Qətlin şahidi polisi ifşa edir

Qətlin şahidi polisi ifşa edir

21-06-2022 15:11 / Bu xəbər 678 dəfə oxundu

Mayın 7-də Şəmkir sakini Arzu Cabbarov rayonun mərkəzi xəstəxanasında vəfat edib.

O, xəstəxanaya polislər tərəfindən qolundakı kəsiklərlə gətirilib.

Xəstəxanaya gətirilərkən yolda yaxın qohumlarına səsli mesaj göndərib – "məni doğradılar, qolumu kəsdilər, xəstəxanaya aparırlar, tez özünüzü çatdırın”.

Bu səs qohumlar tərəfindən sosial şəbəkələrdə yayıldıqdan bir saat sonra Daxili İşlər Nazirliyi məlumat yaymışdı ki, Arzu Cabbarov tanışı olan bir qadının evində onunla mübahisə edərkən şüşəni sındırıb və öz qolunu kəsməklə intihar edib.

Ancaq Cabbarovun ailəsi və yaxın qohumları onun polislər tərəfindən şantaj olunduğunu bildirirlər, ölümünə səbəbkar kimi polisləri görürlər.

Daxili İşlər Nazirliyi isə deyilənləri böhtan adlandırıb.

Yeganə Yusifova: "Bu qurulmuş bir iş idi. Mən də istəyirəm ki, bu şər-böhtan üstümdən götürülüsün. Məni döyüb izahat aldılar, boynuma qoydular. Feyruz Arzu Cabbarovu getdiyimiz evdə döydü. Amma o qolunu kəsmədi, onun qolunu şüşə ilə Feyruz İbrahimov kəsdi. Şüşəni iki dəfə çəkdi, kəsmədi, üçüncü dəfə qolunun bükəcəyi hissədən şüşəni qoluna soxdu”

Hadisənin yeni təfərrüatları iyunun 20-də Toplum TV-nin canlı efirində üzə çıxıb.

Daxili İşlər Nazirliyinin məlumatında Arzu Cabbarovun tanışı kimi təqdim edilən Yeganə Yusifova efirə qoşularaq, polisin Arzu Cabbarova qarşı tələ hazırladığını və özünün də bu məqsədlə istifadə olunduğunu deyib.

"Polis rəisinin müavini Bayram İsmayılov mənə hədə-qorxu gəldi. Mən boyun qaçırsam da, dedi ki, sən artıq bu oyunun içindəsən. Məni övladlarımla sınadı”

O polislərdən birinin Arzu Cabbarovun qol büküyünə şüşəni çəkərək kəsdiyini də bildirib: Yeganə Yusifova hadisədən sonra bir həftəyə yaxın polis bölməsində saxlandığını, yanlış ifadə verməyə məcbur edildiyini deyib.

"Arzu Cabbarov qadın döyən insan deyildi. Bunları izahatda mənə Bayram yazdırdı. 7 gün polislər məni döydülər, iz qoydular bədənimdə ki guya məni rəhmətlik döyüb”

Yeganə Yusifovanın sözlərinə görə, polislər onu  ailəsiylə və öz həyatı ilə təhdid ediblər və təhdid etməyə davam edirlər.

O, həyatının təhlükədə olduğunu qeyd edir.

Söhbəti tam olaraq, "Toplumda debat” verilişinin 20 iyun buraxılışında dinləyə bilərsiniz: