Qiyas İbrahim BSU-dan diplomunu ala bilmədiyini deyir

Qiyas İbrahim BSU-dan diplomunu ala bilmədiyini deyir

24-12-2024 20:16 / Bu xəbər 117 dəfə oxundu

Ondan 3000 manat ödəməyi tələb edirlər

İctimai fəal Qiyas İbrahim tələbəsi olduğu Bakı Slavyan Universitetindən (BSU) diplomunu ala bilmədiyini deyir.

Fəal bu barədə "Facebook” hesabında yazıb.

Qiyas İbrahimin sözlərinə görə, BSU-nun Maliyyə Şöbəsindən ona bildirilib ki, 2013-2014 və 2014-2015-ci illər üzrə – ikinci və üçüncü kurslar – ödənilməmiş 3000 (üç min) manat təhsilhaqqı borcu var.

Qiyas İbrahim 2016-cı ildə digər gənc fəal Bayram Məmmədovla birlikdə mərhum Prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamıyla həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi.

Təxminən 3 il sonra onlar əfv sərəncamıyla azadlığa buraxılmışdılar.

Həbs olunandan sonra təhsilini yarımçıq qoymalı olan Qiyas İbrahim 2019-cu ildə bərpa üçün universitetə müraciət etmişdi.

"2019-cu ildə bərpa edilmək üçün universitetə gedəndə, mənə ancaq bir illik- 2014-2015-ci il üçün borcumum qaldığını demişdilər. Bu da əssassız idi və sonradan düzəliş edilmişdi”, – Qiyas İbrahim xatırladır.

Bildirir ki, indi isə 2013-2014-cü illər də əlavə olunaraq, ondan 3000 manatı ödəməyi tələb edirlər.

"Sistemdə onların ödənmiş kimi göstərdikləri təhsilhaqqları da şəxsi işim içərisində yoxdur. Orada ancaq 2016-ci ildən qalma və sonra 2019-cu ildə ödədiyim 300 manatın qəbzi qalıb. Məndən 10-11 il əvvəlin qəbzini istəyən müəssisə mənim verdiyim kağızları saxlamayıb və buna görə günahkar sayılıram. 2019-cu ildə universitetə bərpa olunmaq üçün müraciət edəndə, mənə bir illik, yəni 1500 manat borcum olduğu deyilmişdisə, dediyim kimi, o da əssasız idi. İndi deyirlər ki, 3000 manat borcun qalıb”, – fəal qeyd edir.

O eyni zamanda xatırladır ki, Azərbaycan universitetlərində tələbələr nəinki illik, hətta bir semestrlik borcla belə imtahanlara buraxılmırlar: "Oxuduğum dövrdə də belə idi və neçə nəfər ödəyə bilmədiyi üçün imtahana girə bilməmişdi. Ödənişi gecikdirdiyim üçün hətta mən də bir imtahana buraxılmamışdım”.

Qiyas İbrahim hesab edir ki, onun universitetə ödədiyi təhsilhaqqı kimlərsə tərəfindən mənimsənilib: "İndi mənə sübut etməyə çalışırlar ki, iki il təhsilhaqqı ödəmədiyim halda 4-cü kursa buraxılmışam. Sonra da ancaq o ilin təhsilhaqqını ödədiyim və digərlərini ödəmədiyim halda dövlət imtahanlarına buraxılmışam. Daha doğrusu, 2016-cı ildə də buraxılmışdım, sadəcə, dövlət imtahanı yarımçıq qalmışdı. 2019-cu ildə isə məhz universiteti bitirmək üçün bərpa edildim. Əslində, mənim əvvəlki illlərdən heç bir borcum yox idi və yalnız son ilin təhsilhaqqının 300 manatı qalmışdı. Hansı ki, növbəti imtahana girmək üçün onu ödəməyə gedərkən polis tərəfindən saxlanılmışdım, daha doğrusu oğurlanmışdım”.

Qiyas İbrahim deyir ki, 2019-cu ildən bəri müəyyən səbəblərə görə universitetdən diplomunu götürməyə getməyib: "O vaxt həll edilmiş məsələni mənim beş ildir diplomumu götürməyə getməməyimdən istifadə edərək, rəqəmləri artırıblar. 10-12 il əvvəl vaxtında ödədiyim təhsilhaqqımı niyə yenidən ödəməliyəm? İki illik borcu qalan adam necə hələ 2016-cı ildə dövlət imtahanlarına buraxılıb və diplomu da hazırdır? Hansısa işçinin yarıtmaz fəaliyyəti, yaxud da "ideoloji vəziyyəti düzəltmək üçün” təyin edilmiş o vaxtkı rektorun (Nurlana Əliyeva nəzərdə tutulur-red.) müəssisəni korrupsiya yuvasına çevirməsinin əvəzi niyə məndən çıxmalıdır? Mənim qanuni və haqlı tələbimi yerinə yetirin və diplomumu verin. Haqsız yerə məndən tələb edilən o pulu ödəməyə məcbur qalsam, bunun nəticələri olacaq”.

Elm və Təhsil Nazirliyindən Meydan TV-nin məsələ ilə əlaqədar sorğusuna BSU-dən mövqe almaq tövsiyə edilib.

BSU isə sorğumuzu cavablandırmayıb.

Nurlana Əliyeva 2016-2021-ci illərdə Bakı Slavyan Universitetinin rektoru olub.

O, tələbələrin ödədiyi təhsilhaqqı ödənişlərinin mənimsənilməsilə bağlı qalmaqaldan 5 ay sonra vəzifəsindən azad edilib.

O, 12 il (2009-2021) YAP-ın Qadınlar Şurasının da sədri olub.