"Qarabağ"ın keçmiş mətbuat katibinin şikayət ərizəsinə baxılıb

08-10-2021 23:50 / Bu xəbər 531 dəfə oxundu

Qərarın gələn ay açıqlanacağı gözlənilir

Oktyabrın 8-də İdman Arbitraj Məhkəməsi (CAS) "Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsinə baxıb. 

Bakı vaxtı ilə saat 11:30-da start götürən məhkəmədə İbrahimovun vəkili qismində Fərid Haqverdiyev iştirak edib.

Nurlan İbrahimov Meydan TV-yə deyib ki, qərara qədər ətraflı məlumat verə bilməz: "Heç nə demək olmur. Bizim gəldiyimiz qənaət budur ki, onlar da cəzanın ağır olduğunu bilirlər. Peşəkar davranmağa çalışırıq. Amma dediyim kimi, hələ konkret heç nə demək olmur”.

İbrahimov, qərarın noyabrın 25-dək açıqlanacağını bildirib: "Hakim heyəti müşavirəyə getdi. Qərar ən geci noyabrın 25-dək açıqlanacaq”.

Ermənistan silahlı birləşmələri ötən il Bərdə şəhərini raket atəşinə tutduqdan sonra Nurlan İbrahimov şəxsi "Facebook” səhifəsində bu hadisədən təsirləndiyini deyib və qarşı tərəf haqqında nifrət nitqi səsləndirib.

Həmin paylaşım haqda UEFA-ya şikayət göndərilib və "Qarabağ” klubunun cəzalandırılması, hətta Avroliqadan uzaqlaşdırılması tələb olunub.

O, sözügedən paylaşımı silərək, Bərdə şəhərində yaşanan faciədən sonra affekt vəziyyətində olduğunu, qucağında ölmüş övladını tutan atanın görüntülərini gördükdən sonra nifrətdolu paylaşım etdiyini qeyd edib.

"Qarabağ” məsələ ilə bağlı bəyanat yayıb və qəddarlıq fonunda duyğusal hisslərini ani idarə edə bilməyən N.İbrahimovun sosial şəbəkədə yazdığı və sonradan doğru olmadığını etiraf edərək sildiyi ifadələrin klubun mövqeyini əks etdirmədiyini, rəhbərlik tərəfindən dəstəklənmədiyini bildirib. 

Klub rəsmisinin hərəkəti Azərbaycan qanunvericiliyinə əsasən məsuliyyət yaratdığı üçün hüquq-mühafizə orqanları tərəfindən İbrahimova qarşı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə inzibati iş başlanaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmə tərəfindən müvafiq cəza tətbiq edilib. O, 500 manat cərimələnib.

UEFA Nurlan İbrahimovu futboldan uzaqlaşdırıb, "Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov bu il yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.