Qubad İbadoğlu: "Çirkli əllərinizi qızımdan və ailəmdən çəkin"

Qubad İbadoğlu:

11-04-2021 23:04 / Bu xəbər 2646 dəfə oxundu

"Qızım Jalə ailəmizin Bakıda olan yeganə üzvüdür, nənəsi ilə birgə qalır. Son 1 aydır ki, dəfələrlə izlənildiyini, danışıqlarının dinlənildiyini hiss edərək mənə həyacan dolu məlumatlar çatdırıb. "Feysbuk" hesabına bir neçə dəfə haker hucumu olduğundan səhifəsini bağlayıb, yenisini açsa da, yenə də hucumlar davam edir".

Demokratiya və Rifah Hərakatının sədri Qubad İbadoğu "Feysbuk" hesabında qızı Jalə Bayramova ilə bağlı narahatlığını belə ifadə edib.

Hüquq-mühafizə orqanlarına açıq müraciət ünvanlayan hərəkat sədri bildirib ki, qızı fevral ayından davamlı təzyiq altındadır: "Tezliklə vətənə dönəcəyəm, mübarizənizi mənimlə aparın, sözünüz varsa, birbaşa mənə ünvanlayın, çirkli əllərinizi ailəmdən çəkin!"

"Adamlar mənə yaxınlaşdılar, qışqırıb evə qalxdım"

Jalə Bayramova "Toplum TV"-yə deyib ki, izlənildiyindən aprelin 9-da xəbər tutub:

"Sırağagün axşam yaşadığım yerin aşağısında yerləşən supermarketdən qoğal alıb, üzbəüz məhəllədəki skamyaların birində oturub yeməyə başladım. Mən oturduğum skamya işıqlı olduğundan iki oğlanın bir az uzaqda qaranlıq skamyada əyləşdiyini gördüm. Ehtiyat etdiyimdən həmin an yerimdən qalxıb oranı tərk etdim. Yolda gedərkən tez-tez geri baxıb izlənilib-izlənilmədiyimdən əmin olmaq istəyirdim. Gördüm ki, arxamca gələn yoxdur. Ona görə də yaşadığım binanın həyətindəki skamyada əyləşdim. Bir qədər sonra həmin iki oğlan maşınlar üçün nəzərdən tutulmuş sol girişdən məhəlləyə girib mənə yaxınlaşdılar və "Sizə nəsə lazımdır?" - dedilər. Qorxduğumdan qışqırmağa başladım və tez yaşadığım mənzilə qalxdım".

Jalə Bayramova- Amerikanın səsi

J.Bayramova bu təqibdən sonra əmin olub ki, onu izləyirlər: "Normalda onlar mənim arxamca gələrək qaldığım yeri müəyyənləşdirməli idi. Amma onlar digər yolla gəldilər, üstəlik, eyni yerə mənimlə eyni vaxtda, bəlkə də, daha tez çatmışdılar".

O, hesablarına tez-tez hücumlar olduğundan təhlükəsizlik üçün 2 "Votsap" nömrəsindən istifadə etdiyini deyir: "Yalnız ən yaxınlarımın bildiyi nömrəni şəxsi mesajlar üçün istifadə edirəm. Həmin nömrə 2 aydır alınıb və uşaqlıq dostumun adına qeydiyyatdadır. Nömrə yalnız "Votsap"-da qeydiyyatdan keçmək üçün bircə dəfə dostumun telefonuna taxılıb və daha sonra heç vaxt istifadə olunmayıb. Çox qəribədir ki, o axşam həmin şəxslərdən birinə bənzəyən (iki oğlan da maskasız idi) və "Getkontakt"-da heç bir məlumatı yazılmayan nömrədən mesaj gəldiyini gördüm. Mesaj, sadəcə, "Salam"dan ibarət idi".

J.Bayramova heç vaxt istifadə olunmayan nömrəyə mesajın gəlməsi və həmin adamların onun ünvanını bilməsindən narahatdır.

Ehsan Zahidov: "Məsələ araşdırılacaq"

O, Daxili İşlər Nazirliyinin (DİN) "102 xidməti"nə də məlumat verdiyini deyir.
 
Ehsan Zahidov-modern.az

DİN-in mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə bildirib ki, şikayətçi müraciət edibsə, məsələ araşdırılacaq və qanunamüvafiq cavab veriləcək.

Jalə Bayramova hüquqşünasdır. O həm də feminst hərakatının fəal üzvlərindəndir.

Sonuncu dəfə "8 Mart" aksiyası zamanı saxlanılmış və polislər tərəfindən fiziki zorakılğa məruz qaldığını bildirmişdi.