Qazax sakini işlə bağlı Prezidentə şikayət etdikdən sonra həbs edildiyini deyir
25-08-2024 16:53 / Bu xəbər 636 dəfə oxundu
Qazax sakini Mircəfər Hüseynzadənin ailə üzvləri onun Prezidentə şikayətindən sonra şərlənərək həbs edildiyini deyirlər.
Həyat yoldaşı Xədicəxanım Hüseynzadə "Arqument.az"a deyib ki, hazırsa 5 azyaşlı uşağın vəziyyəti isə olduqca acınacaqlıdır.
Onun sözlərinə görə, həyat yoldaşı 3 aydan çoxdur ki, narkotik ittihamı ilə həbs edilib və hazırda Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılır.
Xədicəxanım Hüseynzadə bildirib ki, əri II qrup əlildir və o, ruhi xəstəlikdən əziyyət çəkir, dəfələrlə Bakıda, Sumqayıtda, Qazaxda psixiatriya xəstəxanasında müalicə alıb: "Böyrəyinin biri yoxdur, ürəyinin bir klapanı işləmir. 5 körpə balası var. Ən böyüyü 11 yaşında, ən kiçiyi 2 aylıqdır, onun həbsindən sonra doğulub. Bu vəziyyətdə olan adamı, ailənin başçısını şərləyib həbs eləməklə, günahdan başqa nə qazanırsınız? O uşaqlar, o ruhi xəstə, yarımcan adam əziyyət çəkəndə məmurlara xoş olur?”.
Xədicəxanım Hüseynzadə deyir ki, işsizlik ucbatından ailəsini dolandırmaqda əziyyət çəkən həyat yoldaşı video vasitəsilə Prezidentə müraciət edib.
O, müraciətində Qazax Rayon İcra Hakimiyyətinin başçısı və onun birinci müavinindən şikayətlənib: "Bir müddət əvvəl də icra başçısının göstərişi ilə yoldaşımı ruhi-əsəb xəstəxanasına salmışdılar. Bu dəfə narkotiklə şərlədilər”.
Ailəsi deyir ki, Mircəfər Hüseynzadə həbs ediləndə məhkəməsi gizli şəkildə keçirilib, ailəsinə məlumat verilməyib.
Onun vəkili Zabil Qəhrəmanov Gəncə Apelyasiya Məhkəməsinə müraciət edib, xəstə olduğu üçün onun ev dustaqlığına buraxılmasını tələb edib, ancaq hakim tərəfindən rədd edilib.
Dəfələrlə rayon prokurorunun qəbuluna düşmək istəsələr də, onları qəbul etməyiblər.
Şikayətə rəsmi qurumlardan mövqe almaq mümkün olmayıb.