Qaranlıq AMEA və işıq alimlər

Qaranlıq AMEA və işıq alimlər

08-12-2021 17:12 / Bu xəbər 2132 dəfə oxundu

Natiq Cavadlı

Fəridə xanımın Salyanda dəfn olunduğunu eşidəndə ilk olaraq Fəxri Xiyabanın nə qədər yaltağın və yaramazın son mənzilinə çevrildiyi ağlımdan keçdi. 

Əslində, Fəridə xanıma da, Aydın müəllimə də Azərbaycan elm xənadanının münasibəti bəlliyidi. 

Hər ikisi ziyasız Elmlər Akademiyasında işıq idi çünki. Məsələ ondaydı ki, onlar Azərbaycan tarixində qeyri-rəsmi qadağan olunan dövrləri araşdırırdılar. Bu isə qaranlıq akademiya üçün bir vahimə idi.

Elə ona görə də F.Məmmədovanı XXI əsrdə (2001-ci il) AMEA-nin müxbir üzvü seçmişdilər. Aydın müəllimə isə münasibətin səbəbləri onun ADR, Rəsulzadə sevgisindədəydi. 

Və biz millət olaraq iki cəfakeş tarixçini itirdik. 

F.Məmmədovanın tarix elminə gətirdiyi yenilikləri indiki Tarix İnstitutu toplaşsaydı, edə bilməzdi. Əlbəttə, Fəridə Məmmədovaya qədər albanşünaslıqda Rəşid Göyüşov, Kamal Əliyev, İlyas Babayev və digərləri addımlar atmışdı. Ancaq Fəridə xanım yeni mərhələ yaratdı.

Onun zəhmətkeşliyi və özünə inamı, yorulmadan öz üzərində çalışqanlığı, nəticədə qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini öyrənməsi əsas silahlarıydı. 

Onun albanşünaslıqdakı yenilikləri dünya tarix elmi üçün cığır idi. İlk dəfə Albaniyanın e.ə. IV əsrindən e. VII əsri daxil olmaqla bütöv bir dövrü üçün 6 xəritə tərtib edib, eyni zamanda, xristianlığın erkən yayılması səbəblərini, Alban kilsəsinin təşəkkülü tarixini tədqiq edərək üzə çıxarıb, Kilsənin Apostol kilsəsi kimi yaranmasını, avtokefal müstəqilliyini, habelə həm Qafqazda, həm də dünyada yaranan ən qədim kilsələrindən olduğunu sübuta yetirib.

Fəridə xanımın gücü zəngin mənbələrində idi. Bədbəxtlik ondaydı ki, onun əleyhinə çıxış edənlərin albanşünaslıqdan qandığı qrafa yox idi. Məsələn, albanşünaslıqla bağlı bir broşüra belə çap etməyən AMEA Naxçıvan filialı Fəridə xanımın əsərinə rəy vermişdi. 

Tragikomediya!

Bacarmayanda da, milli mənsubiyyətini qabardırdılar. Xatırlayıram, indi olmayan televiziya kanallarının birinin gur vaxtları idi. 

Fəridə xanımdan kanalın məşhur jurnalisti müsahibə alırdı, bir neçə dəfə hansı millətə mənsub olduğunu soruşdu, hər dəfə eyni cavabı almağına baxmayaraq israrla: "Türksünüz?" -  deyə soruşdu. Əlbəttə ki, alim sualı da cavab kimi qaytardı: "Türkəm" dedi.   

Əslində, gərəksiz sual idi, çünki Fəridə xanım özünü tanıyırdı!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.