Qəbələdən şikayət var: "Vəndam meşələrində qanunsuz evlər tikilir, ərazilər fərdi şəxslərə satılır"
18-04-2024 12:19 / Bu xəbər 1073 dəfə oxundu
Son illər qanunsuz ağac qırıntıları ilə medianın gündəmində olan Vəndam meşələri ilə bağlı şikayətlər səngimir.
Qəbələ rayon sakinlərinin "Arqument.az"a verdiyi məlumata görə, Vəndam meşəbəyliyinin xidməti ərazisində onlarla şəxsə fərdi ev tikməyə şərait yaradılıb. Bu işdə xüsusi ilə də ekologiya işçisi Kənan Fətullayevin fəal olduğu bildirilir.
Sakinlərin dediyinə görə, dövlət meşə fondunun torpaqları açıq şəkildə fərdi şəxslərə satılır. Belə ki, meşəbəyliyin 2 saylı dolayının ərazisində, daha konkret Qəbələdə yeni tikilən xəstəxananın yaxınlığında, el arasında "Pastar" kimi tanınan məhəllənin ətrafında qanunsuz evlər tikilir.
"Qəbələdə torpaq sahələrinin az qala Bakıdakı qiymətlər səviyyəsində olduğunu nəzərə aldıqda məlum olur ki, meşələri qorumalı olan vəzifəli şəxslər bu prosesdən əməlli başlı yararlanırlar", - deyə şikayətçilər qeyd ediblər.
Məlumata görə, təkcə Qəbələ şəhərinə yaxın olan meşə ərazilərində fərdi evlər tikilmir, o cümlədən Vəndam kəndinin dağdibi ərazisində dövlət meşə fonduna aid torpaqlarda hazırda 3 nəfər fərdi ev, talvar və "besetka" tikməkdədir.
Sakinlər bildiriblər ki, Kənan Fətullayev meşələrdəki qırıntılara görə hazırda həbsdə olan Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru İlqar Qəribovun qohumudur.
İlqar Qəribovun vaxtından Kənan Fətullayev meşələrin qənimi sayılıb.
Dəfələrlə Kənan Fətullayevin meşəbəyi işlədiyi sahədə qanunsuz ağac qırıntıları qeydə alınıb. Sonuncu dəfə Kənan Fətullayevin sinif yoldaşı olmuş meşə gözətçisi Qərib Xanəliyevə qanunsuz qırıntılara görə, cinayət işi qaldırılmış və gözətçiyə 3 il hökm oxunmuş, meşəbəyi Kənan Fətullayevə isə yüksək məbləğdə cərimə edilib. Amma nədənsə, Kənan Fətullayev vəzifəsində saxlanılıb.
Kənan Fətullayevi regional meşə təsərrüfatı mərkəzinin direktoru Əkrəm Babayevin himayə etdiyi vurğulanır: "Bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qəbələyə göndərilən əməkdaşlar Vəndam meşələrini formal olaraq yoxlamaqla işlərini bitmiş sayırlar. Halbuki Vəndam meşələrində kifayət qədər qanunsuz qırıntılar var və bu qırıntılarla bağlı mediada dəfələrlə foto-görüntülər yayılıb. Görüntülərdən məlum olur ki, regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları sanitar qırma sahələrindən istifadə edərək yüzlərlə sağlam palıd və fısdıq ağaclarını işlik material üçün kəsiblər", - deyə şikayətçilər qeyd ediblər.
Bir neçə gün öncə Qəbələ rayon sakinlərinin şikayəti əsasında "Arqument.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu göndərib.
Həmin şikayətdə bildirilirdi ki, qanunsuz qırıntılarla gündəmdə olan Vəndam meşəbəyliyinin sahə rəisi Kənan Fətullayevlə bağlı inzibati tədbir görülüb, yüzlərlə ağac qanunsuz kəsildiyi üçün o, cari ilin əvvəlində 11 min manat cərimələnib.
Bundan başqa, bildirilir ki, 11 min cərimə ilə bağlı hüquq-mühafizə orqanlarına Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzindən hər hansı bir müraciət də edilməyib. Hansı ki 3 min manatdan yuxarı cərimələr mövcud qanunvericilikdə korrupsiya faktı kimi araşdırılmalıdır.
Təəssüf ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən sorğuya hələ də cavab verilməyib.