Qərb mediası ABŞ-ı qoyduğu sanksiyaları pozmaqda günahlandırdı

Qərb mediası ABŞ-ı qoyduğu sanksiyaları pozmaqda günahlandırdı

03-04-2020 22:19 / Bu xəbər 883 dəfə oxundu

Rusiyanın ABŞ-a göndərdiyi "humanitar yardım” ətrafında mübahisələr bitmir. 

Məlum olub ki, koronavirusla mübarizə üçün Rusiyanın ABŞ-a göndərdiyi humanitar yardım pulsuz olmayıb.

Arqument.Az xarici mediaya istinadən xəbər verir ki, humanitar yardıma ABŞ sanksiyaları altında olan "KRET" konserninin məhsulları da daxil imiş. 

ABŞ prezidenti Donald Tramp, martın 30-da Rusiya lideri Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın ABŞ-a koronavirusla mübarizə üçün lazım olan tibbi avadanlıq və dərmanların göndəriləcəyinin anonsunu verib. 

Aprelin 1-də axşam saatlarında isə humanitar yardımın ABŞ-a pulsuz başa gəlmədiyi məlum olub. 

"ABŞ Rusiyadan lazımi tibbi avadanlıqları, o cümlədən aprelin 1-də Nyu-Yorkda təhvil verilmiş süni nəfəs aparatları və fərdi qoruyucu vasitələri almağa razılıq verdi", - bu sözlər Dövlət Departamentinin sözçüsü Morgan Ortegusun verdiyi açıqlamada qeyd olunur.

Rusiyadan alınan mallar ABŞ Federal Fövqəladə İdarəetmə Agentliyinə (FEMA) təhvil verilib və 2 apreldə bunla bağlı yeni detallar məlum olub. Belə ki, yükün yarısını Rusiya birbaşa investisiya fondu (РФПИ), digərini isə Amerika tərəfi ödəyib. 

ABŞ-a gətirilən tibbi ləvazimatlar arasında Ural aləthazırlama zavodunun (Уральский приборостроительный завод) istehsal etdiyi «Aventa M» süni havalandırma aparatının da olduğunu məlum olub. Bu müəssisə öz növbəsində «Rostex” strukturuna daxil olan "Radioelektron Texnologiyaları” Konserninin (KRET) bir hissəsidir.

KRET isə öz növbəsində 2014-cü ilin iyul ayından bəri ABŞ-ın ən sərt sanksiya siyahısına daxil edilib. Tətbiq edilmiş sanksiyalara əsasən, ABŞ Maliyyə Nazirliyi tərəfindən müəyyən əməliyyatlar üçün xüsusi icazə verilmədiyi təqdirdə, ABŞ vətəndaşlarına və təşkilatlara bu qurumla hər hansı bir əməliyyat aparmaq qadağan olunub.

Konsernin istənilən törəmə şirkətləri də avtomatik olaraq eyni sanksiyaların altına düşür. 

Xarici Aktivlərə Nəzarət Bürosunun (OFAC, ABŞ Maliyyə Nazirliyi Sanksiyalar şöbəsi) keçmiş baş məsləhətçisi Brayan O'Tulun sözlərinə görə ümumiyyətlə, ABŞ hökumətinin sanksiya altında olan KRET konsernindən mal almaq hüququ olmayıb. 

RBC nəşri üçün KRET konserninin şərhində deyilir ki, onlar tərəfindən süni havalandırma aparatları ilə yalnız dövlət təmin edilir və "Rostex” qurumun tərkibində olan ayrı-ayrı müəssisələr, koronavirusun yayılması ilə mübarizə üçün digər cihaz və mallar istehsal edərək daxili bazara təqdim edir. 

Qeyd olunan cihazların dövlətlərarası yardım məqsədləri üçün istifadə edilməsi isə prezident və hökumətin səlahiyyətidir. 

"ABŞ hakimiyyəti tərəfindən KRET konsernindən tibbi avadanlıqların birbaşa alınması təsdiq olunmasa da bu, sanksiya rejiminin potensial pozulmasını təkzib etmir. Əlbəttə ki, OFAC hər zaman sanksiya altında olan şəxslə bağlanmış sövdələşmə üçün daxili xüsusi lisenziya verə bilər, lakin çox güman ki, bununla bağlı heç bir lisenziya verilməyib. Bu vəziyyətdə ABŞ rəhbərliyi öz sanksiyaların öz tərəfindən pozulması ehtimalını istisna etmək olmaz”, -  deyə O'Tul bildirib. 

Nizami