“Qızıl Qum” çimərliyinə axıdılan çirkab: nazirlik “dəfələrlə yazmışıq” deyir, “Azərsu” susur

“Qızıl Qum” çimərliyinə axıdılan çirkab: nazirlik “dəfələrlə yazmışıq” deyir, “Azərsu” susur

16-01-2021 00:28 / Bu xəbər 1848 dəfə oxundu

"Heç də təəcüblənməyin, bura Bakı şəhəri, Pirşağı qəsəbəsidir. Ətraf ərazilərdən, evlərdən, müəssisələrdən çirkab, kanalizasiya suları dənizə axıdılır. Qumuyla məhşur olan Pirşağı çimərliyi isə artıq o qədər çirklənib ki, indi onun özünə kömək lazımdır”. 

Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası nümayəndəsi qida mühəndisi Emin Dostiyari çirkab sularının həm Xəzər dənizindəki canlıların, həm də insanların sağlamlığı üçün təhdid olmasına diqqət çəkir: "Siz adi halda dənizdə bu qədər köpük görə bilməzsiniz. Suyun tərkibindəki kimyəvi maddələr o qədər çoxdur ki, açıq-aşkar özünü biruzə verir. Sən demə, illərdir vəziyyət beləymiş: nə İcra Hakimiyyəti, nə də səlahiyyətli qurumlar indiyədək heç bir tədbir görməyib. Axı kimsə cavab verməlidir?”
 
Emin Dostyari
FOTO: Sosial Media

Emin Dostyari balıqçıların sahildə ölü suitilər, balıqlar gördüyünü deyir: 
"Çirkab suları torpağın erroziyaya uğradır, torpağa hopan zərərli maddələr yeraltı su akvariumunu kimyəvi maddələrlə zəhərləyir. Bu dünənin, bugünün problemi deyil, illərdir vəziyyət beləymiş”.
  
 FOTO: Toplum TV

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov "Toplum TV”-nin sözügedən məsələylə bağlı sualına belə cavab verib: "Bu axar (Pirşağı ərazisində dənizə tökülən çirkab su axarı – red.) 2000-ci ildə çəkilib. O vaxtdan etibarən nazirlik tərəfindən mütəmadi olaraq orada monitorinqlər keçirilib, analizlər götürülüb, analitik təhlillər aparılıb və müəyyən edilib ki, doğrudan da suyun tərkibində fekal tərkibli çirkab sular mövcuddur. Bunun qarşısının alınmasi ilə bağlı yerli icra orqanlarına və "Azərsu”ya mərkəzləşmiş kanalizasiya sisteminin çəkilməsi və ya axarın yaxınlıqdakı bioloji təmizləyici qurğuya yönəldilməsi üçün dəfələrlə yazılı müraciət olunub”. 

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, həmin axarı "Azərsu” ASC Sabunçu rayonu İcra Hakimiyyəti ilə birlikdə Zabrat-Məhəmmədi gölünün səviyyəsini tənzimləmək üçün şəkib: "Onda bu tip iyirmiyə yaxın axar vardı. 2007-ci ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 17 ədəd modul tipli sutəmizləyici qurğu quraşdırılıb. Eyni zamanda, "Azərsu” ASC tərəfindən də müvafiq işlər görülüb”.

"Mərkəzləşmiş kanalizasiya sistemi olmayana qədər bu problem həll olunmayacaq”, – Ramal Bağırov cavabını bu sözlərlə bitirib.

Yerli qurumlar "Qızıl Qum” çimərliyini aralarında bölə bilmir....

Sabunçu rayon icra başçısının Pirşağı üzrə nümayəndəsinin müavini Abbas Məlik-Yeganov deyir ki, çirkab sularının dənizə töküldüyü yer inzibati bölgüyə görə Kürdəxanı nümayəndəliyinin nəzarəti altındadır: "O gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri də o ərazidə araşdırma apardılar, yəqin ki, tədbir görüləcək. Ərazi bizim nəzarətimizdə olmadığı üçün bir şey deyə bilmərəm”. 
 
Başçının Kürdəxanı üzrə nümayəndəsinin müavini Azər Məmmədovsa əksini iddia edir: "Qızıl Qum” çimrəliyi Pirşağı nümayəndəliyinin ərazisinə daxildir, onlarla əlaqə saxlayın. O xətt şəhərin mərkəzindən başlayıb Pirşağı qəsəbəsində bitir. "Azərsu” ilə danışın, ən dəqiqini onlar bilər. Həm də dənizə axıdılan su kanalzasiya mənşəli deyil, göllərdən gələn qrunt sularıdır”. 

