Qulaqbatırıcı səs-küy, rütubət, 22 il ev gözləyən ailələlər… - REPORTAJ

Qulaqbatırıcı səs-küy, rütubət, 22 il ev gözləyən ailələlər… - REPORTAJ

02-04-2020 18:18 / Bu xəbər 2179 dəfə oxundu

"22 ildir ki, ev gözləyirik, artıq ümidimiz də qalmayıb. Bu havasız, rütubətli yerdə yaşamağa davam edirik".

Bunu Arqument.Az-a Füzuli rayonundan olan məcburi köçkün Güllü Baxşıyeva deyir.

Onlar 22 ildir ki, Bakının Dərnəgül qəsəbəsindəki 3 saylı beton zavodda məskunlaşıblar. 


Güllü Baxşıyeva və qonşuları bura 1993-cü ildə Füzuli rayonu işğal olunanda üz tutublar. 

Bu zavod isə Sovet dövründə fəaliyyət göstərib və Sovet İttifaqı dağılandan sonra işini dayandırıb. 

Güllü Başıyeva deyir ki, 2000-ci illərin sonlarına yaxın dülgərlər və dəmirçilər zavod ərazisinin bir qismində kiçik emalatxanalar qurublar.  
Orada görülən işin nəticəsində isə qulaqbatıran səs-küydən dayanmaq olmur. Bundan əlavə, sexlərdən tüstü çıxır, ətrafa toz-torpaq yayılır. Köhnə zavodun ərazisində tez-tez yanğın hadisələri də baş verir. 


 
Hazırda bura emalatxanalardan əlavə, məcburi köçkünlərə sığınacaq rolunu da oynayır. Artıq 20 ildən çoxdur ki, burada yaşayan 100-dən çox ailə mənzillə təmin olunmasını gözləyir. 

Mənzərə isə belədir: karton kağızlardan düzəldilən evlər, köhnə zavodun qalıqları və təzəlikcə zavodda gedən iş nəticəsində yaranan qulaqbatırıcı səs-küy…

Sakinlər isə artıq bu şəraitdə yaşamağa dözə bilmədiklərini deyirlər: "Rütubət, qulaqbatıran texnika səsi, şəraitsizlik burada həyatının bir parçasına çevrilib”. 

Əvvəllər köçürülməyə ümidləri olsa da, artıq buna da inamları qalmayıb: "İillərdir ki, binalar tikilir, məcburi köçkünlər yerləşdirilir ancaq bizə verilən vədlər yerinə yetmir ki, yetmir”. 
 
Şəhərin mərkəzində yerləşən ancaq şəhər anlayışına heç cür uyğun gəlməyən bu köhnə zavodda yaşayan yüzlərlə sakindən biri kimi Güllü Baxşıyevanın da mənzil problem həllini tapmır.

"Füzuli rayonu işğal olunandan bəri zavodun ərazisindəki birotaqlı daxmada, bu şəraitdə yaşayırıq. Ev-eşiyimizi, olanımızı-qalanımızı orada qoyub gəldik. Hər cür şəraitim var idi orda. İndi bu xarabalıqda yaşamağa məcburam”, - deyir Güllü Baxşıyeva.
 

O, qoyub gəldiyi evini, doğma rayonunu da tez-tez xatırlayır: "Elə gözəl yaşayışımız var idi ki, indi belə bir yerdə yaşamaq mənə çətin gəlir. Vallah, bu, heç yaşamaq da deyil, sürünməkdir. Yaşlı insanam, rütubət və havasızlıq məni lap əldən salır. Səs-küy isə gün ərzində rahatlıq tapmağa imkan vermir. Yaşlı adamam, onsuz da qulağım zəif eşidir, bu səs-küydə nə danışa bilirəm, nə də kimisə eşidirəm". 

Güllü Baxşıyeva burada tək yaşayır. Övladları ailə qurduqdan sonra ondan ayrı yaşayıblar. İndi də onu itirib-axtarmadıqlarından gileylənir. Heç bir yerdən maddi yardım almayan Güllü Baxşıyeva deyir ki, evdə olan köhnə əşyaları da qonşular verib. 



Tək arzusu ömrünün son illərini yaxşı şəraiti olan bir mənzildə yaşaya bilməkdir: "Hökumət bizə diqqət ayırmalıdır, axı başqa kimdən yardım istəyə bilərəm ki? Qonşularla birlikdə dəfələrlə dövlət qurumlarına müraciət etmişik. Bizim vəziyyətimizdən xəbərləri var. Ancaq dəyişən heç nə yoxdur. Arada gəlib nəsə yazıb-pozub gedirlər". 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev Arqument.Az-a sorğusuna cavabında deyib ki, məcburi köçkünlərin dövlət yaşayış fonduna məxsus yeni yaşayış sahələrinə köçürülməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə təsdiq etdiyi "Qaçqınların  və məcburi   köçkünlərin  yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na, bu proqrama 2007 və 2011-ci illərdə edilmiş əlavələrə uyğun olaraq məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edilir. Bundan başqa, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və müraciəti əsasında ölkəmizin özəl sektoru da bu problemin həllinə dəstək verməkdədir”.  

