Qaraməryəm sakini: "Oğlum müharibədən qayıtdı, başını yumağa bir vedrə suyu güclə tapdım"
27-11-2024 15:40 / Bu xəbər 545 dəfə oxundu
Kəndin icra nümayəndəsi deyir ki, su xətləri olsa da, rəsmi olaraq heç bir qurumun balansında deyil
Göyçayın Qaraməryəm kəndində susuzluq sakinlərin əsas problemlərindən birinə çevrilib. Kəndin su xətləri olsa da, yararsız olduğu üçün minlərlə sakin "həyat mənbəyi”ndən məhrum qalıb.
Susuzluğun gətirdiyi problemlərdən şikayətlənən kənd sakini Vəfa Heydərova deyir ki, artıq 6-7 ildir ki, vəziyyət dözülməz həddə çatıb.
Onun sözlərinə görə, kənddə olan rəsmi qurumlar problemin məsuliyyətini üzərlərindən atırlar.
"Əsas problemimiz sudur. Hazırda mənim suyum gəlmir. Amma xətdə su var. Sadəcə, suyu vaxtlı-vaxtında verən yoxdur. Kəndin ortasında quyu kimi nəsə qazıb, üstünə də bir sükan qoyublar. Kimin kefi istəyir fırladır özü tərəfə, biz isə susuz qalırıq. Bu özbaşnalığın ən böyüyüdür. Dedilər çən al, aldım, qalıb orda. Bu su gəlmir axı çən dolsun. Sonuncu dəfə kənd bələdiyyəsinə müraciət edəndə deyilib ki, su onların balansında deyil, hara istəsə, şikayət edə bilərsən", - deyə o bildirib.
Kənd sakini deyir ki, evlərinə qonaq gələndə suyun olmaması acınacaqlı vəziyyət yaradır. Məcbur qalıb qonşulardan vedrə ilə su istəyirlər: "Oğlum müharibədən qayıtdı, 3-4 əsgər yoldaşı ilə birlikdə gəlmişdi. Dedilər, xala, bir aydır su görmürük, bir vedrə su qoyun, heç olmasa başımızı yuyaq. Evdə bir vedrə su yox idi. Getdim bələdiyyənin o vaxtkı sədrindən xahiş etdim ki, 1 saatlıq açsın suyu, uşaqlar hərbidən qayıdıb, yuyunsunlar. Onu da açmadılar. Axırı o bir vedrə suyu qonşulardan aldım".
Vəfa Heydərova deyir ki, kəndin su ilə yanaşı elektrik problemi də var: "Elektrikimiz kəsilir. Səhər tezdən oyanırıq ki, kənddə işıq yoxdur. Kənddə həyat dayanır, çünki motor işləmir, su da çıxmır. İndiki zamanda biz su, işıqla bağlı problem yaşayırıq", - şikayətçi əlavə edir.
Göyçay rayon icra hakimiyyəti başçısının Qaraməryəm kəndi üzrə nümayəndəsi Nicat Mahmudov da təsdiqləyir ki, kənddə həqiqətən su problemi var, ancaq bunun həlli üçün əlaqədar qurumlara müraciət ediblər.
"Kənddə su xətləri var, amma köhnə olduğu üçün sızmalar baş verir. Belə olanda da kəndin cammatı ilə birlikdə gedib nasazlıq olan yerləri təmir etdiririk. Su xətlərimiz rəsmi olaraq heç bir dövlət qurumunun balansında deyil. Sovet hakimiyyəti dövründə çəkilmiş xətlərdir, nasazlıq yarananda əhalinin köməyilə həll edirik. "Azərsu" ASC-yə rəsmi müraciət etmişik ki, bizim su xətlərimiz qurumun balansına götürülsün. Onlar da deyirlər ki, layihəyə salınıb, yaxın vaxtlarda məsələ həllini tapacaq", - deyə icra nümayəndəsi bildirib.
Nicat Mahmudov onu da deyib ki, kəndin sistemli elektrik problemi yoxdur, sadəcə bəzən texniki problemlər yaranır: "Kəndin elektrik xətləri var və daimi işıq verilir. Amma kabellərdə nasazlıq yarananda fasilələrlə elektrik kəsilir, problem həll olunduqdan sonra yenidən verilir".