Qərb ölkələri bir arada: “Rusiyanın qələbəsinə imkan verilməməlidir”

Qərb ölkələri bir arada: “Rusiyanın qələbəsinə imkan verilməməlidir”

20-04-2022 15:33 / Bu xəbər 4586 dəfə oxundu

Olaf Şolz: "Bu dəhşətli müharibəni dayandırın”

"Aprelin 20-də NATO ölkələri və tərəfdaşları Ağ Evlə videokonfrans zamanı Rusiya ordusunun Ukraynada qələbə qazanmasına imkan verməmək barədə razılığa gəliblər”.

Bu açıqlamanı Almaniya kansleri Olaf Şolz səsləndirib.

"Amerikanın səsi” yazır ki, videokonfransda Şolzla yanaşı, ABŞ, Polşa, Fransa, Rumıniya prezidentləri, Böyük Britaniya, Yaponiya və İtaliyanın baş nazirləri, eləcə də digər rəsmi şəxslər, o cümlədən Avropa İttifaqının liderləri iştirak ediblər.

"Aİ və NATO-dakı tərəfdaşlarımızla birlikdə Rusiyanın bu müharibədə qalib gəlməməsi fikrində tamamilə yekdilik”, – Şolz bildirib.

Kansler birbaşa Rusiya Prezidenti Vladimir Putinə müraciət edib:

"Ukrayna şəhərlərinin atəşə tutulmasını dayandırın. İcazə verin, dərhal atəşkəs yaradaq və əsgərlərinizi geri çəkin. Bu dəhşətli müharibəni dayandırın”.

Olaf Şolz Rusiyanın Ukraynadakı hərəkətlərini "mənasız müharibə” və "beynəlxalq hüququn açıq şəkildə pozulması” adlandırıb.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.