Qubad İbadoğlu: "Oydan da pul qazanırlar, vaydan da"

Qubad İbadoğlu:

25-06-2020 14:27 / Bu xəbər 1573 dəfə oxundu

"TƏBİB-də baş verənlər maraqlar münaqişəsi haqqında Qanun qəbul edilməməsi ilə bağlıdır. Belə Qanun layihəsi hazır olsa da, Milli Məclis onu müzakirəyə çıxarmır".

Bunu Azərbaycan Demokratik Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlu deyib.

O bildirib ki, koronavirus pandemiyası dövründə korrupsiya araşdırmaları hələ çoxlu yeyinti faktları aşkara çıxaracaq: "Meydan TV-nin jurnalist araşdırması nəticəsində məlum olan faktlar (tibb işçiləri üçün maarifləndirmə tədbirlərini TƏBİB-in rəhbərinin təsisçisi olduğu "Azərbaycan Klinik Laboratoriya Mütəxəssisləri” İctimai Birliyi tərəfindən həyata keçirilməsi, COVID-19 infeksiyasının RT-PCR testinin TƏBİB rəhbərinə məxsus "İNCİ laboratoriyaları" Məhdud Məsuliyyətli Cəmiyyətin və filialları tərəfindən keçirilməsi) açıq maraqlar münaqişəsidir. Bütün bunlar indiyədək "Maraqlar münaqişəsi haqqında" qanunun qəbul edilməməsinin nəticəsidir. Bu Qanunun layihəsi mütəxəssislər tərəfindən çoxdan hazırlansa da, Milli Məclis onu siyasi göstəriş almadığından müzakirəyə çıxarmır".

"TƏBİB-ə istinadən bildirilir ki, dünənə qədər ölkədə koronavirusla bağlı ümumi test sayı 432 858-ə çatıb. Ötən gün Azərbaycanda koronavirusla bağlı 6 464 test aparılıb. Hazırda testlər yalnız xəstələr üçün deyil, həmçinin xaricə AZAL reysləri ilə səfər edənlər üçün də məcburidir. Odur ki, testlərin gündəlik saylarının getdikcə artacağı gözlənilir. Hazırda COVID-19 infeksiyasının müəyyənləşdirilməsi üçün yaxma nümunələrinin yoxlama qiyməti laboratoriyada 130 manatdır. Araşdırmalara görə, 1 testin maya dəyəri 40 manat təşkil edir", - İbadoğlu qeyd edib.

Onun sözlərinə görə, maliyyə xərcləri ilə bağlı TƏBİB-ə və İqtisadiyyat Nazirliyinə göndərilən informasiya sorğuları cavabsız qalır: "Məlumat üçün qeyd edim ki, korrupsiya potensialının yüksək olduğu tibbi avadanlıqların və ləvazimatların alınmasıdır. Bunun üçün Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrılsa da, ondan əlavə 150 milyon manatın ayrılması nəzərdə tutulsa da, bu vəsaitin necə bölüşdürülməsi, hara, necə və kim tərəfindən xərclənməsi ilə bağlı TƏBİB-ə və İqtisadiyyat Nazirliyinə rəsimi olaraq təqdim etdiyimiz informasiya sorğuları hələ də cavabsız qalır. Görünən odur ki, ölkədə korrupsionerlər üçün daha əlverişli mühit yaranıb. Əhalinin başı virusa qarışdığı son 3 ayda hakimiyyətdə olan səlahiyyət sahibləri səhiyyə büdcəsinin vəsaitlərini oğurlamaq, vəzifə səlahiyyətlərindən sui-istifadə edib biznes qurmaq əməllərini daha da genişləndiriblər. Bir sözlə, oydan da, vaydan da pul qazanmağa başlayıblar".