Qorxmaz Hüseynovun qardaşı ilə bağlı Zakir Qaralova müraciət: "20 milyonluq mənimsəmə..."

Qorxmaz Hüseynovun qardaşı ilə bağlı Zakir Qaralova müraciət:

12-07-2019 15:28 / Bu xəbər 414 dəfə oxundu

Füzuli Rayonu Böyük Bəhmənli kənd sakini Elnur İsmayılov Baş prokroru Cənab Zakir Qaralova müraciət edib.

Elnur İsmayılov Arqument.az-a bildirib ki, Baş prokurora ünvanladığı məktubda "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun külli miqdarda dövlət əmlakını mənimsədiyini vurğulayıb.

Onun sözlərinə görə, Faiq Hüseynov ARDNŞ-in Geofizika və Geologiya İdarəsinin rəis müavini işləyir.

İsmayılov əldə etdiyi korrupsiya faktları ilə bağlı polisə də müraciət etdiyini, lakin işin indiyə qədər araşdırılmadığını deyib.

O bildirib ki, söhbət 20 milyon manatlıq korrupsiya faktından gedir: "Sizə müraciət etməkdə məqsədim odur ki, Faiq Hüseynovun dövlət əmlakını mənimsəməsi barədə Sabunçu Rayonu Polis İdarəsinin 12-ci Polis Bölməsinə müracət etmişəm, amma rəsmi müraciətim mənə məlum olmayan səbəbdən araşdırılmır. Mən bu faktları dəfələrlə mediada da işıqlandırmışam". 

"Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı R.Güləliyevin yuxarıda qeyd etdiyim ciddi cinayət faktının guya araşdıraraq məntiqə sığmayan boş-boş sözlərə söykənmiş cinayət işinin başlanmasının rədd edilməsi barəsində qərar qəbul edib. Baxmayaraq ki, Polis İdarəsinin mənim şikayətim üzrə ərizə sizin rəhbərlik etdiyiniz Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən göndərilmiş və səbəb kimi analoji faktların araşdırılmasının DİO-nın səlahiyyətləri daxilində olduğu bildirib", - İsmayılov deyib.

O qeyd edib ki, Baş Prokurorluq bu məsələni ciddi nəzarətə götürməlidir: "Hüquqşunas olmasam da, bilirəm ki, rüşvətxorluq, korrupsiya, xüsusilə külli miqdarda dövlət əmlakının mənimsənilməsi faktları üzrə cinayət təqibi bilavasitə və birbaşa Respublika Prokurorluq orqanlarının səlahiyyətlərinə aiddir. Buna baxmayaraq, instansiya olaraq ərizə ilə müraciət etdim. Baş Prokurorluğu yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsi ərizələrimi Sabunçu RPİ-nə göndərib. Onlar da mənə birmənalı şəkildə bildirdilər ki, ərizənizdə göstərdiyiniz faktların mümkünlüyünün yoxlanılması səlahiyyətlərimiz daxilində deyil. Lakin buna baxmayaraq, ümidvaram ki, "Azərsu” ASC-nin prezidenti Qorxmaz Hüseynovun havadarlıq etdiyi qardaşı Faiq Hüseynov tərəfindən dövlət əmlakını mənimsəmə, talama faktının araşdırılması,günahkarların layiqli cəzalarına çatdırılması sizin şəxsi təşəbbüs və nəzarətinizlə həllini tapacaq".

Məsələ ilə bağlı Baş Prokurorluq və adıçəkilən şəxslərdən münasibət öyrənmək mümkün olmayıb.