“Qarabağda bir neçə aeroportun tikilməsi əlavə xərcdir“

“Qarabağda bir neçə aeroportun tikilməsi əlavə xərcdir“

03-03-2021 16:58 / Bu xəbər 2028 dəfə oxundu

İqtisadçı: "Qarabağa, həm də Naxçıvana getmək üçün sürət qatarları infrastrukturu yaradılsa, daha yaxşı olar"

"Düşünürəm ki, Qarabağda bir yerdə həm mülki və həm də hərbi təyinatlı aeroportun tikilməsi kifayətdir”.

İqtisadçı, Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu öz "Facebook” səhifəsində Qarabağ bölgəsində tikintisi nəzərdə tutulan aeroportlarla bağlı fikrini bölüşüb.

Prezident İlham Əliyev bu il yanvarın 14-də Füzuli rayonunda beynəlxalq hava limanının təməlini qoyub.

Ölkə başçısı bugünlərdə yerli və xarici jurnalistlərlə görüşü zamanı planda Laçın və Zəngilanda da hava limanının tikintisi olduğunu bildirib.

"Bizim azad olunmuş ərazilərdə aeroport tikmək istəyimiz tək Füzuli ilə yekunlaşmır. Laçın və Zəngilanda da aeroport tikmək kimi planımız var”, - İlham Əliyev deyib.

Qubad İbadoğlu həmin bölgədə bir neçə hərbi və mülki aeroportun tikilməsini, düzgün saymır, bunu əlavə vəsait xərclənməsini hesab edir:

"Azərbaycanda İATA (International Air Transport Association) və İCAO (International Civil Aviation Organization) kodları olan 9 (Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Qəbələ, Yevlax, Zaqatala, Ağstafa, Baləkən) mülki aeroport, bununla yanaşı, FAA (Federal Aviation Association) kodu olan 4 (Qala, Dəllər, Kürdəmir, "Nasosnı”) hərbi aeroport fəaliyyət göstərir. Bunlardan əlavə, Füzuli, Zəngilan və Laçında da aeroportların tikilməsi planlaşdırılır. Düşünürəm ki, Qarabağda bir yerdə həm mülki və həm də hərbi təyinatlı aerportun tikilməsi kifayətdir. Aeroportun birinin tikintisi 100 milyon manatadək xərc aparacaq, sonra da onların saxlanması üçün hər gün, hər ay, hər il büdcədən 10 milyonlarla manat vəsait məsrəf olunacaq. Bununla da iş bitmir, gərək hər aeroportda əlavə yüz milyon dollarlar xərcləyib təyyarələr alaq, maşın avadanlıq parkı yaradaq”.

Qubad İbadoğlunun fikrincə, belə yanaşma iqtisadi cəhətdən səmərəli deyil. Aerportların tikintisi və saxlanmasına bu qədər vəsait yönəltməkdənsə, Azərbaycanda mövcud dəmir yolları modernləşdirilməli, yeni yollar müasir standartlarda tikilməlidir:

"Qarabağa, həm də Naxçıvana getmək üçün rahat və təhlükəsiz sürət qatarları infrastrukturu yaradılsa, daha yaxşı olar. Hesab edirəm ki, bu, həm xalqa və həm də turistlərə xidmət üçün daha məqbul variantdır. Bakının mərkəzindən Naxçıvana qədər olan məsafə 581 km-dir. Əgər Daşburun, Horadiz, Mahmudlu, Akara və Mincivanda dayanmaqla, sürət qatarı ilə Naxçıvana 3 saata, Bakıdan Ağdama isə birbaşa 1,5 saata gedə bilsək, həqiqətən də bundan hər kəs - yerli camaat da, turistlər də razı qalar. Bununla da xeyli xərcə qənaət edə və mövcud vəsaitlərdən rasional istifadə olunmaqla, gələcəkdə də rentabelli olan nəqliyyat infrastrukturu yarada bilərik. Bundan əlavə, gün ərzində sayca daha çox sərnişin qatarla və ucuz qiymətə Qarabağa və Naxçıvana və geriyə Bakıya səfər edə bilər”.

Natiq Cəfərli
Mənbə: Meydan Tv

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə açıqlamasında bildirib ki, sürət qatarları bir ölkənin daxilində heç vaxt effektli olmur. Bu ideya Azərbaycanı qonşu ölkələrlə birləşdirən regional sürət qatarı sistemi yarandığı halda effektli ola bilər:

"Avropada sürət qatarları ona görə geniş yayılıb ki, sərhədlər yoxdur, bir ölkədən digərinə rahatlıqla keçirlər. Azərbaycanın ərazisini və relyefini nəzərə alsaq, ölkə daxilində sürət qatarlarının olması bahalı layihə olar. İşğaldan azad edilmiş ərazilərdə hava limanlarının salınmasına gəlincə, rəsmi açıqlamalara görə, Füzulidəki Beynəlxalq Hava Limanı Qarabağın turizm potensialı üçün nəzərdə tutulub. Zəngilanda və Laçında hava limanlarının nə zaman tikiləcəyi, hələ dəqiq deyil. Düşünürəm ki, hava limanları layihəsi tək iqtisadi səmərə ilə ölçülmür. Burada təhlükəsizlik məsələsi var. Hərbi qələbədən sonra Ermənistanla sərhədlərin möhkəmlənməsi, orada təhlükəsizlik qaydalarının əməl olunmasında yeni hava limanlarının rolu olacaq. Çox güman ki, bu tək vətəndaş aviadaşıma zolağı üçün yox, gələcəkdə təhlükəsizliyin təmin olunması baxımından düşünülmüş bir layihələr ola bilər”.

İqtisadçı hesab edir ki, sürət qatarı əvəzinə, low-cost” şirkətlərin Azərbaycanda fəaliyyətini genişləndirmək lazımdır. Bu sahədə mövcud inhisarçılığa son qoyulmadığı müddətdə hava limanlarının iqtisadiyyata ciddi bir qatqısı olmayacaq:

"Lənkəranda, Qəbələdə, Zaqatalada da hava limanları açılmışdı, bir xeyri olmadı. "AZAL”ın inhisarçılığı "low-cost” şirkətlərin Azərbaycanda fəaliyyət göstərməsi üçün müəyyən problemlər yaradır. Məhz buna görə azərbaycanlılar pandemiyadan öncə Gürcüstan üzərindən dünyaya səyahət etməyi seçirdi. Bu yanaşma dəyişmədikcə, hava limanlarının səmərəsi də daha az olacaq. Xarici "low-cost” şirkətlərin Azərbaycana buraxılması, rəqabətli mühitin yaranması, həmin hava limanlarının, əsasən də Füzuli aeroportunun turizmə böyük xeyir verməsi ehtimalı yüksəkdir”.

Meydan TV müxtəlif zamanlarda Azərbaycanda tikilən aeroportların və onların rentabelliyi ilə bağlı məqalələr yazıb.

Məsələn, Zaqatala hava limanının yenidən qurulmasına 2007-ci ildə də 10 milyon, 2008-ci ildə 17 milyon 800 min manat vəsait ayrılmışdı.

2007-2013-cü illərdə isə ümumilikdə bölgə hava limanlarının (Zaqatala, Qəbələ, Gəncə və Lənkəran hava limanlarına) yenidən qurulmasına 47 milyon 988 min 400 manat vəsait xərclənib.

Ekspertlər həmin bölgədə Qəbələ aeroportunun olduğu halda, Zaqatala aeroportunun da olmasını, ona vəsait xərclənməsini düzgün hesab etmirlər. Zaqatala aeroportu ilə bağlı xəbər yayıldıqdan sonra isə sosial şəbəkə istifadəçiləri həmin aeroportdan indiyə qədər hər hansı bir uçuşun həyata keçirilməməsi ilə bağlı paylaşımlar ediblər.

3 il öncə aeroportların yenidənqurulması işinə ayrılan vəsaitlər açıqlanmışdı və bildirilirdi ki, gələcək illərdə mülki aviasiyanın inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçiriləcək.

Bu, 2018-2021-ci illər üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əksini tapmışdı. Ötən müddət ərzində bu istiqamətdə görülən işlərin hesabatı ictimaiyyətə açıqlanmayıb.