Qazaxıstanla Özbəkistan “9 May” paradından imtina edib

Qazaxıstanla Özbəkistan “9 May” paradından imtina edib

29-04-2022 16:21 / Bu xəbər 6384 dəfə oxundu

Özbəkistanda "9 May” - Anım Günündə hərbi paradlar keçirilməyəcək.

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin Tərbiyə və İdeoloji İşlər üzrə Baş İdarəsinin rəis müavini Oybek Məmədəliyevin sözlərinə görə, mayın 9-u ərəfəsində Özbəkistan ərazisində hərbi paradların keçirilməsi nəzərdə tutulmayıb.

"Biz bilirik ki, "9 May” Özbəkistanda "Qələbə günü” deyil. 1999-cu ildə birinci Prezidentimizin sərəncamları ilə təsis edilmiş "Anım və Şərəf Günü”dür. Ölkə ərazisindəki ahıllara hörmət və ehtiramla bağlı "9 May” tədbirlərinə start verilib və keçiriləcək”, - O.Məmədəliyev bildirib.

"9 May” paradından imtina edən daha bir ölkə Qazaxıstandır.

Rəsmilər paradın ləğvi üçün heç bir səbəb göstərməsələr də, sonradan buna səbəb kimi maliyyə çatışmazlığı əsas göstərilib.

"2022-ci ildə Qazaxıstanda dövlət vəsaitlərinə qənaət etmək, həmçinin digər problemlərin həlli zərurəti ilə əlaqədar hərbi paradın keçirilməsi planlaşdırılmır”, - rəsmi açıqlamada deyilir.

Səlahiyyətlilər həmçinin "9 May” üçün planlaşdırılan bayram atəşfəşanlığını da ləğv edib və bildiriblər ki, İkinci Dünya Müharibəsində həlak olmuş ata və babalarının portretləri ilə ənənəvi onlayn yürüş keçiriləcək.

Baxmayaraq ki, bu il COVID-19 ilə bağlı vəziyyəti yaxşılaşıb, artıq üçüncü ildir ki, Nur-Sultan rəsmiləri kortejə onlayn ev sahibliyi edir.