Qubad İbadoğlunun portreti Bonn İqlim Konfransı iştirakçılarının qaldığı otelin üzərinə asılıb

Qubad İbadoğlunun portreti Bonn İqlim Konfransı iştirakçılarının qaldığı otelin üzərinə asılıb

06-06-2024 18:11 / Bu xəbər 649 dəfə oxundu

Qubad İbadoğlunun portreti Bonn İqlim Konfransının iştirakçılarının qaldığı otel binasının üzərinə asılıb.

Bu barədə Q.İbadoğlunun qızı Jalə Bayramova məlumat verib.

O bildirib ki, Almaniyanın Bonn şəhərində keçirilən Bonn İqlim Konfransının əsas iştirakçılarının yerləşdiyi "Marriott” mehmanxanasının binasında hazırda iki ağır maddə ilə ittiham olunaraq istintaq müddətində polis nəzarətinə verilmiş London İqtisad Məktəbinin və Drezden Universitetinin professoru Qubad İbadoğlunun portreti yerləşdirilib. 

Şəklin üzərində "Qubada azadlıq” yazılıb.

Belə bir təşəbbüslə Beynəlxalq "Global Witness” təşkilatı çıxış edib.

İyunun 3-dən başlayaraq Almaniyanın Bonn şəhərində İqlim Konfransı keçirilir. 

Yardımçı qurumların 60-cı toplantısı kimi də tanınan Bonn İqlim Konfransı Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını (UNFCCC) imzalayan ölkələri bir araya gətirir.

Bonn İqlim Konfransı Dubayda keçirilən COP28 ilə Azərbaycanda keçiriləcək COP29 arasında həlledici orta nöqtə rolunu oynayır və onun nəticələri qlobal iqlim danışıqlarının növbəti mərhələsi üçün zəmin yaradır.

İyunun 13-dək davam edəcək konfransa UNFCCC üzv olan ölkələrin hökümət və parlament nümayəndələri, şirkətlərin, beynəlxalq və yerli QHT-lər, media nümayəndələri daxil olmaqla 7000-ə qədər iştirakçı qatılıb.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham irəli sürülüb.

Ötən il iyulun 24-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə professor barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib, noyabrın 16-da isə həbs müddəti daha 3 ay uzadılıb. 

Bu il fevralın 24-də bu müddət daha 3 ay uzadılıb.

Qubad İbadoğlu aprelin 22-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb. 

Daha son isə bu qərar da dəyişilib və o, polis nəzarətinə verilib.