıları ilə maraqlanmayıb”.

Xatırlatma

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.