Qırğızıstan prezidenti istefa verdi

Qırğızıstan prezidenti istefa verdi

15-10-2020 14:23 / Bu xəbər 961 dəfə oxundu

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov istefa vermək qərarına gəlib. 

Bu barədə "lenta.ru” saytı xəbər verib. 

Prezident yeni hökumətin yaradılmasının cəmiyyətdəki gərginliyi azaltmadığını, etirazçıların aqressiyasının dinmədiyini və hələ də onu istefaya çağırdıqlarını vurğulayıb. "Mən hakimiyyətdən yapışıb qalmamışam. Ölkə tarixində qan tökmüş və öz vətəndaşlarına silah qaldırmış bir prezident kimi qalmaq istəmirəm", - deyə Sooronbay Jeenbekov bəyan edib.  

Dövlət başçısı müxalif siyasətçilərə üzünü tutaraq, tərəfdarlarını küçədən yığışdırmağa səsləyib. "Heç bir hakmiyyət ölkəmizin bütövlüyündən və cəmiyyətdəki əmin-amanlıqdan daha vacib deyil", - deyə o vurğulayıb. 

Xatırladaq ki, Qırğızıstanda 4 oktyabrda keçirilən parlament seçkilərindən sonra elan edilən nəticələr narazılığa səbəb olub və kütləvi etirazlar baş qaldırıb. 

Seçkilərin ədalətli keçirilmədiyini bəyan edən etirazçılar parlament binasını ələ keçiriblər. 

Bundan sonra seçkilərin nəticələri ləğv edilib. Baş nazir və parlamentin spikeri istefa verib. 

Etirazlar səngimədiyindən prezident  Sooronbay Jeenbekov da istefa vermək məcburiyyətində qalıb.///Toplum.Tv