Qurban Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçilib

Qurban Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçilib

14-12-2022 17:53 / Bu xəbər 1304 dəfə oxundu

"Qarabağ”ın baş məşqçisi 12-ci dəfə ilin ən yaxşısı olub

Azərbaycanda 2022-ci ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib.

Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci olub.

67 jurnalistin qatıldığı sorğuda 54 səs toplamaqla, Qurbanov 2022-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 12-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adını qazanıb.

Sorğuda iştirak edənlərdən 7-si "Sabah” klubunun baş məşqçisi Murad Musayevə, 5-i Azərbaycan milli komandasının çalışdırıcısı Canni De Byaziyə, 1 nəfər isə "Zirə”nin baş məşqçisi Rəşad Sadıqova səs verib. 

Ötən mövsümün sonunda "Neftçi”yə Azərbaycan Premyer Liqasının gümüş medallarını qazandıran, hazırda "Sumqayıt”ın "sükanı arxasında” olan Samir Abasova səs verən olmayıb.

"Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluğu bayram edib, ölkə kubokuna sahib çıxıb. 

Ağdam təmsilçisi cari mövsümdə də Premyer Liqada lider mövqeyində qərarlaşıb. 

Bundan başqa, komanda Qurbanovun rəhbərliyi altında UEFA Çempionlar Liqasının pley-off mərhələsinə kimi irəliləyib, Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. "Köhlən atlar” Konfrans Liqasının pley-off mərhələsində mübarizəsini davam etdirəcək.