Qubad İbadoğlu: "İctimai nəqliyyatın, suyun, elektrik enerjisinin qiyməti artırılacaq"

Qubad İbadoğlu:

05-01-2021 14:00 / Bu xəbər 277 dəfə oxundu

Rövşən Ağayev: "Hökumət fermerlərə mütləq kompensasiya ödənməlidir"

"Azərbaycanda dizel yanacağının 70 faizə yaxını nəqliyyat, 30 faizə qədəri isə aqrar sektorda istifadə edilir. Dizelin qiymətinin artımı nəqliyyat istifadəçiləri, nəqliyyat sektoru ilə bərabər aqrar sektora da təsirini göstərəcək”.

İqtisadçı Rövşən Ağayev belə deyir.

O bildirib ki, son enerji balansına görə, aqrar sektor 305 min ton dizel yanacağı istehalak edib: "Hazırkı qiymət artımı aqrar sektor üçün 1 il ərzində əlavə 70 milyon manata yaxın izafi xərc yaradacaq. Eyni zamanda, benzin və dizel bahalaşması nəqliyyat sektoru üçün əlavə 300 mln. manata yaxın xərc yaradacaq”.

İqtisadçı deyib ki, sonda bu xərclərin hamısı istehlakçının cibindən çıxacaq: "Dizel yanacağının qiymətini artırmaq daha çox ekologiyaya qayğı ilə əlaqələndirilirsə, hökumət bu qayğını, sədaqəti başqa yolla da sübut edə bilərdi. Yanacağın qiymətinin əldə edilməsindən əldə olunan əlavə gəlirlər hesabına ölkəyə elektromobillərin və hibrid maşınların gətirilməsinə subsidiya verilsin. Məsələn, dəyəri 20 000 USD-ə qədər olan maşınlara idxal qiymətinin 25 faizi, 20000-30000 USD intervalında olanlara isə 20 faizi qədər subsidiya ödənsin. Əlavə olaraq, həm hibrid, həm də elektromobillər 0 faiz rüsum və vergisiz idaxal edilsin. Çıxış yolu yanacağın qiymətini qaldırmaq olmamalıdır”.

Rövşən Ağayevin sözlərinə görə, yanacağın qiymətinin qalxması fermerlərə də təsirsiz ötüşməyəcək: "Odur ki, onlara mütləq kompensasiya ödənməlidir. Çünki aqrar sektorun bütün fəaliyyəti dizel yanacağı üzərində qurulub”.

Rövşən Ağayev
Mənbə: Facebook

Tarif Şurası benzinin və dizel yanacağının qiymətinin bahalaşmasını əsaslandırmaq üçün əsas 3 arqument göstərib:

1) Ölkəyə avtomobil idxalının artması;

2) Qonşu ölkələrdə benzinin qiymətinin Azərbaycandakından baha olması;

3) 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılmasına görə modernləşdirmə xərclərinin yüksəlməsi.

Gömrük Komitəsinin məlumatına görə, 2020-ci ilin 11 ayında Azərbaycana 47.841 avtomobil idxal edilib. Onlardan 4486-ı daxili yanma mühərriklə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri olub. 146 avtomobil isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri olub.

İqtisadçı Qubad İbadoğlu deyir ki, 2019-cu illə müqayisədə avtomobil idxalı artsa da, dizel yanacağının istehsalı aşağı düşüb: "Avtomobil benzinin istehsalı isə cüzi artıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında 1041,9 min ton avtomobil benzini, 1911,2 min ton dizel yanacağı istehsal edidiyi halda, müvafiq göstəricilər 2020-ci ilin eyni dövründə 10 66,3 min ton və 1 881,3 min ton olub”.

Qonşu ölkələrdə benzinin qiymətinə gəlincə, iqtisadçı bildirib ki, Rusiyanın Novosibirsk şəhərində satılan Ai-92 benzinin qiyməti 94 qəpikdir. Eyni zamanda, Rusiyada ötən ilin noyabr ayına olan orta aylıq əmək haqqı 1127 manat olub. Bu, Azərbaycandakı orta aylıq əmək haqqından 422 manat çoxdur: "Bu hesabla orta aylıq əmək haqqına Rusiyada 1198 litr, Azərbaycana 705 litr benzin düşür. Tarıf Şurasının neft istehsalçısı olan Azərbaycandakı qiymətləri benzini və dizel yanacağını idxal edən Gürcüstanla, Belarusla, Ukrayna,Türkiyə müqayisə etməsi məsrəf amilinə görə iqtisadi cəhətdən düzgün deyildir. Belə müqayisə neft istehsalçıları olan Türkmənistan, Qazaxıstan, İran, İraq, Qatar, Küveyt, İndoneziya, Misir, Liviya, Oman, Bəheyn, Səudiyyə Ərəbistanı, Venesuela, hətta ABŞ-a aparılanda məlum olur ki, Azərbaycandakı qiymətlər bir çox ölkələrlə müqayisədə dəfələrlə bahadır”.

Qubad İbadoğlu
Mənbə: Meydan TV

2022-ci ilin iyununadək dizelin, 2023-cü ilin iyununadək Aİ-92 markalı benzinin AVRO-5 standartına tam uyğunlaşdırılmasına gəlincə, Qubad İbadoğlu deyir ki, modernləşdirmə xərclərinin artmasına görə məsrəfləri istehlakçılar nədən 1 il 6 ay və 2 il 6 ay qabaqdan ödəməlidirlər, anlaşılan deyil: "Bu hansı məntiqlə izah oluna bilər ki, hələ istehlak etmədiyin yüksək standarta görə ödənişi əvvəlcədən edəsən”.

İqtisadçı əlavə edir ki, Tarif Şurasının qərarı digər sahələrdə də qiymət artımına gətirib çıxaracaq. İlk növbədə taksi, ictimai nəqliyyat xidmətlərində, eləcə də nəqliyyatda daşımaların məsrəfi artdığına görə, istehlak mallarından tutmuş tikinti mallarınadək hər şey bahalaşacaq: "Ən çox bahalaşmaya məruz qalan sahələrdən biri də kənd təsərrüfatı məhsulları olacaq. Çünki, kənd təsərrüfatı istehsalında dizel yanacağı daha çox istifadə olunur. Məlumat üçün qeyd edim ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 881,3 min ton dizel yanacağı, 1 milyon 66,3 min ton avtomobil benzini istehsal olunub. İstehsal olunmuş dizel yanacağının 25 faiz kənd təsərrüfatında istehlak olunub”.

Qubad İbadoğlu bildirib ki, hazırkı qiymət artımı böyük özəlləşdirməqabağı həyata keçirilən preventiv addımların bir hissəsidir: "Odur ki, bu, son deyil, digər ictimai xidmətlərin nəqliyyatda gediş haqqının, suyun, elektrik enerjisinin, digər kommunal xidmətlərin də qiyməti bahalaşdırılacaq".

Yanvarın 5-də Azərbaycanda Aİ-92 benzinin qiyməti 1 manat, dizel yanacağının qiyməti isə 80 qəpik olub.

Dövlət Neft Şirkəti (SOCAR) Tarif Şurasına müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılmasını təklif edib.

Tarif Şurası Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 11,1 faiz qaldıraraq 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiymətini isə 33,3 faiz qaldıraraq 1 litr üçün 80 qəpik müəyyən edib.