"Qızıma böhtan atanları məhkəməyə verəcəyəm" - Müxalifətçi fəalın anası
05-04-2018 01:01 / Bu xəbər 2891 dəfə oxundu
"Qızım 4 gündür ki, yoxa çıxıb. Ondan heç bir məlumat ala bilmirik".
Bunu Arqument.Az-a 4 gündür ki, yoxa çıxdığı iddia olunan müxalifətçi fəal Fatimə Mövlamlının anası Vüsalə Mövlamlı deyib.
O bildirib ki, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" zəng mərkəzinə də məlumat verib: "4-cü Polis Bölməsinə getdim. Dedilər ki, biz saxlamamışıq. Daxili İşlər Nazirliyinin "102" xidmətinə də zəng etmişəm. Onlar da axtarış apardıqlarını dedilər. 4 gündür ki, qızımın nə ölüsündən, nə də dirisindən xəbər tuta bilirik".
V. Mövlamlı deyib ki, sosial şəbəkələrdə qızı ilə bağlı yalan və böhtan dolu məlumatlar yayılır: "Məlumat yayıblar ki, guya kafedə əxlaqsızlıq edərkən saxlanılıb. Mən İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə getdim. Oradan da bildirdilər ki, biz bu adda adam saxlamamışıq və bu məlumatlar da doğru deyil. Mən həmin saytları və "Yaltaqlara dur deyək!" səhifəsini məhkəməyə verəcəyəm. Çünki qızımla bağlı yalan məlumatlar yayır, onu ləkələmək istəyirlər. Məqsədləri bəllidir. Bu yazılarla həm də Əli Kərimlini vurmaq istəyirlər. Ancaq mən qızımı tanıyıram və ona güvənirəm. Bu məlumatları yayanlar arzularına çatmayacaqlar. Əli bəyə və qızıma atdıqları böhtanlara görə də cavab verəcəklər. Hələlik indi məni qızımın həyatı düşündürür. Mən onun başına hər hansı bir iş gələcəyindən qorxuram".
Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər ki, F.Mövlamlı martın 31-də Milli Şuranın Müsavat Partiyası ilə birgə keçirdiyi icazəli etiraz aksiyasında iştirak edib.
Onun martın 31-dən yoxa çıxdığı iddia edilir.
Yaxınlarının deməsinə görə, müxalif fəal həm də son zamanlar "Diktatoru tanıdaq" kampaniyasının Bakıdakı iştirakçılarından olub.
Onlar F.Mövlamlının siyasi baxışlarına, fəallığına görə saxlanıla biləcəyini düşünürlər.
Bir müddət öncə F.Mövlamlı özü də polisə aparıldığını, ifadəsi alındıqdan sonra buraxıldığını açıqlamışdı.
Arqument.Az












