"Bu, Avrasiya İttifaqını məhvə aparacaq" - Natiq Cəfərli
06-01-2015 16:27 / Bu xəbər 1147 dəfə oxundu
"Daxili bazarın qorunması üçün Qazaxıstanın ata biləcəyi addımlardan biri də məhz Rusiyadan məhsulların ölkəyə girşini məhdudlaşdırmaq olacaq. Qazaxıstan hökuməti bununla çalışacaq ki, yerli istehsalçıların gəlirlərini tənzimləyə bilsin".
Bu fikirləri Aktual.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Qazaxıstanın belə bir qərar verməsi Avrasiya İttifaqının gələcəyini ciddi sual altına qoya bilər: "Qazaxıstan hökumətinin Rusiyadan məhsul idxalına embarqo qoyulması ilə bağlı qərarı daxili bazarı qorumaq üçündür. Qazaxıstan, Belarusiya Ukrayna arasında artıq bir neçə ildir ki, gömrük məntəqələri yoxdur. Əvvəl Gömrük İttifaqına, indi isə Avrasiya İttifaqına üzv olduqları üçün ölkələr arasında mal və məhsulların sərbəst dövriyyəsi təşkil edilmişdi. Sadəcə, Rusiyadakı iqtsiadi vəziyyətin çətiniliyi ilə əlaqədar olaraq rublun ucuzlaşması, dollarla həmin ölkədən məhsuların alınaraq digər ölkələrə eksport olunmasını xeyli dərəcədə sərfəli edib. Qazaxıstanın daxili bazarının strukturuna baxdıqda görürük ki, Rusiya ilə eyni məshulların istehsalı ilə məşğuldurlar. Ona görə də daxili bazarın qorunması üçün Qazaxıstanın ata biləcəyi addımlardan biri də məhz bu məhsulların ölkəyə girişini məhdudlaşdırmaq olacaq. Belə bir qərar yerli iş adamlarının, yerli istehsalçıların qazanclarını, gəlirlərini tənzimləmək üçündür. Məsələnin siyasi tərəfi ondan ibarətdir ki, Putinin çox böyük ruh yüksəkliyi ilə bəyan etdiyi Gömrük İttifaqı, Avrasiya İttifaqı projesi dağılamaq üzrədir. Çünki bu birliklərin əsas məqsədi və məramı ölkələr arasında mal və məhsul mübadiləsini, ticarəti təmin etmək idi. Bundan əvvəl Belarusiya da buna bənzər sərt addımlar atmışdı. Qazaxıstanın da belə bir qərar verməsi bu ittifaqın gələcəyini ciddi sual altında qoyur. Avrasiya İttifaqının yaşamaq imkanları çox aşağıdır".
Qeyd edək ki, Qazaxıstan hökuməti rublun dəyərdən düşməsi nəticəsində ciddi şəkildə ucuzlaşan və bununla da Qazaxıstanın daxili bazarına təhlükə törədən bəzi məhsulların Rusiyadan idxalına embarqo tətbiq etməyi düşünür. Bu barədə “Kommersant” qəzeti Rusiya Kənd Təsərrüfatı Nazirliyi və Avrasiya İqtisadi Komissiyasına istinadən məlumat yayıb.
Arqument.Az












