Qulu Məhərrəmli: "Heç vaxt bu qədər jurnalist həbsdə olmayıb"
22-07-2024 15:18 / Bu xəbər 617 dəfə oxundu
Teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru, Əməkdar jurnalist Qulu Məhərrəmli 22 İyul Milli Mətbuat Günü ilə bağlı paylaşım edib.
Sosial şəbəkə hesabında yazan professor paylaşımında həbsdə olan jurnalistlərin say çoxluğuna diqqət çəkib:
"Son illərdə Milli Mətbuat Günü qeyd olunan vaxtlarda heç zaman bu qədər jurnalist həbsdə olmayıb. Amma bu il həbsxanalarda sıxlıqdır, müxtəlif motivlərlə (qaçaqmalçılıq və s.) xeyli jurnalist tutulub.
Ələsgər Məmmədli kimi dürüst və parlaq media hüquqçusu (Toplum TV), Hafiz Babalı kimi istedadlı jurnalist-analitik, Sevinc Vaqifqızı kimi reportyor (hər ikisi abzas.az) neçə vaxtdır həbsdədirlər.
Onlardan başqa Müşfiq Cabbar, Əli Zeynalov (Toplum TV), Əziz Orucov, Şamo Eminov (Kanal 13), Ülvi Həsənli, Nərgiz Absalamova, Elnarə Qasımova (Abzas Media) da məhz jurnalist fəaliyyətlərinə görə həbs olunublar.
Jurnalistləri polis (DİN) həbs edib, özü də iddialara görə əsassız olaraq. Əlbəttə, biz polisin ölkədə ictimai asayişi qorumaq sahəsindəki fəaliyyətini təqdir edirik, amma "jurnalist ovu”nu bəyənmirik. Ona görə də Milli Mətbuat Günündə həbsdəki bütün günahsız jurnalistlərin azadlığa buraxılmasını arzulayar və bunu misilsiz humanitar addım hesab edərdik.
Jurnalistlər həbsdən azad olunsun, Allah hamısının qapısını açsın!".