Qarabağ qazisi: "Müdafiə Nazirliyinin rəhbərliyi bütövlükdə istefaya göndərilməlidir"

Qarabağ qazisi:

20-03-2021 01:24 / Bu xəbər 2086 dəfə oxundu

"Müharibə noyabrda bitib. Ayda 80 manat müavinət almalıyıq deyə, veteran vəsiqəmizi vermirlər”.

II Qarabağ müharibəsinin iştirakçısı Qulu Məmmədli "Toplum TV”-yə belə deyib. 

O, müharibəyə könüllü olaraq yollanıb, Cəbrayıl-Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib.

Q.Məmmədli dəfələrlə yerli icra orqanlarına, həmçinin Müdafiə Nazirliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib: "Müdafiə Nazirliyi cavab vermir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən isə bildirirlər ki, vəsiqə barədə məlumatımız yoxdur”.

"Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə, onların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir.

Daha sonra icra orqanları vəsiqələri onlara təqdim edir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlərsə veteran vəsiqəsi təqdim edildikdən sonra tətbiq edilir.

Q.Məmmədlinin fikrincə, veteran müavinətinin vəsiqə verildiyi gündən hesablanması ədalətsizlikdir. Bu fikirdə olan təkcə o deyil, sosial mediada da bənzər fikirlər paylaşılır. 

Rafiq Nuriyev adlı "Feysbuk” istifadəçisi yazır: "Hərbi xidməti bir il sonra başa vuran biri veteranlığını təsdiq edə bildikdən sonra müavinət alacaq. Deməli, ona haqsızlıq edilmiş olacaq”.

"Bizə deyirlər ki, guya bu məsələ ilə bağlı komissiya yaradılıb, işlər görülür. Ona görə də gözləyirik” - Aqşin Kərimov adlı müharibə iştrakçısı belə yazır.

O hesab edir ki, hər hansı komissiyaya ehtiyac yox idi: "Mən ədalətli bir qərarın veriləcəyinə inanmıram, amma yenə də ümid edirəm". 

"Belə məsələlər tirajlanır, ancaq heç bir mənbə göstərilmir” - deputat Elman Nəsirov "Toplum TV”-nin sözügedən məsələylə bağlı sualına belə cavab verir. 

Elman Nəsirov 

Deputat bildirib ki, müharibə iştirakçılarına vəsiqə verilən tarixdən müavinət hesablanması ilə bağlı hər hansı bir mənbə görməyib: "Yaxşı olardı ki, belə fikirləri yayanlar bu haqda haradan eşitdiklərini, mənbəni də göstərsinlər. Əvvəlcə dövlət qurumlarının konkret mövqeyini göstərsinlər, sonra müzakirə təşkil edərlər. O ki qaldı vəsiqlərin yubanmasına, bu, çox iri miqyaslı proses olduğundan yubanmalar olur. Amma qətiyyən buna görə narahatlıq keçirməyə dəyməz. Müharibədə iştirak edən şəxslər konkret nəticələri görəcəklər”.

Deputat 80 manatın yetərli məbləğ olmadığını da söyləyir: "Hesab edirəm ki, 80 manat indiki reallığa adevkat məbləğ deyil. Bu məsələyə yenidən baxılmalıdır. Yeri gəlmişkən, parlamentin növbəti iclasında veteranlara verilən müavinətin artırılması ilə bağlı məsələ qaldırmağı da düşünürəm”.

Birinci Qarabağ müharibəsi iştirakçısı, Qazilər Birliyinin mətbuat katibi Rey Kərimoğlu isə yubanmanı Müdafiə Nazirliyinin laqeyd münasibəti ilə izah edir: "Bu məsələni araşdırmaq nazirlik üçün çox sadə bir məsələdir. Veteran vəsiqəsinin verilməsi görülməli olan 3-cü işdir. Yəni problem yalnız vəsiqənin gecikməsi ilə bağlı deyil. Şəhid ailələrinə, qazilərə veriləcək sənədlərin təqdim olunması da yubanır. Nazirlik məsələyə məsuliyyətsiz, biganə yanaşır. Bu baxımdan, Müdafiə Nazirliyinin rəhbərliyi bütövlükdə istefaya göndərilməlidir. Əldə etdiyimiz məlumatlara görə, nəinki veteranlar, heç şəhid ailələrinin 80%-i sənədləri ala bilməyib. Bilirsiniz bu nə deməkdir? Nazirliyin səhlənkarlığı, işə dırnaqarası baxmağıdır”.

"2001-ci ildə şəhid ailələri, Qarabağ əlilləri, müharibə veteranları üçün kommunal, nəqliyyat xərcləri ilə bağlı güzəştlər vardı. Bu güzəştlər ləğv edildikdən sonra kompensasiya olaraq 80 manat müyyənləşdirildi, müavinət kimi verilməyə başladı. Bildiyim qədərilə, Milli Məclisdə müavinətin artırılması məsələsinə baxılacaq” - Rey Kərimoğlu belə deyir. 

Rey Kərimoğlu 

Onun fikrincə, qanunvericilikdə müharibə iştirakçılarının sosial təminatı yüksək səviyyədə təmin olunsa da, icrası ilə bağlı problemlər var. 

Müdafiə Nazirliyindən məsələyə münasibət almaq mümkün olmayıb.