İbrahim Mirzəyev

"Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı vəziyyətdə olduğu barədə rəy verilmiş bina və tikililərdə müvəqqəti məskunlaşmış, həmçinin uzun müddət ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni yaşayış sahəsi ilə birinci növbədə təmin edilirlər. Köçürülmə prosesi mərhələli şəkildə aparılır. Qeyd etdiyiniz ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri də mərhələli şəkildə yeni mənzillərlə təmin olunacaqlar”, - İbrahim Mirzəyev deyib. 

Azərbaycan Ermənistanla müharibə şəraitində yaşayır. İki ölkə arasında baş verən münaqişə nəticəsində isə Azərbaycana 1 milyondan artıq qaçqın və məcburi köçkün axın edib. 

Rəsmi məlumata görə, Azərbaycana ən çox qaçqın axını 1988-1992-ci illərdə qeydə alınıb.

Xarici İşlər Nazirliyinin (XİN) rəsmi açıqlamasında deyilir ki, həmin illərdə Ermənistandan qaçqın düşənlərin sayı 250 min nəfər olub. 

Eyni zamanda, 1990-cı ildə etnik münaqişələr nəticəsində  Orta Asiyadan didərgin salınmış 50 min nəfərədək Axısxa türkü də Azərbaycana sığınıb, onlara qaçqın statusu verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycana Ermənistandan 350 min, Orta Asiyadan 60 min qaçqın gəlib.  

Ölkədə "qaçqın” statusu almaq niyyətində olan sığınacaq axtaran şəxslərin sayı isə 1500 nəfərdir. 

Komitənin saytında qeyd olunur ki, 1988-1993-cü illərdə Ermənistanla münaqişə zəminində Dağlıq Qarabağ, ona bitişik yeddi rayon, eləcə də Ermənistanla həmsərhəd olan digər yaşayış məntəqələrindən Azərbaycanın digər bölgələrinə köçmək məcburiyyətində qalan şəxslərin sayı 789 min nəfərdir.


 
Beləliklə, Azərbaycan hökuməti bu statistikaya istinad edərək qaçqın və məcburi köçkünlərin sayının 1 mln. 200 min 500 nəfər olduğunu deyir.

Çadırda şəhərciklərində məskunlaşan qaçqın və məcburi köçkünlərin mənzil problemlərinin həllinə 2000-ci illərin əvvəllərində başlanılıb. 

Qaçqın və məcburi köçkünlərin məzillə təmin edilməsi proqramının icrasına 2007-ci ildən başlanılıb. 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2001-2016-cı  illər ərzində qaçqın və məcburi köçkünlər üçün respublikanın 30-dan artıq şəhər və rayonunda  Dövlət Neft Fondundan və digər mənbələrdən ayrılmış  vəsait hesabına 3,2 milyon kvadrat metr sahəsi olan, bütün sosial-texniki infrastruktura malik 95 müasir qəsəbə salınmışdır. Bunun da 3,0 milyon kvadrat metr yaşayış sahəsinə malik  90-ı , yaxud 95 faizi son 13 ildə inşa edilib. Beləliklə, indiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, ondan da  46 min ailə,  yaxud 230 min nəfər (92 %) son 13 ilin payına düşür.



2016-cı il noyabrın 12-də Füzuli rayonu ərazisində 400 məcburi köçkün ailəsi üçün yeni salınmış yaşayış qəsəbəsinin açılışı olub.  Bununla da ölkə üzrə mövcud olmuş 16 fin tipli qəsəbələrin ləğvi prosesi başa çatdırılıb.

Sabirabad rayonunda fin tipli qəsəbələrdə  müvəqqəti məskunlaşmış 440, Qazax rayonu ərazisində  304, Zaqatala rayonu ərazisində 135, Füzuli rayonu ərazisində 400 məcburi köçkün ailəsinin həmin rayonlarda yeni salınmış qəsəbələrə, 50 məcburi köçkün ailəsinin Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində inşa edilmiş  5 mərtəbəli binaya,  20 ailənin Şirvan şəhərində tikilmiş binaya,  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərdəkandakı əlillər üçün Pansionatında müvəqqəti məskunlaşan 44 məcburi köçkün ailəsinin Abşeron rayonu ərazisində alınmış hazır mənzillərə, həmçinin zəruri dövlət ehtiyacları ilə əlaqədar 232 məcburi köçkün ailəsinin birdəfəlik kompensasiya ödənilməklə köçürülməsi təmin edilib.  

2017-ci ildə 1625 ailə və ya 7000 nəfərin yeni mənzillərə köçürülməsi təmin edilib. 

Qurumdan bildirilib ki, Dünya Bankı ilə  məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni Saziş imzalanıb. 

"Hazırda Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 800, Pirallahı rayonunda 330,  Qaradağ rayonu, Ümid qəsəbəsində 300, Tərtər rayonunda 1170, Beyləqan rayonunda 146, Şirvan şəhərində 685, Sumqayıt şəhərində 2900, Kürdəmir rayonunda 563, Ucar rayonunda 250 ailəlik qəsəbə və məhəllələrin layihə-smeta sənədləri hazırlanır”.

"Bundan əlavə Gəncə şəhərində, Goranboy, Bərdə və Ağcabədi rayonlarında yeni layihələndirmə işləri üçün müvafiq torpaq sahələri ayrılıb”, - rəsmi məlumatda deyilir.  

Türkan Bəşir
Şəmşad Ağa
Arqument.Az