Amma sonrakı sözləriylə Azər Məmmədov özü öz dediklərini təkzib edir: "Bizim vəziyyətdən xəbərimiz var, əlaqədar qurumlara, hətta "Azərsu"ya da yazıb bildirmişik. Pirşağı qəsəbəsində çirkab suları üçün qurğular quraşdırılıb, hazırda kanalzasiya xətlərinin ora qoşulması ilə bağlı işlər aparılır”.

Məsələylə bağlı Pirşağı Bələdiyyəsindən münasibət öyrənmək mümkün olmayıb – 2 gün ərzində vurduğumuz zənglərə "Sədr yerində yoxdur, gələndə məlumat verəcəyik” cavabı verilib.

"Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı hələ 2019-cu ildə mediaya verdiyi açıqlamada sözügedən ərazi ilə bağlı xüsusi layihə hazırlandığını bildirmişdi: "Corat və Novxanı çimərliyində olduğu kimi, orada da çirkab suları təmizlənərək dənizə axıdılacaq. Yeni yaradılan sistem ən son tələblərə cavab verəcək. Bununla da dənizə kanalizasiya və çirkab sularının axıdılması problemi birdəfəlik həll ediləcək”.

"Azərsu” ASC-nin rəsmi saytında ptən ilin dekabr ayında yerləşdirilmiş məlumata görə, Koreya İxrac-İdxal Bankı ilə birgə maliyələşdirilən layihə üzrə tikintisi başa çatmaqda olan Pirşağı sutəmizləyici qurğusunda fəaliyyət göstərəcək işçilər üçün təcrübənin artırılması təlimləri keçirilib. 

"Azərbaycan hökumətinin və Koreya Respublikası İxrac-İdxal Bankının birgə maliyyələşdirdiyi "Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində Pirşağı qəsəbəsi yaxınlığında məhsuldarlığı sutkada 40 min kubmetr olan bioloji tipli tullantı sutəmizləyici qurğular kompleksinin tikintisi yekunlaşmaq üzrədir. 

İnşasında ən son texnologiyalardan istifadə olunan qurğuda Koreyada istehsal edilmiş mexaniki avadanlıqlar quraşdırılıb. Qurğu Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq. Bu layihə Xəzər dənizinin ekoloji təhlükəsizliyinin qorunması baxımından xüsusi əhəmiyyət daşıyır” - məlumatda belə yazılıb.

"Azərsu” ASC-dən "yekunlaşmaq üzrə” olan işlərlə bağlı daha ətraflı məlumat almaq mümkün olmayıb qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı nə zənglərə, nə də ismarışlara cavab verib.

Azərbayacan Qida Təhlükəsizliyi Agentiliyinin mətbuat katibi Aysel Fərziyeva isə məsləyə belə münasibət bildirib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə aydınlıq gətirməlidir. Dəniz canlılarının zəhərlənməsinə gəlincə, agentlik bu işlərə qarışa bilmir. Bizim səlahiyyətimizə qidanın tərkibində zərərli maddələr aşkarlanan hallara münasibət bildirmək daxildir”.

Aysel Fərziyeva
FOTO: Sosial Mediys

"İctimai nəzarət olamayanda, dövlət qurumları istədiklərini edirlər”

Ekoaktivist Cavid Qara hazırki situasiyanı ölkə müstəqillik əldə edəndən bəri davam edən korrupsiya, rüşvət, məmur özbaşınalığıyla, bu sahədə heç bir planlaşdırmanın olmamasıyla izah edir.

Cavid Qara
FOTO: Toplum TV

Ekoaktivistin fikrincə, dövlət qurumlarını öz işlərinə ciddi yanaşmağa məcbur etmək üçün ictimai nəzarət olmalıdır: "Bu olmayanda, həm bu qurumlar, həm də ayrı-ayrı şirkətlər istədiklərini edirlər. Özəl qurumlar ekoloji nəzarəti həyata keçirsələr belə, problem həll olunmayacaq”.

İctimaiyyətin nəzarət imkanlarının çox məhdud olduğunu vurğulayan Cavid Qara Pirşağıda tullantı sularını idarəetmə mərkəzi tikildiyini xatırladır: "Hətta bitmək üzrə olduğu deyilirdi. Ola bilər ki, pandemiya və müharibə prosesi bir az ləngidib. Hər halda, o mərkəz işə düşəndə problem həll olunacaq. Hövsanda da tullantı sularının idarəetmə mətkəzi var, suyu müəyyən qədər təmizləyib dənizə axıtmaq üçün uyğun tərkibə çatdırmaqdır. Nə qədər düzgün işləyir? Bunu bilməmiz üçün ictimai nəzarət mexanizmi yoxdur”.

Video: Dostyari Emin 

Roza Məmmədova