"Rusiyaya olan sanksiyalar Azərbaycana da təsir edəcək" - Ekspert

"Rusiyaya olan sanksiyalar Azərbaycana da təsir edəcək"   - Ekspert

25-01-2014 13:55 / Bu xəbər 1078 dəfə oxundu

"Rusiyaya qarşı sanksiyalar uzun müddət davam edəcək"

Qaynar.info xəbər verir ki, bunu ReAL Hərəkatının icra katibi, iqtisadçı ekspert  Natiq Cəfərli Rusiya maliyyə naziri Anton Siluanovun sanksiyaların Rusiya iqtisadiyyatına vurduğu ziyan fikrinə münasibət bildirərkən deyib. 

Natiq Cəfərlinin sözlərinə görə, ilin əvvəlindən Rusiyadan kapital axını 130 mlrd. dollara çatıb: “Sanksiyalar uzun müddət qüvvədə qalacaq, çünki, Rusiya geri addım atmaq, sivil ölkə olmaq istəmir. Həm də Avropaya qoyduğu ərzaq qadağasını (niyyət Avropa ölkələrinin iqtisadiyyatına ziyan vurmaq idi) Belarus heçə endirib. Son 5 ayda Belorus, məsələn, Norveç balığını, Polşa almasını alır, sonra qablarını dəyişdirərək Rusiyaya eksport edir. Rəsmi məlumatlara görə keçən ilə nisbətən Belarus Norveçdən 400% çox balıq, Polşadan 300% çox alma alıb. Aydındır ki, bu artım Rusiya ilə bağlıdır.

Bütün bu çətinliklərə baxmayaraq Rusiya keçmiş SSRİ ərazisində olan separatist bölgələrə yardımını artırır. Dünən Abxaziyaya 5 mlrd. rubl yardım ayırıb, növbədə Osetiya, Dnestryanı bölgə gözləyir. Bundan əlavə Krıma yaxın 3 ildə 50 mlrd. dollar vəsait qoymalıdır ki, bölgənin Ukraynadan tam qopmasını, infrastrukturun yenidən qurulmasını, Krıma quru yolla bağlantını təmin etsin. Bir sözlə, Şimal Ayısı nə qədər güclü olsa da, çiyinlərinə götürdüyü bu qədər yükə davam gətirməyəcəyi gün kimi aydındır”.

Ekspert bu proseslərin Azərbaycana necə təsir edəcəyini də analiz edib: “Təbii ki, Rusiyada yaşayan yüzminlərlə soydaşımızın hamısı vətənə dönməyəcək. Bu, çox zəif bir ehtimaldır, təqribən 700 minə yaxın azərbaycanlının artıq Rusiya vətəndaşlığı var. Bir çoxları təkcə bazarlarda deyil, müxtəlif biznes sahələrində çalışır. Aşağı maaşlı işlərdə çalışan, qeydiyyatı olmayan azərbaycanlılar geri qayıda bilər. Sözsüz, bu da kiçik hadisə deyil, çünki hətta bu halda da söhbət on minlərlə insandan gedir. Proses kütləvi hal alacaqsa da yalnız müəyyən zaman keçəndən sonra olacaq. Çünki oradakı insanlar hələ ümidlə yaşayırlar, həm də bilirlər ki, Azərbaycana qayıtsalar, iş problemi ilə üzləşəcəklər. Daha çox Rusiyada qalaraq digər şəhərlərə və ya Belarus, Qazaxıstan kimi ölkələrə miqrasiya etməyə çalışacaqlar.

Azərbaycan üçün daha çox Rusiyadan gələn pul axınının azalması problemi var. Rusiyadakı azərbaycanlıların əksəriyyəti öz ölkəsinə, ailəsinə pul göndərir. Rəsmi məlumata görə, burada söhbət ildə 1,8 milyard dollara yaxın vəsaitdən gedir. Qeyri-rəsmi məlumata görə, bu məbləğ daha çoxdur, ikiqat artıqdır. Bu axın əsasən Azərbaycanın regionlarında sosial gərginliyin azalmasına təkan verir, insanların dolanışığı ilə yanaşı əmlak, avtomobil bazarına ciddi təsir göstərir. Bu mənada Rusiya iqtisadiyyatının zəifləməsi, çökməsi Azərbaycana gələn gəlirlərin azalması deməkdir. Çox güman, Rusiyaya qarşı sanksiyalar uzunmüddətli olacaq və ölkənin iqtisadiyyatı birdən-birə yox, mərhələ-mərhələ zəifləyəcək. Bunun Azərbaycana yarada biləcəyi əsas təhlükə regionlarda sosial problemlərin, gərginliyin artması ola bilər. Belə bir təhlükənin yaranmasının əsas səbəbkarı bacarıqsız hökumətimizdir, illərdir Rusiyanın bizə təsir rıçaqlarını zəiflətmək üçün heç bir tədbir görməyiblər. Çünki hökumətdə olanların əksəriyyəti kommunist kafalı, Rusiya düşüncəli insanlardır”.

Xatırladaq ki, Rusiya maliyyə naziri Anton Siluanov rəsmən bildirib ki, sanksiyalardan ölkəsi ildə 40 mlrd. dollar, neftin 30% ucuzlaşmasından isə ildə 90-100 mlrd. dollar vəsait itirir. 

Elkin Xəlilov