Rafael Cəbrayılov həbs olundu

Rafael Cəbrayılov həbs olundu

02-04-2021 15:21 / Bu xəbər 3139 dəfə oxundu

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov həbs olunub.

O, 240 min manatlıq dələduzluqda ittiham olunur.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, Rəfael Cəbrayılov qardaşının daşınmaz əmlakını almış şəxsi aldatmaqda təqsirləndirilir.

İttihama əsasən, sabiq deputatın qardaşı Rauf Cəbrayılov Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsini satıb.

Əmlakı alan vətəndaş torpağa mülkiyyət hüququnu təsdiqləyən çıxarış almaq istəyib.

Rəfael Cəbrayılov bu məsələdə ona yardım edəcəyinə söz verib və 240 min manat pul alıb. Lakin nə sənəd alınıb, nə də pul qaytarılıb. Sabiq deputat həmin şəxsin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunub.

Rəfael Cəbrayılovun işi üzrə istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb. Bu maddədə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Sabiq deputat haqqında aprelin 2-də Binəqədi rayon Məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun ittihamı qəbul edib-etmədiyi bəlli deyil.

Rəfael Cəbrayılovun adı bundan əvvəl də müxtəlif qalmaqallarda hallanıb, ondan hüquq-mühafizə orqanlarına şikayət olunub.

2019-cu ildə məlum olmuşdu ki, Rəfael Cəbrayılov 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyub.

Bu məsələ üzə çıxandan sonra Rafael Cəbrayılov mandatdan məhrum edilməsi üçün parlamentə müraciət etdi.

2019-cu ilin sentyabrında MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul etdi.

O zaman məlum olmuşdu ki, deputat ev tikmək üçün 300 min dollar notarial qaydada borc alıb. 

Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs - Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.