“Ramin Bayramlının yerinə başqa bir “reformist” kadr gətirsələr, yenə də heç nə dəyişməyəcək"
17-09-2021 15:47 / Bu xəbər 5159 dəfə oxundu
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı istefa verdi. Bundan öncə isə sosial şəbəkələrdə Ramin Bayramlının villasının tikintisi ilə bağlı informasiyalar yayılmışdı.
Bu isə korrupsiyada dolayı iştirak kimi qiymətləndirilir. Bu vaxta qədər, xüsusilə pandemiya başlayan dövrdən bu yana TƏBİB-in fəaliyyətinə də çox iradlar var idi.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Cavanşir oğlu Qurbanova verilib.
Bildirilib ki, o, Agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifələrini icra edir.
Ramin Bayramlının getməsi ilə nə dəyişəcək?
İqtisadçı ekspert Məmməd Talıblı mövzu ilə bağlı ASTNA-nın suallarını cavablandırıb.
SUAL: Məmməd bəy, sizcə Ramin Bayramlının istefası nəyi dəyişəcək? Ramin Bayramlının istefası TƏBİB-in fəaliyyətinə müsbət təsir edəcəkmi?
CAVAB: Bu istefalar fərdlərin yerinin dəyişməsi ilə nəticələnəcək. Lakin institsional həll istiqamətini müəyyənləşdirməyəcək. Çünki bu istefanın dəqiq səbəbləri göstərilməsə də, lakin səbəb kimi, 2 qurum rəhbərləri – TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin sədrləri arasında anlaşılmazlığın olduğu qeyd olunur. Ona görə sabah Ramin Bayramlının yerinə başqa bir "reformist” kadr gətirsələr, yenə də heç nə dəyişməyəcək.
SUAL: Bundan bir neçə gün öncə sosial şəbəkələrdə Ramin Bayramlının villasının tikintisi ilə bağlı informasiyalar yayılmışdı. Sizcə, istefanın səbəbi bununla bağlı ola bilərmi, yoxsa yuxarıların əvvəlcədən qurulmuş bir ssenarisi üzrə proses getdi?
CAVAB: Mən tam əksini fikirləşirəm. Mən bu fikirdəyəm ki, pul qazanmaqda heç bir hədd tanımayan və oliqarx iddiası olan güclü maxinatorlar bu sistemin "kərpicləridir”. Onlara dayaq nöqtəsi kimi baxırlar. Onlarla iş görməyin asanlığını qəbul edirlər. Amma dərin çirkaba batmayan və bu yolda tərəddüdü olanlara yad ünsür kimi baxırlar. Bir az gec, bir az tez onu çıxdaş edirlər. Bu baxımdan hansısa bir məmurun özünə 2-3 mərtəbəli bir ev tikdirməsi həmin məmuru uzaqlaşdırmaq səbəbi olduğuna mən inanmıram. Mənim əldə etdiyim məlumatlara görə İcbari Tibbi Sığorta Agentliyinin rəhbəri Zaur Əliyevin qurumun tabeliyində olan TƏBİB-in sədrinin səlahiyyət çərçivələrini daraltmaqla onu simvolik fiqur həddinə gətirmək istəyib. Bu cür qeyri-sağlam münasibət Ramin Bayramlının əsəb "müharibəsində” dözüm həddinin tükənməsi ilə nəticələnib.
SUAL: Bir çoxları Ramin Bayramlının istefasını alqışladı. Bunu istefa mədəniyyəti kimi qələmə verdi. Amma siz də bilirsiniz ki, Azərbaycanda təyin olunmuş heç bir məmur öz xoşuna istefa verə bilməz. Ola bilərmi,TƏBİB-i qurtarmaq üçün belə bir gediş edilib?
CAVAB: İstefa mədəniyyəti ifadəsi bizim siyasi sistemdə olanların leksikonunda yoxdur. Ona sistem daxilində tələb duyulmur. Elə sivil ayrılma mədəniyyətinə "xəyanətkar” damğası vururlar və digərləri üçün demotivasiya yaradırlar. Əksinə hansısa məmur öz iradəsi daxilində istefa verərsə, ona "idarəolunmaz” insan kimi baxırlar və komanda adamı kimi baxmırlar. Əgər həmin şəxsi komandadan uzaqlaşdırmaq kimi yuxarılarda qərar formalaşıbsa, onu istefa adı ilə ayrılma kimi məsləhət görürlər və o, şəxs də istefa ərizəsi yazır. Tanıdıqlarımdan bir nəfər var. Hüquq professorudur. O, günlərin bir günü işə gəlir ki, onu şöbə müdirliyindən çıxarıblar. Təəcüb içərisində bunun səbəbləri haqqında çox düşünür. Ağlına heç nə gəlmir. Axırda özündə cəsarət tapır ki, onu çıxaran şəxsdən (klan adamıdır) soruşur: "İşdən çıxarılmağıma heç bir etirazım yoxdur. Sadəcə səbəbini bilmək istərdim.” Ona verilən cavab belə olur: "Necə səni vəzifəyə təyin edəndə sənə səbəb deməsək də, səni işdən çıxaranda da heç bir səbəb deyilməyəcək. Gedə bilərsiniz.” O zamandan bu fikir mənim düşüncəmdə qalıb ki, bu sistemdə vəzifəyə təyinat alanlar bunu idarəetmə formulu olaraq qulaqlarında sırğa etməlidirlər.
SUAL: Pandemiya dövründə səhiyyə sisteminə nəzarət edən ikinci qurum da rəhbərsiz qaldı. Səhiyyə naziri postu xeyli vaxtdır boşdur. İndi də TƏBİB rəhbəri istefa verdi. İndi necə olacaq? Ümumiyyətlə, bu sferada nə baş verir? Bu vəziyyəti iki qurumun çəkişməsinin nəticəsi hesab etmək olarmı?
CAVAB: Əslində bunun səbəblərin Prezident Administrasiyası dəqiq analiz etməlidir. Onlar hər iki qurum arasında səlahiyyət bölgüsünü və çərçivələrini dəqiqləşdirməlidir. Əslində səlahiyyət çərçivələrinin aşılması vəzifə və hüquqların dəqiq müəyyənləşməməsindən irəli gəlir. İdarəetmədə əsas böhranlı situasiyalara səbəb olacaq əsas amil eyni icra qurumlarında (Prezident Administrasiyası, Nazirlər Kabineti və digər icra strukturları) eyni profillə bağlı fəaliyyətin həyata keçirilməsi və onlar arasındakı ziddiyyətlərin olması ilə bağlıdır.
SUAL: Adətən Azərbaycanda hansısa qurumu ləğv edirlər, sonra rəhbəri işdən çıxarırlar. Bu dəfə isə ilk rəhbər getdi. Ola bilərmi yaxın vaxtlarda TƏBİB ləğv olunsun?
CAVAB: Əslində TƏBİB-in brinfinqlərdə növbəti ayın anonslarını verməkdən uzağa gedən effektiv fəaliyyətini görə bilmədik. Bərbad səhiyyə sistemində seçilə bilən qurum halına gəlməyi bacarmadı. Amma insafən Ramin Bayramlının brifinqlərdəki çıxış tezislərində mənfi mülahizələr çox olmadı. Nəzakətli reaksiyaları və özünüifadə marağını hiss etmək olurdu. Dayaq zəif olanda sənin koloritli fiqur olub-olmamağın heç bir rol oynamır.
SUAL: Sizcə, Azərbaycanda səhiyyə sistemi, icbari tibbi sığorta necə qurulmalıdır?
CAVAB: Azərbaycanın səhiyyə sistemini reformalarla gücləndirmək çətindir. Sanki yenidən söküb, yenidən yığmaq lazımdır. Səhiyyə naziri o qədər məsuliyyətli, peşəkar və hazırlıqlı olmalıdır ki, onun baxışları səhiyyə sistemimiz haqqında ümumu təəsurat yarada bilsin. Oqtay Şirəliyev kimi ləng, başı pula qarışan və üzərində heç bir ictimai məsuliyyət hissi daşımağı bacarmayan şəxslə biz hələ belə bir günə gəlib çıxmışıqca, buna da çox şükür. Səhiyyə nazirliyinin həm dövlət büdcəsindən aldığı vəsaitlər artırılmalıdır, (Ümumdünya Səhiyyə Təşkilatının meyarlarına uyğun) onlar üzərində Hesablama Palatasının şəffaf hesabatlılığı qurulmalıdır və s. Özəl səhiyyə müəssisələri üzərində ciddi müdaxilə yox, nəzarət mexanizmləri qurulmalıdır.
Ən əsası İcbari Tibbi Sığorta Agentliyi işlək hala gətirilməlidir. Bizim gəlirlərimizdən bu ildən başlayaraq vergi tutulur, amma xidmətlərə çıxış imkanları hələ də yoxdur. Bu nə deməkdir? Dövlət büdcəsindən Agentliyə ayrılmış vəsaitlərin və toplanmış vergi gəlirlərinin göyə sovrulması. Hər iki istiqamət də milyard manat üzərində maliyyə axını ola, amma ortada heç bir xidmət olmaya. Belə Agentlik mütləq və mütləq işlək hala gətirilməlidir.
Kamran Mahmudov
"Turan" İA