"Ramin Bayramlı suallara cavab versəydi, ondan atamı geri tələb etməyəcəkdim ki..."

19-12-2020 00:19 / Bu xəbər 2052 dəfə oxundu

"Əgər bugünədək cavab verilməyibsə, deməli, həm məsuliyyətsizlikdir, həm də sayğısızlıq"

"Yəqin ki, mənim ailəmin başına gələn oyun əksəriyyətin yadındadır, atamla bağlı. Heç qayıtmaq istəməzdim bu söhbətə, amma məcburam. Eyni motiv, eyni şikayətlər: təcili yardım gəlmir, gələn həkim baxmır, xəstəni ağır vəziyyətdə qoyub getmələr... testin gec çıxan cavabı, xəstəxanada yerin olmaması və s. 

Ruslar demişkən, köhnə mahnılar. Yay aylarında yoluxma orta hesabla 200-300 nəfər idi, bacarmadılar. İndi də bacarmırlar. Hə, bu arada TƏBİB müdiri Ramin Bayramlıya yazdığım açıq məktuba hələ də cavab yoxdur".

Bunu jurnalist Seymur Kazımov sosial şəbəkədə yazıb. 

O qeyd edib ki, mətbuatı problemlərə biganə yanaşmaqda qınayıb: "O vaxt mənim başıma gələn hadisəyə ən yaxşı halda reaksiya verməyən qələm əhlindən gileyli-güzarlı statuslar görürəm. Vaxtilə TƏBİB-i tərifləyirdilər, indi tərifləmirlər. Ümumiyyətlə, çox etibarsız tayfadır bu media. Reaksiya verən jurnalist həmkarlarım da bugünə kimi məktuba cavab olub-olmadığını soruşur. Çətin deyil, zəng edin, soruşun. Sadəcə, niyə soruşmursunuz və yaxud soruşa bilmirsiniz, mənə maraqlı olan budur. Vaxtilə sorğulansaydılar, bu gün eyni məzmunlu ah-nalələri oxumazdıq".

Seymir Kazımov yazır ki, media koronavirus mübarizə aparan məsul qurumları və şəxsləri sorğuya çəkə bilmir, operativ və obyektiv davarana bilmir: "Virusdan hamının tanıdığı, hörmət etdiyi bir nəfər vəfat edib... Nə görürəm? Mütləq əksəriyyət virusu söyür. Amma bu virusla mübarizə aparmağa məsul şəxslər, qurumlar, həmin qurumların məsul şəxsləri qalıb kənarda. Bilirəm, çoxunuzun işi düşür, ya özünüzə görə, ya da yaxın qohum-tanışınıza görə. Anlayıram, vəziyyət pisdir. Heç olmasa yazmayın, susun". 

Arqument.az bir neçə dəfə Seymur Kazımovun Ramin Bayramlıya ünvanladığı açıq suallara cavab verilib-verilmədiyi ilə bağlı TƏBİB-ə müraciət etsə də, qurum jurnalistin sorğusuna etinasız yanaşıb. 

Məhz bu statusun və sualların izi ilə gedərək Seymur Kazımovla koronavirsla mübarizə mövzunda söhbətləşdim: 

- Seymur, statuslarından görünür ki, koronavirusla mübarizə səni də qane etmir. Bəs Operativ Qərargahın son məhdudlaşdırıcı və yeni tədbirlərini necə qiymətləndirirsən? 

- Açıq danışsaq, qiymətləndiriləsi bir şey yoxdur. Bugünədək həyata keçirdikləri məhdudlaşdırmalar da bir işə yaramadı. Yay aylarında zorla, güclə camaatı evlərə yığdılar. Nə qədər deyilsə də, yay aylarından insanlar çöldə, bayırda dənizdə olmalıdır, hava qəbul etməlidir, regionlara səfər etməlidir ki, payız və qış aylarında xəstəliklərin, əsasən də qrip geniş yayıldıqda bununla mübarizə aparmaq üçün bədənin immuniteti güclənsin, eşitmədilər. Hətta TƏBİB rəsmilərindən biri də açıq etiraf etdi ki, evə qapanmalar lazımi nəticəni vermədi. Əhalidən üzr də istəmədilər. 

 - Bir statusunda yazırsan ki, virusla mübarizə aparmağa məsul şəxslər, qurumlar və həmin qurumların rəhbərlərindən çox virusun özü qınanılır. Hətta iddia edirsən ki, kimlərinsə özlərinə və qohumlarına görə həmin qurumlara işi düşür, ona görə də tənqid edə bilmirlər. Doğrudan da, belə hallar var?

- Bəli, var. Bunu yoxlamaq çətin deyil. Mart ayından bugünədək sosial şəbəkələri monitorinq edin, "təşəkkürnamə” və "minnətdarlıq jest”lərinin sayı çoxdur. Təsəvvür elə, təşəkkür edəndə TƏBİB-in məsul şəxslərinin adını da işarələyirlər, həmin məsul şəxslər də o yazıları ya bəyənir, ya da "ürəkləyir”. Fikir ver, hər iki tərəf özbaşınalıq və qanunsuzluqla məşğul olur, üstəlik, bunu açıq-aşkar da bəyan edir. İnsan xəstədirsə, vəziyyəti ağırdırsa, onun sağlıq durumu dərhal nəzarətə götürülməli və zərurət yaranırsa xəstəxanaya yerləşdirilməli və dövlət hesabına bütün müalicə xərcləri qarşılanmalıdır. Normalda belə olmalıdır, daha zənglə, tapşırıqla, xahiş-minnətlə yox. 

