"Roşen"in Azərbaycan nümayəndəliyinə hansı məmur himayədarlıq edir?
06-01-2014 11:54 / Bu xəbər 1535 dəfə oxundu
Komitə sədri Nazim İbrahimovun Poroşenkonun şirkətiylə çoxdan şərik olduğu deyilir, hətta şokolad konsernini satın almaq təklifini də Ukrayna prezidentinə göndərdiyi vurğulanır
Dünən Avropa.info saytı «Roşen» şirkətinin Azərbaycan filialında vaxtı keçmiş məhsulların əhaliyə satıldığını təsdiq edən video yayımlamışdı. Həmin məlumatda vaxtı keçmiş məhsulların yenidən satışa çıxarılması üçün, "Roşen"in mərkəzi ofisindən Azərbaycana üstündə istifadə vaxtı təzə göstərilən boş qutular və etketlər göndərildiyi vurğulanıb.
Qeyd edilirdi ki, vaxtı keçmiş şiriniyat məmulatları "Roşen"in Azərbaycan filialının Sumqayıt şəhəri, Bakının Badamdar və Bakıxanov qəsəbələrində, Bakı Şampan Zavodu ərazisindəki xəlvəti depolarında etketlənərək bazara çıxarılır. Bununla da əhaliyə "Roşen"in vaxtı keçmiş konfet və digər şirniyyat məhsulları yeni məhsul adı ilə sırınır.
Məlumata görə, bu işləri həyata keçirmək üçün, şirkətin Azərbaycan filialı fəhlələri məcburi şəkildə bu cinayət əməlinə cəlb edir. Belə qara işləri həyata keçirmək istəməyən fəhlələr isə zaman-zaman işdən uzaqlaşdırılıblar.
Təqribən 2 ay öncə isə, metronun "Ulduz" stansiyasının yaxınlığında yerləşən Bakı Şampan Zavodunun təsərüffat sahəsində yerləşən və "Roşen"in xəlvəti saxta etket vurma anbarında fəhlələrlə, şirkətin keçmiş anbardarı Vaqif adlı şəxs rəhbərliyə öz etirazlarını bildirərək işdən çıxıblar.
Dünən isə bu qanunsuzluğa etiraz edən "Roşen"in vaqonboşlatma üzrə ixtisaslaşmış 20 nəfər fəhləsi işdən uzaqlaşdırılıb. Qeyd edək ki, bu fəhlələr uzun illərdir "Roşen"də çalışmalarına baxmayaraq, onlarla qeyri- qanuni olaraq əmək müqaviləsi bağlanmayıbmış.
JAM.Az isə bununla bağlı daha bir maraqlı məlumat əldə edib. Məlumdur ki, «Roşen» şokolad konserni Ukraynanın hazırkı prezidenti Poroşenkoya məxsus olub. Poroşenko prezident seçildikdən sonra isə şirkətdəki fəaliyyətini dayandırıb. Lakin…
Məlumatda vurğulanır ki, «Roşen»in Cənubi Qafqaz üzrə nümayəndəliyi azərbaycanlı məmurlardan birinin əlindədir. Etibarlı mənbələrdən aldığımız məlumata görə, bu şəxs Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. İddia edilir ki, İbrahimovla Poroşenkonun şərikliyi xeyli əvvələ gedib çıxır. Hətta bu münasibətlər komitə sədrinin «Roşen»in Cənubi Qafqaz nümayəndəliyini ələ keçirməsinə imkan verib.
O da vurğulanır ki, Nazim İbrahimov Poroşenko prezident seçkildikdən sonra onun adamlarına «Roşen»in zavodunu almağa hazır olduğunu da çatdırıb.
Arqument.Az












