Qüdrət Həsənquliyev: “Yüksək çinli məmurlar çalışacaqlar ki, biz Milli Məclisə düşməyək”

Qüdrət Həsənquliyev: “Yüksək çinli məmurlar çalışacaqlar ki, biz Milli Məclisə düşməyək”

27-06-2024 14:54 / Bu xəbər 808 dəfə oxundu

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev mediaya son açıqlamasında maraqlı məqamlara toxunub. 

O, Milli Məclisə gözlənilən seçkilərdən danışıb. 

"Xalqcebhesi.az"a danışan deputat bu seçkilərin Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra ilk olduğunu xatırladıb: "Ona görə çox əlamətdardır. Seçkilərdə heç bir müxalifət partiyasının qalib gəlmək şansı yoxdur. Çalışacağıq ki, parlamentdə yerlərimizin sayını artıraq. Parlamentdə müxalifət fraksiyasının yaranması üçün başqa partiyalarla danışıqlar aparacağıq. Ümid edirəm, xalqımız partiyamızın və deputat kimi mənim fəaliyyətimi qiymətləndirəcək və yenidən etimad göstərəcək”.

Q.Həsənquliyev bəzi narahatlığını ifadə edib: "Amma onun da fərqindəyəm ki, yüksək çinli və təkəbbürlü məmurlar seçkilərin gedişinə və nəticələrinə təsir göstərməyə çalışacaqlar ki, biz Milli Məclisə düşməyək. Çünki həm xaricdə, həm daxildə bizim fəaliyyətimizdən narazı güclü dairələr var. Biz şəxsi maraqlarımıza uyğun olmasa da milli mənafelər naminə ölkənin inkişafını ləngidən "tabu” sayılacaq problemlərdən, onların həlli yollarından danışmışıq. İstəmişik ki, vətəndaşlarımız siyasi baxımdan yetkin olsunlar. Bilirik ki, daxildə bəzi məmurlar tənqiddən nəticə çıxarıb işlərini daha yaxşı qurmaq əvəzinə, ondan narahatdırlar ki, Prezident onların peşəkarlığına və dürüstlüyünə şübhə ilə yanaşa bilər”.

Deputat bildirib ki, Milli Məclisdə konstruktiv müxalifətin, ciddi məsələlərlə bağlı alternativ ideyaların və tənqidi fikrin olmaması çox üzücü olardı. 

"Bizdən daha çox iqtidarın və dövlətimizin böyük uğursuzluğu sayılardı”, – Həsənquliyev bildirib.