Ramiz Mehdiyev məhkəmə qarşısında - Bu hüququndan məhrum edilə bilər

Ramiz Mehdiyev məhkəmə qarşısında - Bu hüququndan məhrum edilə bilər

29-03-2024 11:52 / Bu xəbər 569 dəfə oxundu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. 

"Qaynarinfo” xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. 

İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. 

Pərviz Muradov iş üzrə hakim təyin edilib. 

529.3-cü maddə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud İnzibati Xətalar Məcəlləsinin 353.2-ci (İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi) maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiqetmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi ilə bağlıdır. 

Bu maddədə inzibati xəta növü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur. 

Qanunvericiliyə görə, barəsində 529.3-cü maddə ilə protokol tərtib edilən şəxs bu barədə məlumatlandırılır. 

Daha sonra iş baxılması üçün məhkəməyə göndərilir. 

Ramiz Mehdiyevin ittiham olunduğu maddədən aydın olur ki, o, bundan əvvəl törətdiyi inzibati xətaya görə ona kəsilən cəriməni ödəməyib. 

Ramiz Mehdiyev 1995-2019-cu illərdə Prezident Adminstrasiyasının rəhbəri, 2019-2022-ci illərdə isə AMEA-nın prezidenti olub.