"Neftin qiyməti manatı ucuzlaşdırdı" - Ekspert
23-01-2015 16:57 / Bu xəbər 1423 dəfə oxundu
“Ölkə prezidentinin manatla avronun bərabərləşdirilməsinin zəruriliyi fikri devalvasiya ehtimalını artırdı və eyni zamanda hökumətdə koordinasiyanın olmamasını açıqca göstərdi”.
Arqument.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev öz Feysbuk səhifəsində qeyd edib.
Ekspert aylar öncə Mərkəzi Bankın manatın taleyi ilə bağlı mövqeyinin getdikcə zəiflədiyini hiss olunduğunu bildirib:“Nəhayət ki, gözlənilən hadisə baş verdi. Əhali əllərində olan manatın qəfildən 30%-dən çox ucuzlaşmasının şahidi oldu. Aylar idi müstəqil ekspertlər devalvasiyanın qaçılmaz olduğunu bildirsələr də, hökumət bunu dəfələrlə istisna edirdi. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov AzTV-də 2 dəfə dalbadal çıxış edərək əhalinin əmin etdi ki, manatın devalvasiyası mümkün deyil və bunun üçün iqtisadi zəmin də yoxdur. Halbuki ekspertlər bu açıqlama ilə razılaşmadığını dəfələrlə vurğulayırdılar. Ən azı ölkə prezidentinin manatla avronun bərabərləşdirilməsinin zəruriliyi fikri devalvasiya ehtimalını artırdı və eyni zamanda hökumətdə koordinasiyanın olmamasını açıqca göstərdi. Manatın avro ilə bərabərləşdirilməsi onun devalvasiyasını nəzərdə tuturdu və bu, əlbəttə, Mərkəzi Bankın planına daxil deyildi. Hiss olunurdu ki, manatın taleyi ilə bağlı Mərkəzi Bankın mövqeyi zəifləyir. Hər bir halda illərlə manatın sabitliyi timsalında bank sektoruna etimadı bərpa etməyə nail olan və ölkədə qiymətlərin sabitliyini təmin edən Mərkəzi Bank devalvasiyanın, xüsusilə də devalvasiya gözləntisinin sektor üçün zərərini anlamamış deyildi. Ancaq digər reallıq – neft gəlirlərinin azalması fonunda büdcənin doldurulması problemi, məhdud ixracın daha da məhdudlaşması digər qurumların mövqeyini daha da möhkəmləndirirdi”.Müstəqil iqtisadçıların devalvasiyanın mütləq baş verəcəyi məsələsində həmrəy olduğunu deyən S.Əliyev, müstəqil ekspertlərin panika yaratmaqda günahlanırılanların haqsız olduğunu söyləyib:
“Müstəqil iqtisadçılar isə bir məsələdə həmrəy idilər: devalvasiya mütləq olacaq. Fikir ayrılığı əsasən zamanla bağlı idi. Devalvasiyanın tədricən və ya kəskin olması ilə bağlı rəylər də qismən haçalanırdı. Müstəqil ekspertlər ölkədə panika yaratmaqda günahlandırılırdı, halbuki buna hökumətin addımları əsas verirdi. Mərkəzi Bankın fevralın 17-dən çevik məzənnə siyasətinə keçid qərarı devalvasiya istiqamətində konkret addım idi. O zaman da ekspertlərin “yumşaq devalvasiya başladı” rəyini Mərkəzi Bank qəbul etmədi. Manat isə həftənin 5 günü ərzində dollara nəzərən 0,2 faiz ucuzlaşırdı. Valyutadəyişmə məntəqələrində uzun növbələr, gündəlik təxminən 500 milyon dollar həcmində intervensiya vəziyyətin ciddiliyindən xəbər verirdi. Mərkəzi Bankın şənbə-bazar rəsmi iş günü elan etməsi xəbəri isə kəskin devalvasiya təhlükəsinin yaxınlaşmasından xəbər verirdi. Parlament seçkiləri ilində hökumətin bu addımı atması az gözlənilən idi. Mərkəzi Bankın müqaviməti isə açıqca hiss olunurdu. Manatın dollara nəzərən yeni məzənnəsi ilə bağlı məlumatın həmişəki kimi səhər iş saatı başlayanda yox, bir neçə saat sonra verilməsi də diqqətdən yayınmamışdı. Əslində, hökumət uzun müddət idi ki, ümidi neftin bahalaşmasına bağlamışdı və konkret addımlara risk etmirdi. Son ana qədər inanırdılar ki, neft yenidən bahalaşacaq və problem 2009-cu ildə olduğu kimi həllini tapacaq. Ancaq neftin xeyli müddət 50 dollardan aşağı həddə qalması hökuməti devalvasiya ilə bağlı qərarını gündəmə gətirdi. Bu dəfə neftin birdən birə 48 dollardan 62 dollara kimi bahalaşması qərarın qəbulunu 3 həftə ertələdi. Və nəhayət hökumət neftin ciddi bahalaşmayacağına əmin olduqdan, eyni zamanda yanvar ayı üzrə xarici ticarət dövriyyəsinin qeyri-qənaət vəziyyətini gördükdən sonra qərarını qətiləşdirdi”.
Arqument.az












