Qukasyan, Saakyan və Arutyunyanın Qarabağı tərk etmədiyi bildirilir
02-10-2023 16:53 / Bu xəbər 838 dəfə oxundu
Azərbaycan 300-dən çox şəxsin axtarışa verildiyini deyir
Separatçı "Dağlıq Qarabağ Respublikası”nın (DQR) keçmiş rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Xankəndini tərk etmədikləri bildirilir.
Bu barədə oktyabrın 2-də Rusiyanın rəsmi dövlət agentliyi SİTA məlumat yayıb.
Məlumatda həmin şəxslərlə bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparıldığı qeyd olunub: "Moskva vaxtı ilə saat 11:00-a olan məlumata görə, hər üç keçmiş lider Stepanakertdədir. Hazırda Azərbaycan tərəfi ilə danışıqlar aparılır”.
Agentlik danışıqların gedişi ilə bağlı Azərbaycan hakimiyyətinin rəsmi şəxslərindən hələlik hər hansı şərh almayıb.
Baş prokuror həmin şəxslərin könüllü təslim olmasına çağırış etdi
Oktyabrın 1-də Azərbaycanın Baş prokuroru Kamran Əliyev yerli jurnalistlərə deyib ki, Qarabağ münaqişəsi başlayandan prokurorluq orqanları, o cümlədən digər hüquq-mühafizə orqanları tərəfindən erməni separatçıları, hərbi birləşmələrinin törətdikləri bütün cinayətlər sənədləşdirilib və sübutlar toplanılıb.
Onun sözlərinə görə, şərti olaraq həmin cinayətlər dörd qrupa bölünüb: "Birincisi, I Qarabağ müharibəsi dövründə törədilmiş hərbi cinayətlər, insanlıq, sülh əleyhinə, dinc əhaliyə qarşı törədilmiş terror cinayətləri və digər xarakterli cinayətlər. İkincisi, atəşkəs elan olunandan İkinci Qarabağ müharibəsinə qədər olan dövrdür. Həmin dövrdə atəşkəs elan olunmasına baxmayaraq, erməni qanunsuz silahlı birləşmələri tərəfindən hərbçilərimizə və dinc əhalimizə qarşı cinayətlər törədilirdi. Üçüncü kateqoriya 44 günlük Vətən müharibəsi (II Qarabağ müharibəsi) dövründə törədilmiş cinayətlərdir ki, bunlar da həmin dövrdə tərəfimizdən sənədləşdirilib və sübutlar toplanılıb. Dördüncü kateqoriya Vətən müharibəsi başa çatdıqdan sonra 10 noyabr 2020-ci ildən sonrakı dövrü əhatə edir”.
Kamran Əliyev 103 cinayət işinin başlanıldığını bildirib: "Həmin cinayətlərin törədilməsində iştirak edən 300-dən çox şəxs axtarışa verilib”.
Baş prokuror deyib ki, axtarışda olanlar barəsində həm Baş Prokurorluqda, həm Hərbi Prokurorluqda, həm də Dövlət Təhlükəsizlik Xidmətində aidiyyəti işlər aparılır: "Onların törətdikləri cinayətlər barəsində kifayət qədər sübutlar var. Axtarışda olan vəzifəli erməni separatçılarından dörd nəfəri artıq həbsdədir. Vətən müharibəsi dövründə Gəncənin raket zərbələrinə məruz qalması nəticəsində dinc əhalinin, körpələrin həyatını itirməsinə görə Davit Babayan, Araik Arutunyan və Cəlal Arutunyan axtarışa verilmişdi. Onların biri artıq həbsdədir, barəsində istintaq gedir. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti həmin şəxslər barəsində ətraflı məlumat alacaqlar. Axtarışda olan digər şəxslərə müraciət edirəm ki, könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olsunlar. Onsuz da gec-tez tapılaraq həbs olunacaqlar”.
Qarabağ müharibəsi ilə bağlı həbslər
Sentyabrın 27-də separatçı "Dağlıq Qarabağ”ın keçmiş "dövlət naziri” Ruben Vardanyan həbs olunub.
Sentyabrın 30-da Baş Prokurorluq saxlanılmış separatçı qurumun "prezident aparatı rəhbərinin müavini” Davit Klimoviç Babayana və rejimin sabiq "müdafiə naziri” Lyova Mnatsakanyana ittihamları elan edib.
Sentyabrın 28-də separatçı "Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan "respublika”nın buraxılması barədə fərman imzalayıb.
O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.
"Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.
Separatçı respublika nə vaxt yaranıb?
1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.
Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə "Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.
Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.
Qarabağda son əməliyyatlar
Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.
Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu "Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.
İkinci Qarabağ münaqişənin qısa xronikası
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.
Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.