 - "Atam yarıtmaz səhiyyənin qurbanı oldu", - bunu sən yazmışdın. Hətta TƏBİB-in rəhbəri Ramin Bayramlıya açıq suallar da ünvanlamışdın. Üstündən xeyli zaman ötsə də, cavab da vermədilər. Bununla bağlı biz də TƏBİB-ə dəfələrlə müraciət etdik, etinasız yanaşdılar. Səncə, bu, dövlət qurumunun məsuliyyətsizliyindən irəli gəlir, yoxsa vətəndaşlara sayğısızlığından? 

- Öncə bir məsələyə aydınlıq gətirim ki, həmkarlarım məndən inciməsin. TƏBİB rəhbərliyinə yazdığım açıq məktub cəmiyyətdə də xeyli rezonansa səbəb olmuşdu. Ona görə ki anoloji hal Azərbaycanda minlərlə insanın başına gəlmişdi, sadəcə, bunu ciddi formada ictimailəşdirən mən olmuşdum. Məlum məktubdan sonra bəzi həmkarlar mənə müsahibə üçün müraciət etdilər. Birmənalı olaraq, hamısından imtina etdim. Çünki lazım olanı yazmışdım, əlavəm yox idi. Top TƏBİB-də idi. Cavabı onlar verməliydi. Həmkarlarım mənə yox, cavabın olub-olmayacağı barədə TƏBİB-ə müraciət etməliydilər. Etmirdilər nədənsə. Təbii ki, mənə zəng edən həmkarıma deyə bilməzdim ki, sən mənə yox, qarşı tərəfə zəng etməlisən, mən lazım olanı demişəm. Yenə deyirəm, bizim ailənin başına gələn hadisə ilk və son deyildi, sadəcə, bunu ciddi formada ictimailəşdirən mən idim. Media bunun arxasıyca getməliydi. Getmədi və bu gün də nəticə ortadadır. Əgər bugünədək cavab verilməyibsə, deməli, həm məsuliyyətsizlikdir, həm də sayğısızlıq. Ramin Bayramlı suallara cavab versəydi və yaxud mənə zəng etsəydi, görüşsəydik, mən ondan atamı geri tələb etməyəcəkdim ki. Kifayət qədər adekvat insanam. Təklif edəcəkdim ki, bu vəziyyətdən necə çıxaq, problemlər ətrafında fikir mübadiləsi aparaq. Çünki məlum qərargahdakılar cəmiyyətdən xəbərsizdir, bunun da bariz nümunəsi budur ki, bu günədək görülmüş bütün tədbirlər nəticəsiz qalıb. Ramin müəllimlə belə halları müzakirə edib, çıxış yolları axtaracaqdıq. 

- Tez-tez rastlaşdırıq ki, tanınmış şəxslərlə bağlı TƏBİB-ə edilən müraciətlərə daha operativ reaksiya verilir, həmin şəxslər xəstəxanalara yerləşdirilir, əgər "yuxarı"dan tapşırılırsa, onlara özəl münasibət bəslənilir. El dili ilə desək, dayısı olmayanlar nə etməldir? 

- Bu suala bayaq yuxarıda cavab verdim. Həmin o tanınmışlar, onların ailə üzləri, dostları da efirlərə çıxıb kimlərəsə təşəkkür edir. Aydın məsələdir ki, biz kiminsə ölməsinin tərəfdarı deyilik. Amma onlar da gərək vəziyyətdən hali olsunlar. Dediyin kimi hamının dayısı və yaxud imkanı yoxdur. İnsanları məhz bu formada təşəkkür və minnətdarlıq jestləri haqlı olaraq qıcıqlandırır. 

- Bir ölkədə Səhiyyə Nazirliyi varsa, ona alternativ bir qurum - TƏBİB-in yaradılması nəyi dəyişdi? Ümumiyyətlə, belə bir alternativ quruma ehtiyac vardımı? Bunu nəyə görə deyirəm: ölkədə de-fakto iki Səhiyyə Nazirliyi var, amma nəticə yoxdur...

- Normalda ikisi də varsa, o zaman xidmət daha keyfiyyətli olmalıdır, çünki səhiyyə və sağlamlıq kimi strateji məhfumlar dövlətin başlıca prirotetidir. Biz nə görürük? Heç nə. Səhiyyə Nazirliyi ümumiyyətlə yoxdur, ara-sıra bu qurumun hansısa əməkdaşı məlum brifinqə çıxır və hansısa ciddi mesajla yadda qalmır, TƏBİB-in də işi göz önündə. Bir ara təcili yardımı TƏBİB-dən alıb qaytardılar Səhiyyə Nazirliyinə, guya nəyisə düzəldəcək… ciddi bir şey yoxdur. Apetklərə Səhiyyə Nazirliyi nəzarət edir. COVID19-a qarşı mübarizədə effektiv sayıla bilən preparatlar ya yoxa çıxıb, ya da qiymətlər "ceyran belində”. Bir az da obrazlı desək, hər ikis bir medalın iki üzüdür...

Şəmşad Ağa