"Azərbaycan iqtisadi tənəzzülə qədəm qoyur" - AÇIQLAMA
17-04-2015 14:41 / Bu xəbər 1246 dəfə oxundu
“Beynəlxalq təşkilatlatların hesabatlarında Azərbaycanın iqtisadi artımının çox zəif olacağı, hətta ehtimallara faiz azalmasının da daxil olduğu müəyyənləşib”.
Bunu Arqument.az-a açıqlamasında iqtisadçı Samir Əliyev ölkə iqtisadiyyatının hazırkı vəziyyətinə münasibət bildirərlən deyib.
O, ölkə iqtisadiyyatında yarana biləcək problemlərdən danışıb.
“Ölkə iqtisadiyyatımız neftdən asılıdır. Neft qiymətlərindəki ucuzlaşma ötən ilin payız aylarından başlayaraq müşahidə edilməyə başladı. Həm neftin ucuzlaşması, həm Rusiyaya tətbiq edilən sanksiyalar iqtisadiyyatımıza ciddi təsir göstərdi. Neft gəlirlərinin azalması büdcənin icrasında problemlərin yaşanmasına gətirib çıxardı. Xüsusilə də neftin ucuzlaşması Neft Fonduna ciddi zərər vurdu. Neft Fondunun büdcəsi ilk dəfə olaraq 1.6 milyard kəsrlə təsdiq olundu.
Hazırda Neft Fondunda büdcənin icrası ilə bağlı problem var. Manatın devalvasiya olunması və düşməsi, bank sektorunda kreditlərin yalnız dollarla verilməsi, əmanətlərin dollarlaşması iqtisadi aktivliyin azalmasına gətirib çıxardı. Digər tərəfdən tikinti işlərində də fəaliyyət dayanıb. Demək olar ki, ölkə iqtisadiyyatı donma mərhələsinə keçir. Biz iqtisadi tənəzzülə qədəm qoyuruq. Təsadüfi deyil ki, Beynəlxalq təşkilatlatların hesabatlarında Azərbaycanın iqtisadi artımının çox zəif olacağı, hətta ehtimallara faiz azalmasının da daxil olduğu müəyyənləşib. Ümumilikdə demək olar ki, vəziyyət narahatdır.
Artıq hökumət büdcəyə baxmalıdır. Büdcə xərclərini azaltmalıdır. Əks təqdirdə büdcəni ilkin səviyyədə idarə etmək mümkün olmayacaq. Proqnozlar 20 faizədək daha az icra olunacaq”.
Nigar Nəmmədova












