Qubad İbadoğlu: "Metroda qiymətlər artırıla bilər"

Qubad İbadoğlu:

26-05-2021 18:42 / Bu xəbər 1251 dəfə oxundu

""Bakı Metropoliteni” yeni dövr üçün məsrəflərini sərnişinlərin hesabına qarşılayacaq"

2020-ci ildə "Bakı Metropoliteni” QSC-yə dövlət büdcəsindən 40 milyon manat subsidiya ayrılıb.

Bu, 2018-ci ilə baxanda 18 faiz (8,8 milyon manat), 2019-cu illə müqayisədə isə 19 faiz (9,4 milyon manat) azdır.

Hesablama Palatasının "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində belə deyilir.

Palata bildirir ki, "Bakı Metropoliteni” QSC "Pandemiya ilə bağlı metro ilə sərnişindaşıma fəaliyyətinə maliyyə dəstəyi” adı ilə dövlət büdcəsindən əlavə 27 679 min manat vəsait də alıb. Ancaq bu məbləğin müəyyən hissəsini pandemiyaya aidiyyatı olmayan sahələrə xərcləyib: "Son nəticədə 2018-ci ilin avqustundan metroda sərnişindaşıma xidmətinin tarifinin bir gediş üzrə 50 faiz artması (20 qəpikdən 30 qəpiyə), eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarları ilə tətbiq olunan məhdudiyyətlər səbəbindən metro ilə sərnişindaşımanın 2020-ci ildə illik istismar təqviminin 30-40 faizi intervalında fəaliyyət göstərməsi şəraitində bu nəqliyyat sahəsinə yönəldilən əvəzsiz köçürmələr çərçivəsində dövlət büdcəsinin maliyyə yükü azalmayıb, əksinə, artıb. Dövlət büdcəsindən əvəzsiz əsaslarla alınmış maliyyə vəsaitlərinin təxminən 25 mln. manat civarında olan hissəsi xammal, materialların və təmizlik xidmətlərinin alınması istiqamətləri üzrə xərclənsə də əhəmiyyətli hissəsi debitor borclardan və mal qalığından ibarət olub".

Hesablama Palatası qeyd edir ki, metronun pandemiyaya görə aldığı vəsaitin 8 320,5 min manatı əvvəllər bağlanılmış müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsinə və 135,8 min manatı isə vergi ödənişlərinə yönəldilib və bu da aidiyyatı üzrə xərclənmədiyi deməkdir.

Hesablama Palatası bu qənaətə gəlib ki, "Bakı Metropoliteni” QSC dövlət vəsaitlərini təyinatından kənarlaşdırıb.

İqtisadçı Qubad İbadoğlu deyir ki, yəqin, "Bakı Metropoliteni” QSC yeni dövr üçün məsrəflərini sərnişinlərin hesabına qarşılayacaq.

O hesab edir ki, metroda genişhaqqı qaldırıla bilər: "Ola bilər ki, "Bakı Metropoliteni” QSC-nin sifarişi ilə metroda gedişhaqqı qaldırılsın. Belə ki, bir müddət əvvəl "Bakı Metropoliteni” QSC açıqlamışdı ki, 1 sərnişinin ötən il daşıma xərci 97 qəpik olub".

"Eyni şeyi AZAL da edib. Hesablama Palatası bu qurumla bağlı rəyində bildirilir ki, pandemiya dövründə "Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) nəzərdə tutulmuş 230,9 mln. manatın 215,5 mln. manatı AZAL-a, 15 mln. manatı isə Milli Aviasiya Akademiyasına ödənilib. Ancaq AZAL ayrılmış vəsaitin yalnız 32,3 faizini əməkhaqqı və ona bərabər tutulan ödənişlərə xərcləyib. Digər hissəsi isə təyinatından kənarlaşdırılaraq başqa istiqamətlərə yönəldilib. Əslində bu vəsaitlər muzdlu işçilərin əməkhaqqında dəstək məqsədilə ayrılır. AZAL isə uzun müddətdir ki, nə işçilərin maaşlarını verir, nə də icra etmədiyi uçuşlara görə əvvəlcədən ödənilən vəsaitləri sərnişinlərə qaytarır", - Qubad İbadoğlu belə deyir.

Son zamanlar metroda qiymət artımı olacağı ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, metroda bir sərnişinin daşınması 97 qəpiyə başa gəlir.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə bildirib ki, hər sahədə olduğu kimi, metroda da proqnozlaşdırma var.

Hesablanıb ki, əgər iyunun 1-də metro açılarsa və il ərzində təxminən 132 milyon sərnişin daşınarsa, bir sərnişinin daşınmasına çəkiləcək xərc 97 qəpik olacaq: "2019-cu ildə bir sərnişin 51 qəpiyə başa gəlib, sərnişin 30 qəpiyə daşınıb. 2020-ci ildə bir sərnişin 1 manat 54 qəpiyə başa gəlib, daşınıb 30 qəpiyə. 97 qəpik isə proqnozlaşdırılandır. Yəni qiymət faktiki daşınan sərnişinə görə bəlli olacaq. Amma qiymət artımı fərqli mövzudur. Maraqlanmaq istəyənlər üçün bildirim ki, hələlik, Tarif Şurasına müraciət olunmayıb. Əsas vəzifə indi infrastrukturu qoruyub saxlamaqdır".

Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.

Bu barədə mayın 25-də Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirilib.