Ramiz Mehdiyev açıq deyir: “Siz heç nəyi dəyişə bilməyəcəksiniz”

Ramiz Mehdiyev açıq deyir: “Siz heç nəyi dəyişə bilməyəcəksiniz”

08-09-2020 16:38 / Bu xəbər 4090 dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin AMEA-nın saytında dərc etdiyi məktub-müraciətlər cəmiyyəti Avropa liberal siyasətçisinə xas arqumentlə təəccübləndirir, halbuki R.Mehdiyev 49 il sovet və Azərbaycan avtoritarizminin ideoloqu olub. 

1972-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası "V.İ.Lenin millətçilik və opportunizm arasında qarşılıqlı əlaqələr haqda” adlanıb.2020-ci ilin avqustunda dərc olunan dörd məqalədə R.Mehdiyev Azərbaycan mətbuatını sərbəst düşüncənin olmamasına görə tənqid edir, Ermənistanın Azərbaycan cəmiyyətinin zəif tərəflərindən istifadə etmək niyyəti barədə xəbərdarlıq edir, inkişaf etmiş vətəndaş cəmiyyətinin vacibliyini bildirir və öz tənqidçilərinə məhkəmə təqibi barədə xəbərdarlıq edir.

R.Mehdiyev birbaşa öz vəzifəsi üzərində cəmləşə və AMEA-ya rəhbərlik edə bilər. Lakin o, fəal ictimai, demokratik xadim rolunda çıxış edir. Akademiya prezidentini 180 dərəcə qətiyyətlə dönməyə nə vadar etdi? Bu barədə R.Mehdiyevin fəaliyyətini araşdıran "Vətəndaş” Araşdırmalar və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova ilə müsahibədə.

***

- Pandemiyaya görə kütləvi tədbirlərə məlum qadağaya baxmayaraq, Novxanıda R.Mehdiyevin nəvəsinin atəşfəşanlıqla başa çatan toy günündə ölkədə digər toylar da keçirilirdi. Amma polisin, sonra isə  ictimaiyyətin diqqəti R.Mehdiyevin villasına yönəldi. O, qohumlarının qandallanmasından və bu formada xalqa nümayiş etdirilməsindən, digər toyların isə təşkilatçılarının cəzalandırılmamasından hiddətlənir. Sizcə, Ramiz Mehdiyevə hakimiyyət tərəfindən hücum var? Niyə?

- Həqiqətən həmin gün və ondan öncəki gün toylar, doğum günləri oldu. Ancaq R.Mehdiyev cəzalandırıldı. R.Mehdiyevin Prezident Administrasiyasının rəhbəri kimi yüksək vəzifədən azad edilməsi, idarəçilik səviyyəsində qərarların qəbulu prosesinə təsirinin azalması göstərir ki, uzun illər ərzində bu şəxsə münasibətdə yeni proses baş verir.
 
Lakin mən başqa məqamlara toxunmaq istərdim. R.Mehdiyevin nəvəsinin toyunda çəkilmiş və sosial şəbəkəyə ötürülmüş sonuncu videoyazıda onun kürəkəni sağlıq deyir və Mehdiyev klanını, kürəkən klanını, bu ailənin yeni qohumunun klanını qeyd edir, onların yüksəlməsində Mehdiyevin böyük önəminin olduğunu göstərir. Klanlar və qəbilələrə ayrılma siyasətini aparmaq çox təhlükəlidir. Təəssüf ki, bu düşüncə təkcə akademik Mehdiyevdə və onun ətrafında deyil. Belə ideologiyadan qurtulmağın ən asan yolu azad seçkilər və fikir azadlığıdır, müstəqil məhkəmələrin formalaşmasıdır. Hələlik Azərbaycan hakimiyyəti bunda maraqlı deyil.

- Ramiz Mehdiyev aktiv həyatı boyunca azad mətbuatı və jurnalistləri təqib edib. Onun tabeliyində cəza mexanizmi kimi istifadə olunan hüquq-mühafizə orqanları vardı. Və birdən avqust ayında o, jurnalistləri ikiüzlülükdə, həqiqəti söyləmək istəməməkdə günahlandırdı. Bunu necə anlamaq olar?

- KİV və sosial şəbəkələrdə Ramiz Mehdiyevin məlum bəyanatları ilə bağlı kifayət qədər fikirlər söylənilib. Öncə onun 2009 və 2014-cü illərdə dərc edilmiş geniş məqalələrinə nəzər salmaq istəyirəm. 2009-cu ildə hörmətli akademik yazıb: "Hazırda Azərbaycan KİV-in sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Bu gün Azərbaycanda 4 minə yaxın KİV qeydiyyata alınıb və ya  müvafiq dövlət orqanında uçota götürülüb. Ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radiokanal, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət göstərir. Lakin bununla yanaşı, "Sərhədsiz Reportyorlar” beynəlxalq təşkilatının "KİV azadlığı İndeksi”nə əsasən Azərbaycan 175 ölkə arasında 146-cı yeri tutub.

Digər maraqlı məqama diqqət yetirək: 2009-cu ilin müsahibəsində akademik deyib ki, "cəmiyyətdə liberal dəyərlərin, demokratikləşmə prosesinin dərinləşməsi, həmçinin fikir plüralizminin, söz və informasiya azadlığının gücləndirilməsi media qurumlarının müstəqilliyini, azad fəaliyyətini şərtləndirən vacib amillərə çevrilib”. 

O, liberalizmin nəticələri, rəngli inqilablarda demokratiya, "beşinci kolon”  və QHT-lər haqda yazır. Ramiz Mehdiyev Cin Şarpın (Gene Sharp) "Diktaturadan demokratiyaya” və "Qeyri-zorakı hərəkətlərin 198 üsulu” məqalələrindən nümunələr gətirərək bildirib ki, hakimiyyətin mənbəyi xalqdır, seçilmiş və ya keçid hakimiyyətlərinin yaradılması yolu ilə hakimiyyətin dəyişdirilməsi ideyası Qərbdə  "xaosla idarə olunan”, "xalqın üsyan etmək hüququ” hesab olunur. Mən akademikə Cin Şarpın 2016-cı ildə nəşr olunan "Vətəndaş müdafiəsi” kitabını oxumağı məsləhət görərdim.

R.Mehdiyev öz akademik məqaləsini istənilən hakimiyyətə qanuni kimi tabe olmağın vacibliyi ideyasının təbliğinə həsr edib və əsasını tabeçilik prinsipinin təşkil etdiyi İmanuel Kant fəlsəfəsini təbliğ edir. R.Mehdiyev o dövrün digər fəlsəfi cərəyanlarını müzakirə etmir. Bu gün isə öz əvvəlki fikirlərini unudaraq insan hüquqları, ədalət haqda yazır.

- R.Mehdiyev məqalədə Azərbaycanın inkişafında vətəndaş cəmiyyətinin rolundan bəhs edir. Bəs əvvəllər hakimiyyətin baş strukturuna rəhbərlik edərkən bu barədə nə deyirdi?

- Akademik son məqaləsində vətəndaş cəmiyyəti institutlarının rolunu qeyd edir. Onun 2014-cü ildəki çıxışını yenidən xatırlatmaq lazım gələcək. Həmin çıxışda o,  QHT-lərin fəaliyyətini məhdudlaşdıran qanunu tərifləyib. Müəllif məqalə boyu QHT-ləri "Amerika agenturası, korrupsiyalaşmış strukturlar, üsyan üçün alət, 5-ci kolon” adlandırıb, hətta qrantların alınması mexanizmini açıqlayıb.
 
Bəli, Azərbaycanda Amerika fondlarının əsas donoru USAID-dir. Eyni zamanda, USAİD layihələrin idarə olunmasının monitorinqini, qiymətləndirilməsini həyata keçirir. Bu təşkilat Azərbaycanda vətəndaş cəmiyyətinin yaradılmasında fövqəladə rol oynayıb. Biz deputatlardan, nazirlərdən, hakimiyyətdə olan adamlardan kimlərin NED, NDI, Soros fondlarından qrant aldığını unutmamışıq. Ona NDI Fondundan qrant alanı xatırlada bilərik.

Çox istərdim ki, ekspertlər akademikin çıxışını oxuyub təhlil etsinlər. Maraqlıdır ki, təkcə vəzifədən getdikdən sonra yox, müxtəlif vaxtlarda da Ramiz Mehdiyevin bəyanatları arasında böyük fikir ayrılıqları, ziddiyyətlər var. Mən Azərbaycanda baş verən bütün daxili siyasi prosesləri, Qarabağ məsələsində öz iradəsini ortaya qoymağı, hakimiyyət tərəfindən xalqın proseslərdən uzaqlaşdırılmasını, siyasi gərginliyin yaranmasını və bütün problemləri yalnız Ramiz Mehdiyevlə bağlamaq istəmirəm. Bu, bütün sistemin günahıdır. Ancaq akademik unutmamalıdır ki, o bu sistemin yaradıcısı olub.

- R. Mehdiyev AMEA-nın prezidenti olaraq siyasi məqalələrlə məşğul olmaya bilərdi, elmə rəhbərlik edə bilərdi. Lakin o, dörd məqalə dərc etdirməklə siyasətə fəal şəkildə qoşulur. Bu, onun nəyinə lazımdır?

- Ramiz Mehdiyev bu hakimiyyətin əsas sütunlarından biri olub. Onun dövlət idarəçiliyində, o cümlədən qərarların qəbulunda iştirakı xalqın seçimi deyil. Akademik əvvəlkitək öz komandasını idarə edir, parlamentdə çəkiyə sahibdir. Bu baxımdan məqalələr yazmaq və mühüm ictimai proseslərlə bağlı izahatlar vermək təbiidir. Çünki o, hələ də sistemin bir hissəsidir. Onun məlumatları xalqa ünvanlanmayıb. Onlar ölkə rəhbərliyinə, yeni komandaya ünvanlanır. Mehdiyev aydın şəkildə deyir ki, hakimiyyət onun qurduğu sistemdə köhnə qaydalar əsasında işləməlidir. "Siz heç nəyi dəyişə bilməzsiniz”, - Ramiz Mehdiyev onlara deyir.

Turan.az